Bununla yanaşı, ciddi kadr dəyişikliklərinin bütün məhkəmə instansiyalarını əhatə edəcəyinə dair məlumatlar var. Belə ki, "AzPolitika.info”ya daxil olan məlumata görə, hətta Ali Məhkəmənin özünün rəhbərliyində də dəyişikliklər aparılacağı gözlənilir. Bildirilir ki, sözügedən məhkəmənin hakim korpusunda yaxın zamanda Ali Məhkəmənin sədrinin dəyişdiriləcəyinə dair məlumatlar dolaşır.
Hətta 14 ildir bu vəzifədə oturan hazırkı sədr Ramiz Rzayevin yerinə kimlərin təyin oluna biləcəkləri də müzakirə mövzusudur və konkret adlar çəkilir. Məhkəmə-hüquq sistemində aparılan müzakirələ görə, Ali Məhkəmənin sədri vəzifəsində Ramiz Rzayevi əvəzləmək ehtimalı yüksək olan şəxslər bunlardır: Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli, ədliyyə nazirinin müavini Azər Cəfərov və ədliyyə nazirinin digər müavini, polis general-leytenantı Məhərrəm Əliyev. Azər Cəfərov ölkə ictimaiyyətinə bir o qədər tanış olmasa da, Əli Hüseynli və xüsusilə də Məhərrəm Əliyev kifayət qədər tanınmış fiqurlardır. Doğrudur, adıçəkilən namizədlərin hər üçü hüquqşünas olsa da, hakimlik praktikasına malik deyillər. Namizədlər sırasında Məhərrəm Əliyevin adının hallanması isə kifayət qədər ilginc görünür. Sözsüz ki, Ali Məhkəmə sədrinin təyinatı birbaşa Prezidentin səlahiyyətində olduğundan bu məsələ ilə bağlı dəqiq proqnoz vermək olmaz. Lakin istənilən halda, hakim korpusunda məhz bu şəxslərin adlarının hallanması da kifayət qədər maraq doğuran məqamdır.
Onu da qeyd edək ki, məhkəmə sistemində gözlənilən islahatların hakimlərin maaşlarına da toxunacağı bildirilir. Bəzi məlumatlara görə, hakimlərin aylıq maaşlarının 5000 (beş min) manata çatdırılacağı gözlənilir. Hazırda bu rəqəm hakimin vəzifəsindən və stajından asılı olaraq, 1500-2000 manat civarındadır.
Lakin o da maraqlıdır ki, rüşvətin yığışdırılaraq, aylıq 5000 manat maaşla əvəz edilməsi variantı hakimləri nə dərəcədə qane edəcək? Etiraf edək ki, bu suala cavab vermək kifayət qədər çətindir…