Ya prezidentlər, ya da XİN rəhbərləri görüşəcək
"Apreldə işə düşən mexanizmin adı "torpaqların işğal azad edilməsidir”
Politoloq Elxan Şahinoğlu həmsədrlərin bölgəyə səfərini şərh edir
Prezidenti İlham Əliyev oktyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andriyeni və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı ilə görüşdən bir gün əvvəl mətbuat konfransı keçirən Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirmişdi ki, Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır və İlham Əliyevin Dağlıq Qarabağa status təklifini alqışlayırlar.
Qeyd edək ki, bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar baş verib. Bundan sonra durumun normallaşdırılması üçün münaqişənin dinc vasitələrlə tənizmlənməsi məqsədilə 1996-cı ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti aktiv fazaya keçib. Tərəflərlə danışıqlar aparılıb və 2016-cı il mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra hərbi əməliyyatlar dayandırılıb.
Həmsədrlərinin bölgəyə səfərlərinin məqsədləri
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. O qeyd edir ki, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır.
"Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər ki, vəziyyət nəzarət altındadır. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər.
Görüş Ermənistan hakimiyyətinə isə ona görə lazımdır ki, status-kvonu uzada bilsinlər. Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirmək fikri ilə yekunlaşdırdı. Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daima nəzarətdə saxlasın” .
"Prezidentlərin görüşü sual altındadır”
Politoloq qeyd edir ki, bu cür monitorinq Azərbaycan ordusunun işğalçını daima təzyiq altında saxlamasına ziddir. "Bunun nəticəsidir ki, apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki bu bizə lazım deyil. Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzunmasını təminat altına alır. Azərbaycan prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb. Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Minsk Qrupu həmsədrləri işğal atındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirirlər. Bu haqda ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilıməsi ilə şərtləndirilməsi münaqişənin "paket həllidir” ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfərlərlə imtina edib”.
"Həmsədrlər apreldəki döyüşlərin təkrarlanmaması üçün fəallaşıblar”
Elxan Şahinoğlunun fikrincə, həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, apreldəki döyüşlərin bir daha təkrarlanmaması üçün fəaldırlar.
"Onların bölgəyə səfərləri və prezidentəri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu Azərbaycanın məqsədinə tərs düşür. Danışıqlarda irəriləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə "torpaqların boşaldılmasından söhbət bele gedə bilməz” deyirlərsə, bu prosesə "yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyasıyla sadəcə hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Məşhur filmdə deyildiyi kimi "artıq düyməyə basılıb və mexanizm işə düşüb, bunun qarşısını kimsə ala bilməz”. İndi apreldə də düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı "torpaqların işğal azad edilməsidir” - deyə eklspet qeyd edir.
Miq.az