Valideynin xəsarət yetirdiyi müəllimin vəziyyəti açıqlandı

Valideynin xəsarət yetirdiyi müəllimin vəziyyəti açıqlandı
3 aprel tarixində Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib: "Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib", - məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb:

"Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideyinin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir" ,- qeyd olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az