Zabit şərəfi ilə şəhid olan kapitan

Zabit şərəfi ilə şəhid olan kapitan

Kapitan Cəlil Cavadov könüllü rəhbərlik etdiyi son dərəcə təhlükəli əməliyyatda əsgərləri ilə bir yerdə şəhid oldu

Hardansa oxumuşam ki, siyasətçilər, ədəbiyyatçılar, dindarlar və zabitlər xalqın ruhunu formalaşdırır, Vətən üçün ləyaqətlə yaşamağı öyrədirlər. Lakin zabitin bu üç tərbiyəçidən bir fərqi də ondadır ki, o, Vətən naminə necə ləyaqətlə ölməyi, şəhid olmağı öyrədir.
 

Bəlkə elə buna görədir ki, Azərbaycan Rusiya çarizminin əsarətinə düşdüyü gündən başlayaraq, sovetlər birliyi dağılana qədər millətimizin və xalqımızın içindən milli hərbi kadrların – zabitlərin yetişməsinə hər vəchlə mane olmağa çalışıblar. Bunu xalqımızın ünvanına söylədikləri ən müxtəlif çirkin fikirlərlə əsaslandırmağa çalışıblar. Çünki onlar yaxşı bilirdilər ki, zabit millətin və xalqın ümididir. Onsuz ordu yoxdur. Ordusuz dövlət yoxdur. Dövlətsiz isə millətin azadlığı, milli mənliyi, gələcəyi və kimliyi olmaz.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın işğalçı hücumları ilə qarşılaşanda, bu müstəmləkə siyasətinin ilk ağrı-acısını yaşamağa başladı. Peşəkar zabit heyətinin çatışmaması üzündən, Azərbaycan Milli Ordunun formalaşmasında ciddi problemlərlə qarşılaşdı. Könüllü batalyonlar yüksək döyüş ruhu nümayiş etdirsələr də, onlara qeyri-peşə sahiblərinin rəhbərlik etməsi, təkcə torpaqlarımızın itkisi ilə deyil, həm də minlərlə qəhrəman oğullarımızın şəhid olması ilə nəticələndi. . .

Bundan sonra Azərbaycan 30 il nə sülh, nə müharibə şəraitində yaşadı. Amma dövlətimiz və onun rəhbərləri ümidlərini ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatlara bağlayıb, nə vaxt erməni işğalında olan torpaqlarımızın qaytarılacağını gözləmədilər. Ümummilli lider Heydər Əliyev yaranan atəşkəsdən istifadə edərək Azərbaycanın Milli Ordusunun formalaşmasını sürətləndirməyə başladı. Ölkədə milli zabit korpusunun yetişdirilməsi üçün təxirəsalınmaz tədbirlər görüldü. Bundan sonra hakimiyyətə gələn Prezident İlham Əliyev nəinki xələfi ulu öndər Heydər Əliyevin ordu quruculuğu xəttini davam etdirdi, həm də ölkənin artan iqtisadi və maliyyə resurslarından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən müasir orduları səviyyəsinə qaldırmağı dövlətin prioritet siyasəti elan etdi. Bu siyasəti həyata keçirmək üçün isə ən vacib məsələlərdən biri yüksək ixtisaslı, bacarıqlı, hərb sənətinin incəliklərinə yiyələnən milli zabit korpusunun hazırlanması idi.

Aydın məsələdir ki, orduya silah vermək yetərli deyil, ona döyüşməyi öyrətmək lazımdır. Lakin silahdan atəş açmağı, tankı idarə etməyi öyrənmək də hələ döyüşməyi bacarmaq demək deyil. Müharibə aparmaq üçün orduya yüksək hazırlıqlı, döyüşməyi bacaran, cəsarətli, şərəfli və ləyaqətli zabitlər lazımdır. Zabitlər ordunun canı, onun döyüş qabiliyyətini özündə əks etdirən mayasıdır. Dövlətin və ölkənin müdafiəsi məhz belə zabitlərin üzərinə düşür.

Bütün bu gerçəklərin, çox da uzaq keçmişdə deyil, bir il əvvəl 44 günlük müharibədə bir daha şahidi olduq. Bu müharibədə qazanılan zəfərdə peşəkarlıqla döyüşməyi bacarmaqla yanaşı, cəsarətlə, son damla qanına qədər vuruşan zabitlərimizin böyük payı var. Döyüş bacarıqları, hərbiçi peşəkarlıqları, rəşadətləri ilə təkcə əsgərlərə deyil, elə gənc kursantlara da nümunə olan yüzlərlə zabitimiz Vətən yolunda şücaət göstərərək qəhrəmancasına şəhid oldular. Onların döyüş yolları illərlə yox, günlərlə hesablansa da, hər döyüşləri bir qərinəlik tarixə bərabər oldu. Bu qısa qəhrəmanlıq tarixində zabitlərimiz əsrlərlə xatırlanacaq şərəfli bir qalibiyyət yolu keçib Azərbaycan torpaqlarının toxunulmazlığını bütün dünyaya bəyan etdilər. Bəyan etdilər ki, bu torpaqlara bəd niyyətlə ayaq basan qarşısında onlar kimi yenilməz, mərd, Vətən uğrunda şərəflə həlak olan igid ərləri, qəhrəman oğulları görəcəklər. 

Azərbaycan Ordusunun qəhrəman kapitanı şəhid Cəlil Cavadov da bu, şərəfli zabitlərimizin sırasındadır. Bu yazıda 44 günlük müharibənin 32 günündə ən azı 32 qəhrəmanlıq göstərib zabit adını təsadüfən daşımadığını və bu adın şərəfini ləyaqətlə qoruduğunu tarixə yazan igidimizdən söz açacağam.

