Özbək yazıçısı “Hisslərin dadı”ndan yazdı - EKSKLÜZİV

Özbək yazıçısı “Hisslərin dadı”ndan yazdı - EKSKLÜZİV

Vətəninfo.az maraqlı bir qonaqla oxucuların görüşünə gəlib. Bu, özbək yazıçısı, gözəl xanım, fəlsəfi düşüncəli, həyat eşqi ilə dolu, nəcib əməllərə xidmət edən Ruşana İ.-dir. Ruşana xanım haqqında “Kitabçı” dərgisində gedən qısa informasiyadan sonra xanımla çətinliklə də olsa əlaqə saxlaya bildik. Dövri mətbuatda ilk dəfə olaraq yaradıcılığı ilə bağlı ətraflı  bizə danışdı. Qələmə aldığı “Hisslərin dadı” romanı haqqında və Özbəkistan-Azərbaycan mədəni əlaqələrindən, Novruz bayramının oxşar və fərqli cəhətlərindən nəql etdi:

“Hər kəs öz həyatının rejissorudur və insanın taleyi onun öz əlindədir. Qələmə aldığım “Hisslərin dadı” romanı tezliklə işıq üzü görəcək. Roman azərbaycan və türk dilində oxuculara təqdim olunacaq. Bu kitab mən deyərdim ki, bütün hisslərin toplumudur. Mən səyahəti sevən bir xanımam.

Bir çox xarici dövlətlərdə olmuşam, insanlarla görüşmüşəm, bütün bu təəssüratları qələm təxəyyülümdəm keçirərək oxucuya çatdırmağa çalışmışam. Həyat gözəldir. Gərək onu yaşamağı bacarasan. İnsan ən çətin anında belə özündə güc tapmalı, aciq olmamalıdır. İnsan hər zaman qarşısına qoyduğu məqsədə nail olmaq üçün mübarizə aparmalıdır.

Mübarizə qələbəyə gedən yolun başlanğıcıdır. Artıq 2011-ci ilin sonundan Azərbaycandayam. Azərbaycan mənim sevdiyim bir məmləkətdir. Burada özümə qarşı diqqət və qayğı hiss edirəm və bu mənə digər kitablarımı yazmaqda stimul verir. O ki qaldı Novruz bayramı ilə bağlı, onu qeyd etmək istərdim ki, bizdə mart ayımım 10-dan 21-dək sumələk bişirirlər. Bu buğdadan hazırlanır, bir sutkaya başa gəlir.

Gənclər niyyət tutaraq sumələyin içinə xırda daşlar atırlar. Sumələk hazır olub qablara çəkiləndə həmin daş kimin qabına düşəcəksə, onun niyyəti çin olacaq. Bizdə səməni yoxdur. Əsasən dorbazlar ipin üzərində rəqs edirlər, kərnəy-surnəylər çalınır. Bizdə papaq atmaq yoxdur. Novruz bayramını çox sevirəm. Ona görə də istər Azərbaycanın milli geyimində, istərsə də Özbəkistanın milli geyimində fotosessiyalar etdirmişəm.

Özbəkistan-Azərbaycan əlaqələri zəngindir. Həm Özbəkistanı, həm də Azərbaycanı varlığım qədər sevirəm, Azərbaycan muğamının vurğunuyam. Növbəti kitabım isə “Kişi ağlamasın dünyada” adlanacaq. İstəməzdim ki, kişilər göz yaşı axıtsın. “Hisslərin dadı” romanımın təqdimatı Azərbaycanda olacaq”.

Biz də Ruşana xanıma yaradıcılıq uğurları arzulayırıq.

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az