Avrasiya.net-in (http://avrasiya.net/?p=9401) verdiyi xəbərə görə, bu günlərdə ACP lideri, eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu və ACP sədri Sülhəddin Əkbər Türkiyədə görüşlərini başa vurublar. Saytın əldə etdiyi məlumata görə, onlar Türkiyədə bir çox millət vəkilləri, partiya sədrləri, ölkədə fəaliyyət göstərən xarici diplomat və beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçiriblər. Görüşlər çox yüksək səviyyədə, amma bağlı qapılar arxasında baş tutub. Tərəflərin əldə etdiyi razılaşmaya görə görüşlər barədə mediaya məlumat verilməyəcək.
Məlumatda o da deyilir ki, ACP rəsmiləri bir sıra tədbirlərdə iştiraka da dəvət olunublar. Görüşlər bu gün başa çatsa da, ACP rəsmilərinə hörmət əlaməti olaraq onlardan xahiş olunub ki, bir neçə gün də Türkiyədə qalsınlar.
ACP rəsmiləri gələn həftənin ilk günlərində Bakıya dönəcəklər.
Bu xəbər olduğu kimi R.Quliyevin saytı Azpolitika.com-da (http://azpolitika.com/2013/01/18/acp-r%C9%99smil%C9%99ri-turkiy%C9%99d%C9%99-keciril%C9%99n-gorusl%C9%99rini-bugun-basa-vurublar/) da yerləşdirilib. Görünür Avrasiya.net-in əldə etdiyi məlumatlar düzgün olduğundan heç bir redaktə olunmadan bu sayta qoyulub. A.Şakiroğlu “Yeni Müsavat”ın bugünki sayında isə bildirib ki, onlar Türkiyədə dostlarımızla, siyasi müttəfiqlərimizlə və ölkənin ictimai-siyasi xadimləri ilə görüşmək, Azərbaycanda qarşıdan gələn prezident seçkilərini və ölkədəki hazırkı siyasi durumu müzakirə etmək istəyiblər. Türkiyəyə səfər daxilində Türkiyə Böyük Millət Məclisinin üzvləri, eyni zamanda bir sıra digər tanınmış ictimai-siyasi xadimlərlə görüşlər nəzərdə tutulub: “Artıq bir sıra görüşlər keçirilib. Səfər hazırda davam edir. Səfərin yekunları ilə bağlı səfər bitdikdən sonra mətbuata daha geniş məlumat verəcəyik. Səfər rəngarəng görüşlərlə boldur. Hazırda Türkiyədə partiyadan ACP sədri Sülhəddin Əkbər və ACP liderinin nümayəndəsi olaraq mən burdayıq və görüşləri bir yerdə həyata keçiririk. Səfərin dəqiq bitmə tarixi hələlik məlum deyil. Bu, daha çox keçirilən görüşlərdən asılıdır”.
A.Şakiroğlu səfərlə bağlı təzadlı fikirlər söyləyir. Bir yandan görüşlərin bitdiyini, bir yandan isə davam etdiyini, digər tərəfdən isə bu istəkdə olduqlarını deyir. Başqa bir məqam isə odur ki, Azpolitika.com və avrasiya.net yazır ki, danışıqlar barədə mətbuata açıqlama verilməyəcək, “Yeni Müsavat”a (http://www.musavat.com/new/Siyas%C9%99t/142110-PART%C4%B0YASI_R%C6%8FSUL_QUL%C4%B0YEV%C4%B0N_T%C3%9CRK%C4%B0Y%C6%8F_S%C6%8FF%C6%8FR%C4%B0ND%C6%8FN_X%C6%8FB%C6%8FRS%C4%B0ZD%C4%B0R)isə bildirib ki, görüşlər bitdikdən sonra mətbuata açıqlama veriləcək.
Veteninfo.az-ın əldə etdiyi məlumata görə isə, ACP rəsmiləri Türkiyədə heç bir görüş kecirməyiblər. Onları orada heç kim qəbul etməyib. Belə bir görüş keçirilsəydi mətbuata açıqlama verilərdi. Məgər ACP rəsmilərinin Türkiyədəki görüşləri ACP lideri R.Quliyevin Avropada keçirdiyi görüşlərdən məxfiliyi ilə belə seçilir ki, mətbuata açıqlama verilməsin? İkincisi də, onlar Türkiyədə prezidentlə görüşməyiblər ki, danışıqlar məxfi saxlanılsın.
Mənbəmiz bildirir ki, ACP rəsmiləri Rəsul Quliyevi Türkiyədə görüşlər keçirmək adı ilə aldadıb ondan pul alıblar. Türkiyədən verilən xəbərə görə, Ağasif Şakiroğlunun orada bir necə tanışı var ki, onlarla da Xanım Xəlilovanın vasitəsilə tanış olub. Bunlar isə Türkiyənin siyasi qərarlarında rol oynayan şəxslər deyillər.
Sadəcə, Ağasif Şakiroğlu hər üç aydan bir Türkiyədə guya siyasilərlə görüş keçirmək məqsədilə Rəsul Quliyevin pullarını yeməklə məşquldur. Ortada isə heç bir nəticə yoxdur. Üstəlik, ACP sədri Sülhəddin Əkbərin Ağasif Şakiroğlunun bu əməllərinə bərk əsəbləşdiyi bildirilir.