Kapitan Cəlil Ağaddin oğlu Cavadov 1989-cu il martın 29-da Lerik rayonunda ziyalı bir ailədə anadan olmuşdur. Atası, ali təhsilli hüquqşünas Ağaddin Cavadov Lerik rayonunun hörmətli kişilərindən idi. Rayon ictimaiyyəti arasında yüksək mədəniyyəti və əxlaqı ilə seçilirdi. Ailəsində uşaq dünyaya gələndən, ən böyük arzusu onlara ali təhsil vermək idi. Lakin Ağaddin kişiyə bu istəyini həyata keçirmək nəsib olmadı. Cəlilin 13 yaşı olanda o da, həyat yoldaşı da qəfil vəfat etdilər. Ailənin 3 oğul uşağı talehin amansız hökmü ilə valideynsiz böyüdü.

Cəlilin uşaqlıq illəri rayon mərkəzinə yaxınlıqda yerləşən Xəlifəkücə kəndində keçmişdi. Hər iki valideynini itirən yeniyetmə ömrün erkən vaxtlarından həyatın çətinlikləri ilə üz-üzə qalsa da, əzmkarlığı və qətiyyəti onu sınmağa qoymur. Cəlil nə həyatda, nə təhsildə heç kimdən geri qalmır. 
 

Orta təhsilini şəhid Zəfər Səfərov adına Lerik rayon Blaband kənd orta məktəbində alan Cəlil səkkizinci sinifdə, ailədə heç kimin gözləmədiyi bir vaxtda hərbiçi olmaqda qərarlı olduğunu söyləyir. Xarakterinə bələd olduqları üçün heç kim onu fikrindən daşındırmağa belə qalxmır. 2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirib yolunu Bakıya, C. Naxçıvanski adına hərbi liseyə salır. Müdavim kimi hərbi məktəbdə dərslərə başlayan yeniyetmənin ilk təəssüratları onu hərb sənəti ilə birdəfəlik bağlayır. Saatlarla liseyin əzəmətli binasında ayrı-ayrı tədris və təlim otaqlarında, laborotoriyalarda təhsil alan Cəlil bir saat belə dərsdən yayınmır.

2006-cı ildə liseyi müvəffəqiyyətlə bitirən Cəlil H. Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunur və motoatıcı ixtisası üzrə təhsilini davam etdirir. Dörd illik ali hərbi təhsil Cəlilin bir zabit kimi formalaşmasına və komandir kimi yetişməsinə öz töhfəsini verir. Amma ilk gündən müəllimləri həmişə deyirmişlər ki, Cəlilin öz içində də hərbiçi ruhu, zabit mənliyi var idi.

Təcrübəli və müdrik hərbiçilər nahaq demirlər ki, zabitin keyfiyyəti onun əslindən, nəslindən, tərbiyəsindən, təhsilindən, xidməti təcrübəsindən irəli gəlir. Cəlilin nəsil şəcərəsində hərbiçilər, zabitlər və hərbi xidmət keçmiş insanlar az deyildi. Onun bir dayısı – Aslan Canəli oğlu Hüseynov Azərbaycan Ordusunda xidmət etmiş, idarə rəisi olmuş və polkovnik rütbəsində ehtiyata göndərilmişdi. Digər bir dayısı I Qarabağ müharibəsinin ən qızğın vaxtlarında 4 il erməni işğalçılarına qarşı vuruşmuş, sonra Milli Ordumuzun sıralarında xidmət etmişdir. Əmisi oğlu Anar Cavadov hazırda ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantıdır. Qardaşı Cavid Cavadov isə 9 ildən artıqdır ki, hərbi aviasiya qoşunlarında baş gizir kimi xidmət edir. Ümumiyyətlə, Cəlilin böyüyüb, boya-başa çatdığı Xəlifəküçə kəndi rayonun nisbətən kiçik bir yaşayış məntəqəsi olsa da, bu yurddan hərbiçilər çox çıxıb. Bu da təsadüfi deyil. Kəndin tarixini yaşlı nəsildən eşidənlər deyirlər ki, Xəlifəküçədə yurd salıb oturanlar tarixən Şah İsmayıl Xətainin Qızılbaş tayfalarının nümayəndələridirlər. Əlbəttə, tarixdən və nəsildən genetik gələn döyüşçü ruhu Cəlilin bir peşəkar zabit kimi formalaşmasına təsir göstərməmiş deyildi.

2010-cu ildən başlayaraq Cəlil Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində bir il ixtisasartırma kursu keçir. Bundan dərhal sonra Ağdam ərazisində dislokasiya olunan "N” saylı hərbi hissəyə tağımkomandiri vəzifəsinə təyin edilir.

Cəlil zabit kimi xidmətə başlayanda bir daha əmin olur ki, zabit – müstəsna bir peşədir və bu müstəsnalıq zabitin şəxsi keyfiyyətlərinə verilən tələblərdə özünü daha aydın göstərir. Gündəlik fəaliyyətindən dərk etməyə başlayır ki, yüksək dərəcədə məsulliyyət, vətəndaş və şəxsi hüquq və azadlıqların məhdudiyyəti daim zabitin qəlbində ağır bir yük kimi asılır və ondan yüksək dərəcədə anlaşıqlıq və özünüməhdudlaşdırma tələb edir. Zabit peşəsi başqa ixtisas sahiblərinin heç zaman qarşılaşmadığı bir çox mərhumiyyətlərlə, narahatlıqlarla bağlıdır. Hər adam belə bir peşə yükünü çəkməyə qabil deyil.

