Görkəmli xanəndə Səs Yazıları Arxivinə fonoalbom hədiyyə edib
Milli Arxiv İdarəsindən "Report"a verilən xəbərə görə, Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi albom 3 kitab, 4 diskdən və bunları yerləşdirməkdən ötrü yüksək zövqlə hazırlanan qutudan ibarətdir.
Birinci kitab "Ürək deyir yaşa hələ" adlanır. Burada ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın əsas hissəsi "Bəstəkar - xanəndə" adlanır və burada onun bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilib.
Ustad sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan "Təsniflər" və üçüncü kitabı isə "Mahnılar" adlanır. Həmin kitabların birində onun təsniflərinin not yazısı, digər kitabda isə mahnılarının not yazısı və mahnının mətni, sözlərinin müəllifi verilib.
Ümumiyyətlə, bu kitablarda bəstəkar - xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb. Sənətkarın dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul edilib və arxivin "Qızıl fondu"na daxil edilib.
Vətəninfo.az