Yazıçılar oxucuların görüşünə gedir

Yazıçılar oxucuların görüşünə gedir

“Səyyar kitab” layihəsinin yeni sərgilərinin vaxtı və yeri açıqlandı.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Hədəf Nəşrlərinin birgə təşkil etdiyi kitab sərgi-yarmarkaları davam edir. Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində ilk sərgi martın 10-da Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunub. Növbəti sərgini qarşılayan qəsəbə isə Binə olacaq. Sərgi-yarmarka martın 29-da Binə Mədəniyyət Sarayının qarşısında baş tutacaq və 11-dən axşam 18-ə qədər davam edəcək.

Bundan başqa, “Səyyar kitab” sərgi-yarmarkası aprelin 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda da təşkil olunacaq. Həmçinin tədbir çərçivəsində detektiv yazarlar Elxan Elatlının "Seçilmiş cəza" və Müşfiq XANın "Sonuncu hədiyyə" adlı yeni romanlarının təqdimat və imza mərasimi olacaqdır. Oxucular saat 12-dən 14-ə qədər yazıçılarla görüşə biləcəklər.

Kitab sərgisinin məqsədi sakinlərin kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.

Sərgilərdə Bakı sakinləri həm Hədəf Nəşrlərinin, həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Sərgi-yarmarka çərçivəsində abituriyentlər və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da özlərinə faydalı olan test bankları və dərs vəsaitlərini ala biləcəklər.

Mindən çox adda müxtəlif kitabların qatıldığı sərgidə öz məhsulları ilə iştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsi ilə əlaqə saxlaya və sərgilər barədə ətraflı məlumat ala bilərlər. Sərgilərin növbəti məntəqələri barədə yaxın günlərdə  məlumat veriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az