Amma Cəlil bu peşəni seçdiyinə heç zaman peşiman olmur. Əksinə seçdiyi sənətin vurğunu kimi hərəkət edir və daha böyük sevgi ilə peşəkarlığını artırmağa başlayır. Başa düşür ki, zabitin komanda verməsi hələ onun əmr etməyi bacarması demək deyil. Komanda vermək o deməkdir ki, əmr etmək lazımdır, əmr etmək olar və hansı şəkildə əmr etmək lazımdır. Leytenant Cəlil Cavadov məhz bunu bacarırdı və elə buna görə də xidmətə başlayan ilk günlərdən tabeliyindəki əsgər və kiçik zabit heyətinin sevgisini qazanmağa başlamışdı.

Xidmət müddətinin dördüncü ilində –2014-cü ildə Cəlil baş-leytenant rütbəsi alır və bölük komandiri vəzifəsinə təyin olunur. İllər bir-birini əvəz etdikcə Cəlil bir zabit kimi daha da püxtələşir, təcrübəsi artır. Bir daha əmin olur ki, zabit peşəsi başqalarından daha çox istedad tələb edir. Çünki həm fiziki, həm mənəvi, həm də psixoloji cəhətdən bu peşə göründüyündən daha çətindir. Hətta sülh və əminamanlıq şəraitində belə bu peşə təhlükəlidir, çünki candan keçməyə, Vətən üçün ölməyə qədər yüksək fədəkarlıq tələb edir. Zabit korpusunun sıralarını tərk etmək isə hər hansı başqa bir ixtisasdan ayrılmaqdan olduqca çətindir.
 

Cəlil hətta Ali Hərbi Məktəbi bitirəndən sonra belə, hərb sənətinin sirlərinin dərinliklərinə baş vurmaq, müasir hərbi taktika və döyüş texnikasını öyrənmək üçün daim oxuyur və öyrənirdi. Qardaşı Cavid qısa məzuniyyət vaxtlarında belə Cəlilin hərbi ədəbiyyat oxuduğunu görəndə yarızarafat, yarıgerçək deyirdi: "Sən hələ də hərbi məktəbdə oxuyursan? Bəsdir oxudun da. . . "

Cəlil üzünü ona tutub bir qədər də ciddi baxışlarla deyərdi: "Hərbi məktəbdən çıxandan sonra öyrəndikləri ilə kifayətlənən zabit etibarlı zabit sayıla bilməz. Ətrafımızda hər şey elə sürətlə dəyişir ki, ən azından onlar haqqında universal təsəvvürə malik olmalısan. Yoxsa, çox çətin olar. Onu da nəzərə alsaq ki, bizim hələ qarşıda Qarabağ torpaqlarını azad etmək kimi müqəddəs bir savaşımız var, onda gərək ikiqat artıq öyrənək ki, düşməndən üstün olaq”. 

Beləcə Cəlil həm xidmət keçə-keçə, həm də müasir hərbin sirlərini öyrənə-öyrənə vəzifə pillələrində də addım-addım irəliləyirdi. 2016-cı ildə Bərdə rayonunda yerləşən "N” saylı hərbi hissədə qərargah bölüyünün komandiri, 2017-ci ildə Qazax rayonunda yerləşən hərbi hissədə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət edir. 2018-ci ildə isə Qaradağ rayonunun ərazisində yerləşən "N” saylı hərbi hissədə uçot əməliyyat bölməsinin rəisi vəzifəsinə təyinat alır. Gənc zabit harda çalışırsa, işindəki məsuliyyət və münasibətlərindəki səmimiyyət tabeçiliyində olan əsgərlərin, xidmət keçdiyi zabit həmkarlarının ehtiram və etimadına yol açır. Onlar həqiqətən Cəlili bir komandir kimi sevir və ona böyük hörmətlə yanaşırlar.

2020-ciilin martında baş leytenant Cəlil Cavadov Qusar rayonunda yerləşən "N” saylı hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin olunur. Bir aydan sonra isə komandanlığın əmri ilə ona kapitan rütbəsi verilir. Cəlilin kapitan rütbəsi alması onun tabordakı nüfuzunu daha da artırır. Buna qədər Cəlil artıq komandanlıq tərəfindən nümunəvi xidmətə görə bir neçə dəfə təltif edilir. Az bir vaxtda sinəsini III və II dərəcəli "Qüsursuz xidmətə görə”, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları bəzəyir.

Cəlilin komandir müavini olduğu taborda qrup rəhbəri, sonradan isə onun döyüş yoldaşı olan qazi, gizir Əskər Hüseynov onu belə xatırlayır: "Kapitan Cəlil Cavadov bizim hərbi hissəyə müharibə başlamamışdan 7-8 ay əvvəl gəlmişdi. Gəldiyi gündən də əsgər və zabit heyətinin qəlbinə yol tapa bildi. Çox sadə insan, qayğıkeş komandir idi. Əsgərlərlə və tabeçiliyində olan kiçik zabit heyəti ilə münasibətdə heç vaxt özünü yüksək tutmazdı. Elə bil sıravi əsgər idi. Hamı ilə eyni şəkildə səmimiyyət saxlayardı. Şəxsi heyətin hər bir üzvünə çox diqqətlə, ehtiramla yanaşardı. Bütün bunlarla yanaşı, həm də çox bilikli, öz işində prinsipial və tələbkar bir zabit kimi tanınmağa başladı...
 

Cəlil tabora gələndən bir neçə gün sonra bilmişdi ki, mən də Lerik rayonundanam. Ona görə çox tez isinişdik və dostlaşdıq. Çox zaman boş vaxtlarımızda bir yerdə olurduq. Bəzən nahar fasiləsində məni öz otağına çağırardı söhbətləşərdik, problemlərimizi, qayğılarımızı bölüşərdik. Cəlilin, həqiqətən, üstümüzdə əməyi çox olub. Mən beş il idi işləyirdim. O isə 15 il idi xidmət keçirdi. Fərq xidmət müddətində deyil, həm də zabit təcrübəsində böyük idi”.

