Aliment gözləyən qadınlar və ya Nazirlər Kabinetinin bir imzası…

Aliment gözləyən qadınlar və ya Nazirlər Kabinetinin bir imzası…

"...İki il əvvəl ayrılmışıq. Məhkəmə uşağa 80 manat aliment kəsib. Amma keçmiş həyat yoldaşım pulu ödəmir”.

Bu il uşaqlar üçün ehtiyac minimumu 108 manat müəyyənləşdirilib. Amma Bakı şəhər sakini, 37 yaşlı Xuraman İsmayılova məhkəmənin oğluna kəsdiyi 80 manatlıq alimenti ala bilmir.

Xuraman İsmayılova deyir ki, keçmiş həyat yoldaşı iki ildir alimenti ödəmir, məhkəmə qətnaməsi isə icra olunmamış qalır.

28 yaşlı Sevda Məmmədova da ötən il boşanıb, himayəsində iki azyaşlı övladı var. Lakin ata alimenti ödəməkdən imtina edir. İcra məmuru isə hər dəfə müxtəılif bəhanələrlə prosesi uzadır.

"Mən heç yerdə işləmirəm, valideynlərimin köməyi ilə dolanırıq. Keçmiş həyat yoldaşım öz atalıq məsuliyyətini dərk etmir. Halbuki fermer təsərrüfatı var, qazancı yaxşıdır...” - Sevda Məmmədova deyir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, alimentin ödənilməsinə dair məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilməlidir. Amma alimentin ödənilməsi məsələsi hələ də boşanan ailələrin ən böyük problemidir.

Elə buna görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə Aliment Fondunun yaradılması ilə bağlı müraciət edib.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mətbuata açıqlamasında bildirib ki, Aliment Fondu yeni bir struktur kimi fəaliyyət göstərə bilər: "Komitə digər ölkələrin təcrübəsini öyrənir. Macarıstanda, Almaniyada, Fransada belə fondlar var. Aliment Fondu ya müstəqil bir təşkilat olmalı, ya da Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir”.

Təbii ki, yeni təşkilatın yaradılması üçün maliyyə lazımdır. Şöbə müdirinin sözlərinə görə, bu məsələ də nəzərdə tutulub: "Aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə tutaraq dövlət büdcəsinə qaytarmalıdır. Bu mexanizmin yaradılması çox vacibdir.  Alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndəriləcək ki, niyə aliment ödənilmir, nəyə görə valideyn uşağına qarşı laqeyddir və s. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir. Təsəvvür edin, insanın adına əmlak yoxdur, rəsmi əməkhaqqı heç bir yerdə göstərilmir. Ancaq yaşayış səviyyəsi yaxşıdır. Bununla belə alimenti ödəmir. Elektron baza yaradılmalıdır. Cinayət məsuliyyətinə cəlb etmə prosesi daha da gücləndirilməlidir. Aliment beş ay müddətində ödənmirsə, həmin şəxs avtomatik olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır”.


Dağılan ailələrin statistikası

Bu ilin yanvar-aprel aylarında 24 300 nikah və 4 200 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 84,9 min nikah, 12,1 min boşanma qeydə alınıb. 2013-cü il isə 86,9 min nikah bağlanmış, 11,7 min boşanma qeydə alınmışdı.

Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsi də alimentlərlə bağlı mətbuatın suallarını cavablandırıb. Ötən il idarənin icraatında alimentlə bağlı 52 467, bu ilin ilk aylarında isə 51 738 məhkəmə qərarı olub. Alimentdən yayınmaya görə ötən il 1565, bu ilin ilk aylarında isə 450-dən çox fakt üzrə inzibati məsuliyyətə cəlb edilmə olub.

Aliment Fondu vəziyyəti dəyişə biləcəkmi?

Vəkil Ceyhun Cəfərov deyir ki, Azərbaycanda uşaq hüquqları konstitutsiyaya əsasən  və "Uşaq hüquqlarının qorunması haqqında” qanunla tənzimlənir: "Uşaq hüquqları ilə bağlı məsələlərdə söz sahibi dövlətdir. Yəni uşaq hüquqlarının qorunmasında sui-istifadə halları olmasın deyə dövlət bu məsələdə təşəbbüsü ələ alır. Bu baxımdan Aliment Fondunun yaradılması da uşaqların ehtiyaclarının ödənilməsi, onların mənafeyinin qorunması ilə bağlıdır”.

Vəkil hər ay alimentlə bağlı onlarla məhkəmə işi keçirildiyini təsdiqləyir: "Məsələn, bir neçə gün öncə Yasamal Rayon Məhkəməsində alimentin ödənilməsi ilə bağlı iddiaya baxılırdı. Ata deyir ki, işləmirəm, 108 manatı ödəyə bilmərəm, istəyirlər məni həbs etdinlər, pulu ödəməyə imkanım yoxdur. Boşananlar arasında alimentin ödənilməməsindən şikayətçi olanların sayı çoxdur. Atanın yalan, ya doğru danışdığını söyləmək çətindir. Buna görə də Aliment Fondunun yaradılması ilə uşaqların ehtiyaclarının ödənilməsi mümkün ola bilər”.

Vəkil Ceyhun Cəfərov

Vəkil hesab edir ki, aliment atanın qazancına görə müəyyənləşdirilir: "Bir uşağa görə qazancın 25, iki uşağa görə 33, üç uşağa görə isə 50 faizi tutulur”.

