Borçalı İctimai Birliyinin Gənclər Təşkilatının sədri Alı Adgözəlin “Vətəninfo.az”a müsahibəsi:
- Alı bəy, ilk sualımıza ondan başlayaq ki, rəhbəri olduğunuz Borçalı Gənclər Təşkilatı bu günə kimi hansı işləri görüb?
- Ümumiyyətlə,Biz Gənclər Təşkilatı kimi fəaliyyətə 2010-cu ilin fevral ayından başladıq. Və artıq 2 ildir ki, fəaliyyət göstəririk.Bu illər ərzində ən böyük uğurlarımızdan biri gənclərimizi bir təşkilat ətrafında toplaya bilməyimizdir. Təbii ki, təşkilatlanma sahəsində ələdə etdiyimiz uğur fəaliyyətimizdə də öz müsbət təsirini göstərdi. Bu illər ərzində həyata keçirdiyimiz işləri bir-bir sadalasam müsahibəmiz daha çox xronologiya xarakteri alar, bundan qaçmaq üçün sadəcə əsas fəaliyyət istiqamətlərimizi qeyd edəcəyəm. Gənclər Təşkilatı olaraq əsas fəaliyyət istiqamətlərimiz bunlardır:
-Strukturlaşma;
-problemlərin aşkar olunması,təhlili və çeşidlənməsi;
-mövcud problemlərin həllinə hesablanmış konkret fəaliyyət proqramlarının hazırlanması və icrası;
-Borçalının tarixinə,mədəniyyətinə və iqtisadiyyatına həsr olunmuş silsilə tədbirlərin təşkili;
-Azərbaycan və Gürcüstanın tarixi günlərinə həsr olunmuş tədbirlər;
-Gənclər Təşkilatı olaraq Borçalı Cəmiyyətinin illik proqramlarında aktiv iştirak.
Qeyd etdiyim kimi, fəaliyyət istiqamətlərimizdən birincisi strukturlaşma ilə bağlı idi ki,biz bunun həllinə nail ola bildik . Gənclərimiz müstəqil şəkildə bir araya gəlib Təşkilatın İdarə Heyətini və Sədrini seçdi. Eyni zamanda təşkilatımızın tərkibində müxtəlif mərkəzlər yaradıldı. Borçalı Gənclərinin müəyyən bir təşkilatda öz iradəsi ilə müstəqil şəkildə struktur formalaşdırması gənclərimizin bu sahədə əldə etdiyi ciddi bir uğur idi.
Fəaliyyətimizin istiqamətlərindən biri də problemlərin aşkar edilməsi,təhlili və çeşidlənməsi oldu.Biz bu məsələnin müzakirəsi üçün 2010-cu ilin iyun ayında “Gənclik və Borçalının gələcəyi” mövzusunda konfrans təşkil etdik.Bununla problemləri birlikdə təhlil etmək şansımız oldu. Qaldı ki,problemlərin çeşidlənməsinə biz mövcud problemləri iki növə bölürük.Bunlar:süni yaradılmış problemlər və təbii yaranmış problemlərdir. Hər bir ölkədə olduğu kimi Gürcüstanda da müəyyən təbii yaranmış problemlər var ki,bunlardan da təkcə Borçalı deyil,Gürcüstanın əksər regionları əziyyət çəkir.
Süni yaradılmış problemlərin həllinə nail olmaq isə bizim fəaliyyətimizin prioritet sahələrindəndir. Yüz illərlə tarixi olan bir sıra Borçalı türk kəndlərinin adlarının 1991-92-ci illərdə əsassız olaraq dəyişdirilməsi və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması süni yaradılmış problemlərdəndir ki, bunlarla bağlı da biz kəskin mövqe ortaya qoymuşuq.Hətta Gürcüstanın Azərbaycandakı səfirliyi önündə 16 fevral 2012-ci ildə toponimlərin və torpaq üzərində mülkiyyət hüququnun bərpası tələbi ilə aksiyamız oldu.Aksiyamızın sonunda səfirlik nümayəndəsi məni qəbul etdi.Mən aksiyamızın qətnaməsini birbaşa onlara təqdim etdim və bu məsələlərlə bağlı müzakirələr apardıq.