2020-ci il sentyabrın 26-da Cəlil Bakıda qardaşının evində olan həyat yoldaşı Səidə Cavadovaya telefon açır: "Sabah Bakıya gəlirəm, –deyə gülə-gülə davam edir. – Bir yaxşı plov bişirin, ləvəngisi də olsun. Çoxdan ləvənginin dadına baxmamışam. Qardaşlarıma da söylə evdə olsunlar”.

Səidə xanım deyir: "Elə həmin gün evdə biş-düşə başladıq. Çox az-az evə gəlirdi deyə, onun gəlişinə ən çox sevdiyi yeməkləri hazırlayırdıq. Sentyabrın 27-də saat 11-də yenidən mənə telefon açdı. Güman edirdim Bakıdadır və evə bazarlıq üçün nə lazım olduğunu soruşacaq. Səsi çox şən gəlirdi. Dedi: "Daha gələsi olmadım. Müharibə başladı, biz cəbhəyə yola düşürük”. Bunu o qədər sevincək dedi, sanki şad xəbər verirdi. Elə bildim zarafat edir. Amma əvvəllər heç vaxt belə zarafat etmədiyini bildiyimdən, bu fikri tez də unutdum. Ürəyim əsməyə başladı, çox narahat oldum. Dedim, ehtiyatlı ol, özünü qoru. "Narahat olma” dedi, "dünənki uşaq deyiləm ki. Gör neçə ilin zabitiyəm, mənə heç nə olmaz”. Xudahafizləşib telefonu söndürdü”.

"Müharibə başlayan gündən Cəlillə, demək olar bütün döyüşlərdə bir yerdə olmuşuq, – deyə gizir Hüseynov söhbətə davam edir. – Cəbhənin ən ağır istiqamətində – Füzuli uğrunda gedən döyüşlərdə yüksək peşəkar döyüş zabiti və cəsarətli komanadir kimi özünü göstərdi. Artıq yüksək çinli zabitlər belə onunla hesablaşmağa başlamışdılar. Sonra Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdik.

Füzuli uğrunda döyüşlər zamanı taktika fərqli idi, Lakin Xocavənd ərazisinə keçəndə, xüsusilə Şuşa və Xankəndi ətrafinda artıq taktika dəyişdi. Komandanlıqdan gələn göstərişə əsasən tabor qruplara ayrıldı və tabor komandirinin müavinləri ayrı-ayrı qruplara rəhbər təyin olundular. Məsələn, 15-20 nəfərlik qrupa tabor komandirinin müavinlərindən biri şəxsən rəhbərlik edirdi. Artıq bölük və tağım komandirləri deyil, tabor komandirinin müavinlərinin komandanlığı altında qruplar şəklində hücuma keçib döyüşə girirdik.

Hər briqadanın, hər bölüyün tapşırığı olduğu kimi, hər qrupun da öz tapşırığı vardı. Hər bölükdən iki qrup çıxırdı və onlardan biri əsas qrup sayılırdı. Əsas qrupda könüllü tapşırığa çıxan əsgərlər olurdu, qalan bölük üzvləri ehtiyat qrupda qalırdılar. Kapitan Cavadov bizim olduğumuz əsas qrupa rəhbərlik edirdi”.

Cəsur kapitanın döyüş yolu, həqiqətən fəxarət doğurur. O, döyüşlərin ən gərgin məqamlarında lazım gələn vaxtda hücum xəttinin ən ağır mövqelərinə göndərilər və əsgərlərin ön sırasında böyük cəsarətlə döyüşə atılırdı. Cəlili bir zabit kimi əsgərlərinə sevdirən də elə bu xarakteri idi.
 

Sağından və solundan sıçrayıb keçən qəlpələrə, güllələrə məhəl qoymadan özünü yaralı əsgərinə çatdırar və onu böyük risk hesabına atəş altından çıxarardı. Düşmən artilleriyasının aramsız atəş səslərindən və həndəvərlərində partlayan mərmilərin gurultusundan panikaya düşən və həyəcan keçirən əsgərlərin yanındaca səngərə girib döyüşə qoşulduğu və şəxsi heyəti ruhlandırdığı da az olmamışdı. Gəldiyindən heç bir neçə dəqiqə keçməmiş hər şey dəyişir və əsgərlərin döyüş əzmi və ruhu yüksəlirdi.

Döyüş yoldaşlarından biri kapitan Cavadovun rəhbərliyi altında növbəti döyüş tapşırığını necə yerinə yetirdiklərini belə xatırlayır: "Taborun Füzuli istiqamətindəki döyüşlərinin birində tapşırıq almışdıq ki, düşmənin cinahlardakı strateji yüksəkliklərini ələ keçirib döyüş xəttini genişləndirməyə imkan qazanaq. Bu son dərəcə amansız bir döyüş idi. Təslim olmaq istəməyən düşmən döyüş mövqelərimizi ağır artilleriyadan və minaatanlardan atəşə tutur, ordumuzun döyüş hissələrinin irəliləməsinin qarşısını almağa çalışırdılar. 

Kapitan Cavadov hücuma keçməmişdən əvvəl özü binoklu götürüb ətrafdakı relyefi diqqətlə müşahidə edir, xəritədə qeydlər aparırdı. İşini qurtarıb qrupu ətrafına topladı. Hər birimizin tapşırığının nədən ibarət olduğunu konkret və qısaca izah etdi. Bir saatdan sonra hücuma keçdik. Düşmən dirəniş göstərir, bir addım belə geri çəkilmək istəmirdi. Bu məqamda kapitanın tapşırığı ilə xəlvəti yollarla gedərək düşmən gözündən yayınan döyüşçülərimizin bir neçəsi düz onların mövqeyinin 15-20 metrliyində göründülər. Hamısı eyni vaxtda bir andaca əl qumbaralarını istehkalmlara atdılar. Komandir də elə bunu gözləyirmiş. Dərhal taborumuzun əsgərlərini hücuma qaldırdı. Qarşıya qoyulan tapşırığı kapitan Cavadovun taktiki planı ilə uğurla yerinə yetirə bildik”.

