”Xəzər-Lənkəran”da stabillik yoxdur”
Arif Əsədov: “İrəli getmək əvəzinə, geriyə gedirik”
“Neftçi” Klubunun sabiq baş məşqçisi, hazırda 19 yaşlıları əhatə edən Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədovun müsahibəsi:
- Arif bəy, bu gün Azərbaycan futbolundakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan futboluna böyük sərmayə qoyulmaqdadır. Bilirsiniz ki, futbolumuzun inkişafı Azərbaycan prezidenti İlham Əliyevin qayğısı və diqqətindədir. Məhz futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən inkişaf proqramının qəbulu buna misaldır.
Hazırda futbolumuzun inkişafı üçün fundamental və sistemli iş gedir. Bu gün klubların maddi imkanları İtaliya, Almaniya və s. ölkələrin futbol klublarının büdcələri qədər olmasa da, artıq Baltikyanı ölkələrin, Serbiyanın, Xorvatiyanın və s. futbol klublarının büdcəsini keçib. Bu imkanlar bizə başqa ölkələrdən oyunçuların alınmasına və ya dəvət edilməsi üçün böyük imkanlar yaradır. Amma unutmaq olmaz ki, ilk illərdə bunu etmək çətin idi. Artıq ölkəmizdə futbol akademiyaları yaranıb. “Qəbələ”, “Bakı”, “Neftçi” və s. klublarının nəzdində qeyd etdiyimiz akademiyalar fəaliyyət göstərir. İnanıram ki, bu akademiyalar 3-4 ildən sonra fubolumuzun inkişafına öz müsbət təsirini göstərəcək.
- Futbolumuzun inkişafı üçün sərmayələr qoyulur. Bu, inkar olunmaz gerçəklikdir. Yenə də istədiyimiz nəticələr yoxdur. Məsələn, məşhur iş adamı Mübariz Mənsimov “Xəzər-Lənkəran”a ildə 20 mln manat pul ayırdığını bildirib. Amma, nəticədə isə “Xəzər-Lənkəran” “Makkabi” klubuna 8 sıfır məğlub olur. Sizcə, problemin kökündə nə durur?
- Futbolda pul hər şey demək deyil. Ən əsası peşəkarla çalışamaq və işi düzgün qurmaq lazımdır. Mənə elə gəlir ki, “Xəzər-Lənkəran” klubunda stabillik yoxdur. Bu da kluba öz mənfi təsirini göstərir.
- Stabilik deyərkən nəyi nəzərdə tutursunuz?
- Məsələn, klubda məşqçi dəyişən kimi özü ilə 8-9 oyunçu gətirir. 6 aydan sonra nəticə əldə olunmayan kimi bu məşqçi dəyişdirilir, onun yerinə gələn məşqçi öz oyunçularını gətirir və öz oyun sistemini qurur. Bu isə klubda daimi stabil oyun qaydalarını pozur və istənilən nəticəni əldə etməyi çətinləşdirir. Klubu ayaqüstə saxlayan onun öz oyun fəlsəfəsidir. “Barselona”, “Real-Madrid”, “Milan” və s. dünya səviyyətli klubların məşqçiləri dəyişsələr də, klubun oyun fəlsəfəsi qalır. Yəni məşqçinin onu dəyişməsi qeyri-mümkündür.
- Maraqlı olan odur ki, Azərbaycan yığmasında da vəziyyət ürəkaçan deyil. Halbuki 10-15 il qabaq uğurlarımız olurdu. O zaman futbolumuza bu səviyyədə dəstək yox idi. Hətta zarafatla belə misal çəkirlər ki, o vaxt oyunçularımızı çayxanalardan yığıb meydançalara gətirirdilər və həmin komanda Portuqliya ilə bir-bir oynadı, Lixtenşteyni 4 sıfır məğlub etdi. İndi nə baş verir ki, istənilən nəticəni əldə etmək olmur?
- Bir məsələni qeyd edim ki, müstəqillik əldə etdikdən sonra biz özümüz hesabımıza bilet alıb təlim məşqlərindən iştirak edirdik. O zaman mən, Nazim Süleymanov, Qurban Qurbanov, Vəli Qasımov Rusiya cempionatlarında oynayırdıq. Öz hesabımızla gəlib yığmada oynayırdıq və ölkəmizin adının qalxması üçün əlimizdən gələni edirdik. Bir tarixi xatırladım ki, yığmamız bu vəziyyətlə 1995-ci ildə İsveçrə oyununda qələbə qazandı. O zaman mərhum prezidentimiz Heydər Əliyev bu oyunu izləmək üçün gəlmişdi.
