ABŞ-dan fərqli Qarabağ bəyanatı-Regionda BƏYANAT TOQQUŞMASI

ABŞ-dan fərqli Qarabağ bəyanatı-Regionda BƏYANAT TOQQUŞMASI

Bu dəfə münaqişənin BMT çərçivəsində nizamlanması dəstəklənib.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıb. Miq.az Ans press-in məlumatına istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, biz birmənalı olaraq tezliklə danışıqlar prosesinin bərpasını arzu edirik.

ABŞ əvvəllər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınmalı olduğunu deyirdi. Bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.    

Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-nin həll prosesini dəstəkləməyə davam edir. "Bu, münaqişənin nizamlanmasının ən yaxşı variantıdır. Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri  regiona səfər ediblər. Onlar birmənalı olaraq bildiriblər ki, tezliklə danışıqlar prosesinə qayıdışı arzu edirlər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olması istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib.

Cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra dünyanın bir çox nüfuzlu dövlətləri, o cümlədən ABŞ tərəfləri sülhə çağırdı. Həmin vaxt ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında 2 dəfə telefon danışığı olub.

Onlar hər iki danışıq zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Birinci telefon danışığından sonra yayılan təfərrüatlarda bildirilirdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.

Lavrov və Kerri müxtəlif "xarici oyunçuların” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar. Amma ikinci telefon danışığının təfərrüatları açıqlanmayıb.

ABŞ və Rusiya cəbhə xəttində atəşkəsin əldə olunmasını alqışlayıblar. 

Nəzərinizə çatdıraq ki,  1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az