"Bu müstəsna hal deyildi, – deyə Əsgər komandiri haqqında ilahi bir vurğunluqla söhbəti davam etdirir. – Mən bəlkə onlarla belə döyüş səhnəsini xatırlaya bilərəm ki, kapitan Cəavadov onların hər birində necə hərbi strateq olduğunu nümayiş etdirmişdi. Döyüş gedərkən kapitan çox qətiyyətli hərəkət edər, döyüş şəraitini əla hiss edər, həmişə də vaxtında və düzgün qərar qəbul edərdi. Arxada qoyduğumuz bu bir ildə elə gün olmayıb, mən belə bir komandirin adi bir döyüşdə həlak ola bilməyəcəyini özüm-özümə xatırlatmayım. Onun döyüş qabiliyyətinə o qədər inanırdım ki, deyirdim əgər hamı ona qarşı olsa belə, o, vəziyyətdən çıxış yolu tapıb sağ çıxacaq və növbəti döyüşə atılacaq. Onun qrupunda olanların, hətta taborun bütün şəxsi heyətinin hamısı belə düşünürdü. Ona görə də hamı onun arxasınca cəsarətlə, arxayıncasına gedir və inanırdılar ki, istənilən şəraitdə kapitan Cavadova etibar etmək olar. Neçə dəfə o, bizi ağır döyüşlərdən, hətta mühasirədən belə çıxarıb. Bu mənada əlbəttə, çoxları indi həyatda olduqlarına görə kapitan Cavadova minnətdardırlar”.

Onu tanıyan hərbiçilər deyirlər ki, müharibədə döyüş təcrübəsi az olsa da, zabit kimi dərin hərbi biliyi, təşəbbüskarlığı və təşkilatçılıq istedadı var idi. İstənilən məqamda hər şeyi duya və nə baş verə biləcəyini qabaqcadan hiss edə bilirdi, əsgər və zabitlərinə son dərəcə inanırdı. Ona görə də 82 və 120 saylı hərbi hissənin şəxsi heyətini də Cəlil eynən bu zabit həssaslığı ilə mühasirədən çıxara bilmiş və şəxsi heyətin itkilərini minimuma endirmişdi.

Gizir Əskər Hüseynov deyir: "Kapitan Cavadov çox cəsarətlə döyüşürdü. Onun 44 günlük müharibədə 32 günlük döyüşü mənim gözlərim qarşısında keçib. Taborumuzda ən çətin və mürəkkəb tapşırıqların öhdəsindən uğurla gələn zabitlərimizdən biri idi. Ən mürəkkəb əməliyyat tapşırığını üzərinə götürər, onu uğurla yerinə yetirərdi. Döyüş zamanı hamıdan öndə gedər, çalışardı ki, əsas diqqəti özünə çəksin. Son döyüşünə qədər onun rəhbərlik etdiyi əməliyyatda qrupumuz, demək olar ki, itki verməmişdi.

Döyüş bölgəsi çoxlarımızın bələd olmadığı, relyefinə görə çətin bir yer idi. Bəxtimiz onda gətirmişdi ki, Cəlil xəritəni çox yaxşı bilirdi. Xəritələr köhnə dövrün xəritələri olsa da, komandir, belə demək mümkünsə, bu xəritələri yaxşı oxuyurdu. Yəni ötən əsrin 80-ci illərinin xəritələri olsa da, dağlar, meşələr, ərazilərdəki kəndlərin dağıntıları qalırdı. Bizim qrup irəliləyəndə Cəlil şəxsi heyəti təhlükəsiz cığırlarla aparmağı, qəfil düşmən üzərinə atılmaqla daha az itkilər verməyi bacarırdı. Hansı məqamda hansı komandanı verməyi usta komandir kimi hiss edirdi. Bəzən mənə elə gəlirdi ki, Cəlil bir dəfə Qarabağ müharibəsində iştirak edib və buralarda döyüşüb, ona görə buranı belə yaxşı tanıyır.

Əməliyyat tapşırığına gözüyumulu əməl etmirdi. Real şəraiti öyrənir, kəşfiyyat məlumatlarını tutuşdurur, döyüşdən əvvəl özü müşahidələr aparır və ancaq bundan sonra qərar verirdi. Komandir kimi son dərəcə məsuliyyətli və cəsur idi. Amma bu cəsurluğu da soyuqqanlı və məntiqli idi. Bilirdi ki, düşünülməmiş hər bir əmr əsgərlərini təhlükə ilə üz-üzə qoya bilər. Ona görə də son əməliyyat tapşırığına qədər, bizim qrup Cəlil Cavadovun rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirib”.

Əskər komandirinin onları və çox sayda canlı qüvvəmizi necə böyük cəsarətlə mühasirədən xilas etdiyini də danışdı: "Hadrutun dörd yol ayrıcında düşmən bizim çoxlu canlı qüvvəmizi mühasirəyə salmışdı. Kapitan Cəlil Cavadov böyük fədəkarlıqla taborun böyük bir qismini mühasirədən çıxartdı.

82 və 120 saylı hərbi hissənin şəxsi heyətinin 18 nəfərini mən, qrupumuzun 4 üzvü – Bəhram və İman qardaşları, bir də digər iki əsgərimlə birlikdə mühasirədən çıxarmağa müvəffəq olduq. Cəlil isə taborun 60 dan çox döyüşçüsünü mühasirədən xilas etdi. Doğrudur, həmin döyüşdə şəhid və yaralananlarımız oldu, amma kapitan Cavadov olmasa, onların sayı iki-üç qat çox ola bilərdi.

