Araikin xuntası Qarabağdakı ermənilərdən silahların yığılması haqda göstəriş verdi...
Bu funksiyanı əslində indiyədək Rusiya sülhməramlıları icra etməli idi...
"Döyüş əməliyyatları aparmaq üçün Dağlıq Qarabağın müvafiq qurumlarından alınmış silah-sursatı təhvil vermək lazımdır”.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və s. hələ də tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin "milli təhlükəsizlik xidməti” adlanan qanunsuz qurumu məlumat yayıb.
"Qarabağda hərbi əməliyyatlar üçün verilmiş silahlar 10 yanvar 2021-ci ilədək geri qaytarılmalıdır. Bu, həm Artsax respublikasının, həm də aidiyyəti qurumlardan Dağlıq Qarabağda silah-sursat almış Ermənistan respublikasının vətəndaşlarına aiddir.
Silahları, döyüş sursatlarını, rabitə avadanlığını, rəsmi qeydiyyata alınan cihazları, habelə digər xüsusi cihazları (gecə və gündüz görmə, termal görüntüləmə cihazları və nişangahlar) təhvil vermək lazımdır. Yanvarın 11-dən etibarən silah və sursatların qanunsuz saxlanması və daşınması Artsax respublikasının qanunları ilə cəzalandırılacaqdır” – qondarma xuntanın yaydığı məlumatda belə deyilir.
P.S. Xatırladaq ki, dünən terrorçu erməni xuntasının oyuncaq başçısı Araik Arutyunyanın "yeni hökumət” təşkil etməsi haqda xəbərlər yayılıb. Və bütün bunlar Qarabağda sülhü təmin etməli, 10 Noyabr razılaşmasına əsasən ermənilərlə yanaşı, azərbaycanlıların da qanuni sakinləri olan yaşayış məntəqələrinə qayıdışına şərait yaratmalı olan Rusiya hərbi kontingentinin gözü qarşısında baş verir. Üstəlik, separatçı erməni rejimi sülhməramlıların daha bir funksiyasını - qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi işini də özü görür. Bütnü bunlarla öz aləmlərində özlərini dünyaya "qanuni” işlər icra edən bir qurum kimi təqdim etməyə çalışırlar...
P.P.S. Qoy separatçılar, terrorçular silahlarını bir yerə toplasınlar. Yəqin, gün gələr dövlətimiz, ordumuz özlərini həbs, silahlarını da müsadirə edər...
Miq.Az