- Bu gün Azərbaycan hakimiyyətinin Borçalı ilə bağlı siyasətini necə dəyərləndirirsiniz?
- Düzdü son zamanlar Azərbaycan investisiyasının Gürcüstan iqtisadiyyatında rolu aydın sezilir. Bu yatırımlar nəticəsində Gürcüstanda mövsümi və daimi iş yerləri açılır ki, bu şəraitdən də Borçalı türkləri yararlanmış olur.Lakin digər tərəfdən isə bu investisiyaların Borçalı ilə bağlı hazırlanmış strateji proqramlar əsasında həyata keçirilməməsi onun səmərəliliyini xeyli azaldır. Bu məsələyə biganə qalmayan bizim “Borçalı İctimai Cəmiyyəti”öz layihələrini Azərbaycan hökumətinə təqdim etmişdir.Xüsusən də, Azərbaycanda təhsil alan Borçalıdan olan tələbələrin təhsili və geriyə qayıdışının təmin olunması ilə bağlı layihəmiz öz strateji hədəfləri ilə seçilir.Təssüflər ki,bu layihəyə Təhsil Nazirliyi öz münasibətini hələ də bildirməyib.
Mən hesab edirəm ki, Azərbaycan höküməti Borçalı ilə bağlı sistemli və strateji proqramlara əsaslanan siyasət yürütməlidir.Bu hakimiyyətin üzərinə düşən məsuliyyətdir.Amma Borçalı ilə bağlı Azərbaycan ictimaiyyətinin vahid münasibəti də çox vacibdi. Bu münasibət bütün partiya və təşkilatların birlikdə qəbul etdəcəyi proqram əsasında tənzimlənməlidir.
- Gürcüstanda fəaliyyət göstərən gənclər təşkilatı ilə əlaqələriniz varmı?
- Bəli bizim nümayəndələrmizlə Gürcüstanda Fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri arasında biz çox görüşlər olub. Eyni zamanda bizlər fəaliyyətlərimizi sosial şəbəkədə də bir-birimizlə paylaşırıq. Bu da fəaliyyətədə olan bütün təşkilatlar haqqında informasiyaları daha sürətli əldə etməyə imkan yaradır. Mən özüm keçən illərdə Gürcüstanda yeni bir təşkilatın təsis konfransında da iştirak etmişəm. Bu məsələ hər zaman mənim diqqətimdədi. Gələcəkdə bu əlaqələrin daha genişləndirilməsi bizim planımıza daxildir.
- Son günlər media belə fikirlər dolaşır ki, Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Borçalı camaatına sürü adlandırıb, hətta buna görə onu məhkəməyə veriblər. Bu haqda nə deyə bilərsiniz?
- Zəlimxan Məmmədli mətbuat konfransı zamanı öz fikrini ifadə etmək üçün bu sözdən istifadə edib. O,çıxışı zamanı qeyd edib ki, İran kəşfiyyatının bölgədə, xüsusilə də Borçalıda fəaliyyəti nəticəsində bir sürü (yəni çoxlu sayda) gənclərimiz İranın bir sıra şəhərlərinə “dini” təhsil adı altında aparılaraq onların beynini öz ideologiyaları ilə yuyurlar ki, bu da Azərbaycan və Gürcüstan dövlətçiliyinin gələcəkdə təhdid altına alınmasına hesablanıb. Nəzərə almalıyıq ki, Zəlimxan Məmmədli öz ifadələrində mütəmadi olaraq Anadolu türkçəsindən istifadə edir. Bu ifadə də təbii ki, onlardan biridir.
Baxın, Anadolu türkçəsində “bir sürü insan” ifadəsinin “çoxlu sayda insan” anlamında işləndiyini hamımız bilirik, eyni zamanda bu ifadəni qəribçiliyə salıb gündəmdə qalmaq istəyənlər də çox gözəl bilirlər.
Söhbətləşdi Elnur Eltürk