Bizim döyüş apardığımız yerlər əsasən dağlıq ərazilər və meşə massivləri idi. Xüsusilə də düşmən bir çox strateji yüksəkliklərdə oturub müdafiə olunurdu. Onlara qarşı hücum əməliyyatı aparmaq çətin idi və itkisiz ötüşmürdü. Komandir Cəlil Cavadov ucqar daş rayonu olan Lerikdə boya-başa çatdığından, belə relyefdə döyüş aparmaq onun üçün problem yaratmırdı. O şəraiti daha yaxşı qiymətləndirir və ərazidəki təbii istehkamlardan – daşlardan, qayalardan, çökəklərdən, dərələrdən istifadə etməyi bacarırdı. Çox vaxt da heç nədən çəkinmədən məsuliyyəti öz üzərinə götürüb, düşmənin ağlına belə gəlməyən sərt, başqalarına keçilməz görünən qayalıqlardan, meşələrdən hücum planlaşdırırdı və əməliyyatı da uğurla başa çatdırırdı”.

Əskərin bu fikirlərindən sonra tarixdən oxuduğum çox maraqlı bir hadisə yadıma düşdü. Rusiya ilə Prussiya arasında baş vermiş Yeddiillik müharibə zamanı kral Fridrix Zorndorf döyüşündə icazə istəmədən, öz süvari korpusu ilə döyüşə atılan Prussiya ordusunun qəhrəman sərkərdəsi general Vilhelm Zeydlitsin başına sərt şəkildə qışqırır. Sərkərdə ona cavab olaraq deyir: "Döyüşdən sonra başım kralın ixtiyarındadır, amma qoy döyüşdə ondan istifadə etməyə kral mənə imkan versin”. General döyüşdən qalib ayrılır və rus ordusunun həmləsini vaxtında dəf edib, onları geri oturdur. Tanınmış sərkərdənin bu ölməz sözləri sanki kapitan Cəlil Cavadov kimi zabitlər üçün deyilib. Ona görə də məşhur sərkərdələr deyirlər ki, zabit məsuliyyətdən qorxmamalı, əksinə məsuliyyəti sevməlidir. Çünki məsuliyyət və təşəbbüs qol-qola gedir. Zabitdə onlar ayrılmaz olmalıdır. Kapitan Cavadovda məhz bu keyfiyyətlər yüksək səviyyədə birləşirdi...

On gündən artıq davam edən üzücü döyüşlərdən sonra kapitan Cavadovun qərargah rəisi olduğu tabora dincəlmək və yeni döyüş əməliyyatına hazırlaşmaq üçün vaxt verilmişdi. Həmin gün Cəlilin qardaşları imkan tapıb özlərini ona çatdıra bilmişdilər. Kapitan Cavadovun qardaşı baş gizir Cavid Cavadov həmin görüşü təbəssümlə xatırlayaraq deyir: "Cəllillə son görüşümüz oktyabrın 17-də oldu. Kiçiq qardaşım mənə zəng vurub bildirdi ki, Cəlillə danışdım, deyir "bizi qısa müddətə istirahətə saxlayıblar”. Sonra bildik ki, bu istirahət olmayıb. Sadəcə Füzulidə çox çətin bir mövqe varimiş, hazırlaşıb onu almalıymışlar. Bu düşmənlərin 3 xətdən ibarət olan və beton bunkerlərlə möhkəmləndirilmiş mövqeləri idi. Onlar Cəbrayıl istiqamətindən düşmənin arxasına keçib bu mövqelərə hücuma hazırlaşırdılar. 
 

Cəlilin yanına getməyə hazırlaşanda ona nə aparacağımızı düşündük. Birdən xatırladım ki, o həmişə məzuniyyətdən qayıdanda əsgərlər üçün müxtəlif şirniyyat, meyvə, siqaret alıb aparardı. Biz də eynən o hazırlığı tutub getdik. Xarakterinə bələd olduğum üçün ayrılanda dönə-dönə tapşırdım ki, ehtiyatlı ol, özünü də, əsgərlərini də qoru. Üzümə baxıb gülə-gülə dedi: "Darıxma, daha bir şey qalmayıb. Düşməni sındırmışıq”. Beləcə xudahafisləşdik və görüşmək ümidi ilə ayrıldıq.

Sonra bir neçə dəfə çox qısa telefon danışığımız oldu. "Qardaş narahat olma, paytaxta yaxınlaşırıq. İnşaallah ordan rahat danışarıq”, deyirdi. Paytaxt Şuşaya deyirdi. Şuşaya qalib zabit kimi daxil olmaq ən böyük arzusu idi…”

. . . Qırmızı bazar yüksəkliklərində bir neçə yerdə düşmənin yerləşdiyi strateji mövqeləri ələ keçirmək lazım idi. Şuşaya hücum planını uğurla həyata keçirmək üçün bu mövqeləri düşməndən təmizləmək çox mühüm əhəmiyyət kəsb edirdi. Son dərəcə vacib tapşırıq hesab edilməklə yanaşı, həm də son dərəcə təhlükəli əməliyyat idi. Bura təcrübəli və dağlıq ərazilərdə yetərincə döyüş taktikasını bilən zabit və əsgələr lazım idi.

Əməliyyatın iştirakçısı olan və qrupun sağ qalan yeganə döyüşçüsü gizir Əsgər Hüseynov deyir: "Hərbi hissəmiz sıx bir meşəlikdə mövqe seçmişdi. Oktyabrın 27-də sübh tezdən hərbi hissə komandirinin müavini bizi topladı və əməliyyat tapşırığını açıqladı. Taborun üç qrupundan hər birinə Xocavənd rayonunun Cütçü kəndi ərazisindəki Üç təpə deyilən starateji yüksəkliyi, nəyin bahasına olur-olsun, ələ keçirmək və orada möhkəmlənmək lazım idi.