C.Cəfərov qeyd etdi ki, aliment iki cür tutulur: "Birinci halda atanın aylıq gəliri bəlli olur və aliment də buna uyğun müəyyənləşdirilir. İkinci halda isə sabit məbləğ müəyyən edilir. Ata aylıq gəlirinin olmadığını söyləyərək alimenti ödəməkdən imtina edə bilər. Məhkəmə atanın gəlirini müəyyənləşdirməkdə çətinlik çəkə bilər, lakin uşaq yaşamalıdır, onun ehtiyacları ödənilməlidir. Əsas uşaqdır”.

Vəkilin fikrincə, Aliment Fondunun yaradılması humanist addımdır: "Ata pulu ödəyə bilmədikdə və ya ödəməkdən imtina edəndə o pulu fond ödəyəcək. Valideynlərə elə gələ bilər ki, pulun fond tərəfindən ödənilməsindən sonra məsuliyyətdən azad olacaqlar, bundan sui-istifadə edə biləcəklər. Lakin əksinə olacaq, iş icraçıları daha məsuliyyətli olacaq, aliment icbari qaydada alınacaq. Yəni fondun ödədiyi vəsait onsuz da atadan geri alınacaq”.

Vəkil Ceyhun Yusifov da Aliment Fondunun yaradılmasını vacib hesab edir: "Əslində bu təklif çoxdan gündəmə gətirilməli idi. İndi sürətlə iş aparılmalıdır. Aliment uşağa ödənilir. Çünki uşağın vacib ehtiyaclarının ödənilməsi gözləmir. Digər tərəfdən, fond yaradıldıqdan sonra icra məmurunun məsuliyyəti artacaq. Ata da biləcək ki, alimenti ödəməkdən imtina edə bilməyəcək, əksinə, gec ödədiyi üçün cərimə də verəcək”.

Vəkil Ceyhun Yusifov

Təklif yaxşıdır, amma...

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, bu təklif uşaq hüquqlarının qorunması baxımından müsbət addımdır. Amma icra mezanizmi açıqlanmır.

"Cinayət Məcəlləsində aliment ödəməkdən imtina edən valideynlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı konkret maddə var. Lakin alimentlə bağlı şikayətlər hələ də səngimir. Bizim təşkilata hər ay onlarla şikayət daxil olur. Miqrasiya, atanın işləməməsi və ya gəlirin gizlədilməsi kimi problemlər var. Kişilər Rusiya və ya digər ölkələrə işləməyə gedirlər, onların yerini müəyyənləşdirmək mümkün olmur. Bundan əlavə, özəl sektorda çalışanlar məhkəmələrə guya heç yerdə işləmədiklərinə dair sənəd verirlər. Bu da uşaqların onlara çatacaq pulu almasında ciddi əngəllər yaradır. Aliment Fondu isə dövlət büdcəsindən maliyyələşəcək. Mexanizm necə olacaq, dövlət büdcəsinin zərər çəkməməsi üçün hansı addımlar atılacaq? Aliment ödəməyən məcburi əməyə cəlb ediləcəkmi? İşləməyənlərin işlə təminatı kimi problemləri necə həll edəcəklər? Yeni qurumun yaradılması asandır, bu suallara cavab tapmaq, o qurumu işlək vəziyyətə gətirmək lazımdır” - deyə M.Zeynalova bildirir.

Mehriban Zeynalova

Sosioloq Vəfa Süleymanova da Aliment Fondunun yaradılmasının vacib olduğunu deyir: "Bir çox ölkələrdə belə fondlar var. Lakin boşanmaq ərəfəsində olan ailələrlə iş aparılır, boşanan cütlüyə valideynlik məsuliyyəti başa salınır, uşaq və valideynlərlə prsixoloq işləyir. Bundan sonra fond pulu verməyən və ya müəyyən səbəbdən gecikdirən ataların əvəzindən pul ödəyir. Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır. Yəni ana aliment qayğısı çəkmir. Bəzən ata da məsuliyyəti anlayır, uşağın mənafeyi baxımından könüllü ödəyir”.

Qeyd edək ki, Aliment Fondunun yaradılması təklifinə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev idə münasibət açıqlamışdı.

M.Quliyev mətbuata açıqlamasında Azərbaycanda Aliment Fondunun yaradılmasının bir qədər qarışıq və mübahisəli məsələ olduğunu demişdi: "İndi bizim elə bir mexanizmimiz yoxdur. Əgər valideyn alimentdən yayınırsa və işləmədiyini, gəliri olmadığını əsas gətirirsə, dövlətin yaratdığı Aliment Fonduna da həmin sözləri deyəcək. Amma Aliment Fondunun yaradılmasının üstünlüyü ondadır ki, valideyn himayəsindən məhrum qalan uşaqlar təminatsız qalmırlar”.

...Əslində Aliment Fondunun yaradılması təklifi 2-3 il bundan əvvəl hüquq müdafiə təşkilatları tərəfindən qaldırılmışdı. Lakin Cinayət Məcəlləsində cəzaların sərtləşdirildiyi əsas gətirilərək təklif elə təklif olaraq qalmışdı.

İndi isə çoxluq bu təklifi müsbət qiymətləndirir. Amma bu ideyanın nə vaxt reallaşacağını söyləmək çətindir. Hər şey Nazirlər Kabinetinin bir imzasına bağlıdır.

Hökumət hələ qərar verməyib deyə Sevda Məmmədova və onun kimi yüzlərlə qadın isə hələlik gözləyir...

 

Virtualaz.org 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az