Amma indi fubolçular üçün hər çür imkanlar yaradılıb. Hətta məğlub olsalar belə, onlarda stimul yaratmaq üçün mükafatlandırılırlar. Bunlar futbolumuzun inkişafı üçün edilir. Yenə də nəticələr istədiyimiz kimi deyil. İrəli getmək əvəzinə, geriyə gedirik. Reytinq cədvəllərində də bu görünür.
- Əsas səbəb nədir?
- Yuxarıda qeyd etdiyim kimi, stabillik çatmadığı üçün bu vəziyyətlə rastlaşırıq. Yığmamızın özək kökü olmalıdır. Daim Azərbaycan yığmasının 10-12 nəfərdən ibarət özək kökü olmalıdır ki, yığmamız bunun üzərində qurulsun və oyunu formalaşdırsın. Hər bir komandanın oyun fəlsəfəsi olmasa, uğur əldə etməsi çətindir.
Bizim oyun fəlsəfəmiz olmadığı üçün istənilən nəticəni əldə etmək olmur. Biz İngiltərənin, Fransanın və s. ölkələrin oyun fəlsəfəsini komandamız üzərində yarada bilmərik. Çünki onların öz oyun fəlsəfəsi və strategiyası var. Mütləq komanda nizam-intizam olmalıdır. Qafqaz ölkələrində bir az bu məsələ problemli olur və özlərinə məxsus oyunları var. Məsələn, Avropa futbolunda nizam-intizam güclüdür. Ölkəmizə kənardan gələn məşqçilər nizam-intizam yaratsalar da, gəldikləri ölkələrin oyun fəlsəfələrini tətbiq etdikləri üçün belə vəziyyət yaranır. Bu gün dediyimiz oyun fəlsəfəsi “Neftçi” klubunda var. Əvvəllər “Neftçi” nin vəziyyəti yaxşıdeyildi. Sadiq Sadiqovun klubda rəhbərliyə gəlməsindən sonra komanda şəkilində klubun öz oyun fəlsəfəsini formalaşdırdıq. Halbuki əvvəllər “Neftçi” hansı vəziyyətdə idi, sonra hansı vəziyyətə gəldi. Buna uyğun oyunçular transfer etməyə başladıq. Üç ildən sonra stabil oyun öz bəhrəsini verdi. “Neftçi” Avroliqanın qrupuna düşdü. Hələlik yığmada bunu görmürük. Foqts bunu formalaşdıra bilmir.
- Yəqin ki, mətbuatdan “Neftçi”nin sabiq meneceri, idman aləminin tanınmış isimlərindən olan Yusuf Uncular tərəfindən Azərbaycan-Türk Futbol Məktəbinin yaradılması haqqında xəbərdarsınız. Tanınmış futbol mütəxəssisi olaraq bu məsələ ilə bağlı fikirlərinizi eşitmək maraqlı olardı...
- Mən mətbuat sizin qəzetiniz vasitəsilə Yusuf bəyə uğurlar arzulayıram. O bizimlə “Neftçi”də birgə çalışıb. Olduqca bacarıqlı və işgüzar insandır. İnanıram ki, formalaşdırdığı futbol məktəb yalnız və yalnız futbolumuzun inkişafı üçün yaxşı nəticələr verəcək. Eyni zamanda, məktəb iki qardaş ölkə arasında qarşılıqlı oyunçuların transferlərini həyata keçirəcək və futbolçularımıza stimul verəcək. Məktəb futbolumuzun inkişafına öz müsbət təsirini göstərəcək. Mən Yusuf bəyin potensialına bələdəm. Onun Azərbaycan-Türkiyə futbolunun və ya ümumilikdə, idmanın yaxınlaşmasında xidmətləri böyükdür. “Neftçi”-”Beşiktaş” oyununun təşkil olunmasında, “Neftçi”-”Qalatasaray” klubları arasında qardaşlıq protokolunun imzalanmasında böyük əmək sərf etdi. Bu işləri yüksək səviyyədə koordinasiya edirdi. Onu yaxşı xatırlayıram ki, “Beşiktaş”la oyun zamanı türk jurnalistləri bizə böyük diqqət ayırırdılar və bizdən müsahibələr alırdılar. Bu xəbərlərin “Neftçi”nin Türkiyədə tanınmasına böyük təsiri olurdu. Bilirdim ki, bu işləri həyata keçirən Yusuf Unculardır. Bir daha Yusuf bəyə və məktəbin fəaliyyətinə müvəffəqiyyətlərarzulayıram.
***
P.S. Qeyd edək ki, Futbol meydançası, Bakı şəhəri, Nərimanov rayonunu, Qafur Murad küçəsi (DİN Hospitalının arxası), 207 sayli orta məktəbin yanında yerləşir. Əlaqə nömrələri (050)556-56-08, (050)721-76-68
Elnur Eltürk