Danışığından bəlli olurdu ki, hərbi hissə komandirinin müavini tapşırığın çox mürəkkəb və çətin olduğunu özü də bilir. Çünki bundan əvvəl hərbi hissə komandanlığı tapşırığa çıxan qrupa rəhbərlik edəcək zabiti özü seçib təyin edirdi. Bu döyüş tapşırığına gedən qrupu müəyyənləşdirəndə isə zabitlərə üzünü tutub dedi: "Zabitlərdən biri könüllü çıxıb qrupa rəhbərlik etsin”. Buna qədər biz nə hissə komandirindən, nə də onun müavinlərindən belə şey eşitmişdik.

Hiss etdik ki, bu bizim hər birimiz üçün sonuncu döyüş ola bilər. Çünki bir var əvvəlcədən təmizlənmiş bir ərazi ola, düşmən yenidən ora soxulmasın deyə, oranı müdafiə etməyə təyinat alasan və gedib oranı qoruyasan. Bir də var çox yüksəklikdə yerləşən mühüm strateji bir mövqeyi ələ keçirmək üçün tapşırıq alasan və bu zaman komandir zabitlərə könüllü seçim etməyi həvalə etsin. Anlaşıldı ki, bu asan döyüş tapşırığı olmayacaq. Çox keçmədən aydın oldu ki, bu, həqiqətən çox mürəkkəb döyüş tapşırığı imiş.

Yenə kapitan Cavadov irəli çıxdı və mənim başçılıq etdiyim qrupa rəhbərliyi öz üzərinə götürdü. Buna bir az arxayınlaşdım. Bu da səbəbsiz deyildi. 44 günlük müharibədə döyüşdüyüm 32 gündə çox komandirlərlə qarşılaşmış və onların necə döyüşdüyünün şahidi olmuşam. Kapitan Cavadovdan çox ürəyimə yatan zabit olmayıb. Çünki Cəlil komandir kimi son dərəcə həssas idi. Ətrafdakı ən adi əşyalara, xırda detallara, eşidilən səsə, ağacların tərpənməsinə belə diqqət yetirər, anında reaksiya verərdi. Əsgərlərdən, lap elə bizim kimi gizirlərdən fərqli olaraq bütün şəxsi heyət üçün cavabdehlik daşıdığını dərk edirdi. Bir sözlə, əsl peşəkar zabit idi və məni də arxayın salan bu idi”.

Qruplar müəyyən məntəqəyə qədər yolu avtomobillə qət etdikdən sonra piyada yürüşə başlayırlar. Vəziyyətə və şəraitə uyğun olaraq gah gecə, gah da gündüz, iki gün yol qət edib, üçüncü gün səhər tapşırılan yüksəkliklərin ətəklərinə yaxınlaşırlar.

"Günorta saat 13-14 radələri olardı, – deyə, Əskər Hüseynov həmin faciəli günü detalları ilə xatırlamağa çalışır. – Meşə massivindən xeyli uzaqlaşmışdıq. Açıq bir sahəyə çıxdıq. Ətrafda daldalanmağa bir yer görünmürdü. Cəlil nəsə şübhəli-şübhəli çevik hərəkətlə ətrafı nəzərdən keçirirdi. Sən demə düşmən bizi meşədən çıxandan izləyirmiş. Cəlil nəsə demək istəyirdi ki, üç tərəfdən bizi avtomat silahlardan güllə yağışına tutdular. Düşmən üçün asan bir hədəfə çevrilmişdik…”

Kapitan Cavadov adama çıxılmaz vəziyyət kimi görünən şəraitdən belə çıxış yolu tapmağı bacarırdı. Belə məqamlarda o heç vaxt ayıqlığı itirməz və ətrafdakı şəraiti bir göz qırpımında qiymətləndirdikdən sonra öz qərarını verər və hər bir əsgərin tapşırığının nədən ibarət olacağını dəqiqliklə izah edərdi. Amma bu dəfə düşmən məkrli tərpənmiş, kapitan Cəlilovun qrupunu tam açıq bir əraziyə qədər izləyərək pusquya salmışdı. Yüksəkdə mövqe tutan düşmən canlı qüvvə baxımından da 4-5 dəfə onlardan üstün idi.

Qrup qəfil pusquya düşdüyündən və ilk yaralananlardan biri də Cəlil olduğundan çıxış yolu aramaq üçün ani bir məqam belə tapılmadı. Əslində düşmənin bu yaxın ərazidə onları gözləyə biləcəyi və pusquya sala biləcəyi çox müəmmalı idi. Kapitan Cavadovun qrupu anlaşılmaz şəkildə, hərbi dillə desək, torbaya düşmüşdü. Komandir ilk güllə yarasının şokundan ayılanda bunu başa düşsə də artıq gec idi. Düşmənin böyük üstünlüyü və mövqe fərqi açıq aydın vəziyyətin qeyri-bərabər olduğunu göstərsə də döyüşə girməkdən başqa çıxış yolu yox idi. Belə vəziyyətdə bu, ən doğru və ləyaqətli qərar idi.

