Anası: “Dedilər ki, Aqşin Bəbirovun bizə göndərdiyi məktub onların nəzarəti altında yazılıb...”

Anası: “Dedilər ki, Aqşin Bəbirovun bizə göndərdiyi məktub onların nəzarəti altında yazılıb...”
"Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı Aqşinlə Hüseynin əsirlikdə olması ilə bağlı Ermənistana verdiyi mesaj hamımızı sevindirdi ki, bu məsələ cənab Prezidentin diqqətindədir. Bir həftə əvvəl yenə Beynəlxalq Qırmızı Xaç Komitəsinə getdik, bir əməkdaş dedi ki, uşaqları nəzarətə almışıq. Hətta dedilər ki, Aqşinin bizə göndərdiyi məktub da onların nəzarəti altında yazılıb. Soruşdum ki, Aqşin o məktubu yazanda siz gözünüzlə görmüsünüz? Dedilər ki, xeyr, sadəcə danışıqlar zamanı Ermənistan tərəfdən bizə deyiblər "Aqşinlə Hüseyn yaxşıdır, nəzarətdədir”. Onlar çox söz deyə bilərlər. Şəxsən mən ana olaraq düşünürəm ki, bəlkə, uşağım sağ deyil? Çünki indiyə qədər mənə doğru-düzgün məlumat verən yoxdur. Nə uşağımı mənimlə danışdırırsınız, nə də canlı videosunu götərirsiniz. Nə bilim, bəlkə, balamın gözünü çıxarıblar, əlini kəsiblər, ona görə məktub yaza bilməyib? Dedilər ki, yox, məktubu Aqşin özü yazıb. Dedim ki, bu məlumata inanmıram. Uşağımı mənimlə danışdırın, səsini eşidim, heç olmasa şəklini, videosunu çəkib göstərin. İndiyə qədər hara baxırsınız, biz valideynlər artıq ölürük. Danışdığımız sözü belə unuduruq. Beynəlxalq Qırımızı Xaç Komitəsi dedi ki, Ermənistan tərəflə danışacağıq, razı olsalar, bu yaxınlarda video çəkib gətirəcəyik...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində ermənilərin əsir götürdükləri əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

 

O bildirib ki, hələ də qapılarını açan, onlarla maraqlanan yoxdur: "Nə Sabunçunun deputatları, nə bələdiyyə - bir zəng belə etməyiblər. Elə bilirlər ki, bir sərçə uçub yoxa çıxıb. Öz balaları olsa, görəsən, bunlar nə edərdilər? Mitinq edib, dünyanı dağıdardılar. Mən dövlətimə sığınmışam, Prezidentimə güvənirəm. Oturmuşam evimdə, gümanım gələndə Benəlxalq Qırmızı Xaç Komitəsinə gedirəm... Hansı quruma gedirik, deyirlər ki, uşaqlar salamatdır, qaytarılacalaqlar. Nə vaxt? Ana üçün hər saniyə bir ildir. Balamız orada çarəsiz, biz burada. Ölürük, insan tükənir... Hansı ana rahat olar belə vəziyyətdə? Cənab Prezidentimizi nə qədər sevirik, bunu bircə Allah bilir. Danışıqlar gedir, yenə gümanımız, ümidimiz cənab Prezidentimizdir. Cənab Prezident dedi ki, bu uşaqlar iki günə qaytarılmalı idilər, çünki biz də hava şəraitinə görə azanları iki gün ərzində Ermənistana qaytarırdıq. Kişi kimi, qürurlu, cəngavər oğul göndərmişəm. Niyə mən ana bu gün "bala" deyib yanmalıyam? Gecəm-gündüzüm yoxdur, nəfəsim gəlmir, səsim çıxmır. Bir qızım var, qapıma o, çörək gətirir. Atası fəhlədir, az-çox nə bacarırsa, işləyir. İş olmayanda qışdan yaya kimi işsiz otururlar. Bilmirsən ki, işığın, ya qazın pulunu çatdırasan. Qızım kollec oxuyur, 20 yaşı var, Aqşin ondan 1 yaş kiçikdir. Qızım bilmir ki, məktəbin pulunu ödəsin, yoxsa evə çörək gətirsin. Bir insan qapı döymür ki, bunun balası əsirdir, bəlkə, bu ana o biri balasına yedizdirməyə çörək tapmır? Hara baxır Südçülük Sovxozunun bələdiyyəsi, deputatı, İcra Hakimiyyəti? Heç kimdən heç nə istəmirəm. Qürurlu xanımam, indiyə qədər bir insana əl açmamışam. Onun–bunun qabını yuyaram, evini süpürüb uşağıma çörək gətirərəm, namusumla, qeyrətimlə çörək qazanaram. Bir Azərbaycan əsgəri əsir düşüb, onun ailəsi ilə maraqlanmırlar. Hüseynin anası Şəlalə xanımla eyni vəziyyətdəyik, tükənmişik. Biz iki ana sağlam deyilik. Kasıblıqla böyüyən uşaqların anaları sağlam qala bilməz, çünki heç uşaqlarımızın sağlamlığı ilə bağlı problemlərinə əlac edə bilmirik, nəinki özümüzün. Çarəsizik, cənab Prezidentimizdən xahiş edirik, gözləməyə gücümüz yoxdur, balalarımızı tez bir zamanda bizə qovuşdursun. Gün keçdikcə gözləmək daha da çətinləşir. Belə çıxır, Ermənistanın uşaqları saxlamaqda məqsədi budur ki, bizim Prezidentimiz onların Azərbaycanda həbsdə olan yüksək rütbəli hərbçilərini əfv edib qaytarsın. Cənab Prezindetə yalvarıram, uşaqlarımızı düşmən əlində qoymasın. Bir Azərbaycan əsgəri niyə düşmənin əlində çarəsiz, zəncirlənmiş halda qalmalıdır? Erməninin yüz rütbəlisi bizim bir əsgərimizə dəyməz. Bizim bir əsgərimiz min erməni hərbçisinə dəyər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az