“ASAN FM” radiosunun rəhbəri Emin Musəvi olacaq
Tanınmış teleaparıcı Emin Musəvi "ASAN FM” radiosunun rəhbəri vəzifəsinə təyin edilib.
Bu barədə teleaparıcı sosial şəbəkədəki səhifəsində yazıb:
"Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan
sonra "ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacam. Hazırda
texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət”in öz fəaliyyətində
rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki,
"ASAN FM”-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına
uyğun seçiləcəklər. Əminəm ki, "ASAN xidmət” kimi "ASAN FM” də qısa
müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya
çevriləcək”.
Qeyd edək ki, E.Musəvi əvvəllər "Space”
telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə "Azad
Azərbaycan” teleşirkətinin ilk əməkdaşlarından olub. 2004-cü ildə
ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam
etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də "Rəsmilər
qeyri-rəsmi”, "22-ci saat” kimi müəllif verilişləri hazırlayıb.
O,
ATV-də rəhbərlik dəyişiləndən sonra bu kanalı tərk edib. Emin Musəvi
bir müddət Azərbaycandakı Latviya səfirliyinin KİV-lə əlaqələr üzrə baş
məsləhətçisi işləyib.
Modern.az