Əskər Hüseynov: "Kapitan Cəlil Cavadov hələ yaralı idi. Əslən lerikdən olan İman və Bəhram qardaşları isə artıq şəhid olmuşdular. Könüllülər və daimi heyətdən olanlardan da şəhid olanlar var idi…”

Düşmən təkcə yüngül avtomat silahlardan deyil, iri çaplı pulemyot və snayperlərdən də dayanmadan atəş açırdı. Cəlilin qrupu düşmən üçün əl içi kimi açıqda idi. Atəşdən qorunmaq üçün daldalanmağa münasib mövqe seçmək belə mümkün deyildi. Sağ qalan qrup üzvləri komandirin başını qaldırdığını və döyüşə qoşulduğunu görüb sanki yeni bir qüvvə topladılar. 14 nəfərlik qrup 3 saata yaxın böyük düşmən qüvvəsilə qeyri-bərabər döyüş apardı. Sona yaxın atəş səsləri səngiməyə başlayırdı. Kapitan artıq bir neçə güllə yarası almışdı. Çoxlu qan itirdiyindən vəziyyəti çox ağır idi. Silahlar susandan bir neçə dəqiqə keçməmiş Cəlil özünə gəldi. Çətinliklə ətrafa göz gəzdirib əsgərlərini axtardı. Gözünə sağ qalan dəymirdi. Bir saata yaxın vaxt keçəndən sonra düşmənlərin danışıq səsləri gəlməyə başladı. Səslər getdikcə yaxınlaşırdı. 

Gizir Əskər Hüseynov: "Kapitanın tərpəndiyini görüb ona tərəf sürünmək istədim. Tərpənməyə taqətim qalmamışdı. Bir də cəhd etdim. Bu məqamda Cəlil avtomata dirənib ayağa qalxdı. Avtomatı qarşıdan gələn 9 erməni döyüşçüsünə tuşlamaq istəyəndə, əks tərəfdən aramsız atəş açıldı. . . "

. . . Kapitan Cavadov son nəfəsində də zabit şərəfini qorumaq üçün əlində silah beləcə şəhid olur. Cəsur zabit şəhidliyi ilə də göstərir ki, o, bir zabit kimi son nəfəsinə, son damla qanına və son düşüncəsinə qədər Vətəninə sadiqdir. Bax, budur ləyaqətlə yaşamaq, ləyaqətlə xidmət etmək və ləyaqətlə ölmək. Bu yerdə müdrik Senekanın məşhur kəlamı yadıma düşdü: "Ləyaqətlə ölmək, ləyaqətsiz ölmək təhlükəsindən xilas olmaq deməkdir”. Cəlilin ölümünü, istəsən də başqa cür təsəvvür etmək mükün deyildi. O, çoxdan, lap çoxdan, heç zabit olmamışdan, Qarabağ savaşına getməyi qətiləşdirdiyi gündən, buna hazırlaşırdı. Ona görə də son nəfəsində belə ayağa qalxdı və əlində düşmənə tuşladığı silahı ilə şəhid oldu. Kapitan bununla təkcə zabit şərəfini, ləyaqətini qorumadı, həm də Vətən qarşısında öz müqəddəs borcuna sədaqətini nümayiş etdirərək şəhid oldu. Belə ləyaqətli ölümü ilə də Cəlil düşmənə bildirdi ki, ruhumuzla da olsa, bu torpaq uğrunda döyüşəcək və onun azadlığını qanımızla, canımızla qazanacağıq.
 

"Cəlil dünyanın heç nəyində tamahı olmayan bir zabit idi, – deyə Əskər dərindən ah çəkib söhbətimizin sonuna yaxınlaşır. – Ən böyük istəyi övladının olması idi. 5 il idi ki, evli idi, amma uşaqları olmurdu. Bu onu çox üzürdü. İkimiz bir yerdə olanda bu mövzuda çox dərdləşərdi mənimlə. Hayıf onu çox vaxtsız itirdik. Mən inanıram ki, o, gələcəkdə karyerasında çox böyük zirvələri fəth edə bilərdi”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərncamları ilə, keçdiyi şərəfli döyüş yoluna görə kapitan Cəlil Ağaddin oğlu Cavadov ölümündən sonra "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilin xidmətlərinə verilən bu qiymət, şübhəsiz, zabitin yaxınları, qohumları, tanışları üçün böyük bir təsəllidir. Təqdirəlayiqdir.

Amma inanın ki, Cəlil zabit peşəsini şöhrət üçün seçməmişdi. Şöhrət özü onun döyüş yolunun çələnginə çevrildi. O bilirdi ki, komandir həqiqi komandirdisə onun arxasınca nəinki döyüşə, göz yummadan ölümə getməlidirlər. Komandir Cavadov ölümdən qorxmadan birinci özü ona qarşı getdi, sonra əsgərləri. Bu ölümü ilə artıq əlçatmaz bir zirvəni fəth etdi. Zabit üçün bundan uca zirvə ola bilərdimi?! Kapitan Vətəni üçün, kimlərinsə hər şeydən əziz bildiyi candan keçmişdi. Bunu zabit şərəfi tələb edirdi. Bu şərəfin heç bir kitabda yazılmayan qanunu tələb edirdi. Bu şərəf naminə şəhid olan təkcə Cəlil olmadı. Yüzlərlə qəhrəman zabitimiz fədakarlıq və böyük sevgi ilə bu yolun könüllü yolçuları olub, şöhrətin əbədi zirvəsinə ucaldılar.

İstərdim Qarabağa – Ağdama, Füzuliyə, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Cəbrayıla və nəhayət, Şuşaya çəkilən Zəfər yollarının qovuşduğu ən möhtəşəm zirvədə kapitan Cəlil Cavadov kimi cəsur və ləyaqətli zabitlərimizə ölkəmizin hər yerindən görünəcək əzəmətli bir abidə qoyulsun. Lap elə Fermopil yaxınlığında qeyri- bərabər döyüşdə həlak olan spartalılar üçün qoyulmuş abidə kimi bənzərsiz bir daş yaddaşı. Spartalıların abidəsi üzərində yazılan aşağadakı sözlərə bənzər sözlər də yazılsın: "Yolçu, əgər Spartaya getsən, orda xəbər ver ki, sən burada, bizim Qanunun tələb etdiyi kimi həlak olduğumuzu gördün... ”

İlqar RÜSTƏMOV



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az