“Atlas” Araşdırmalar Mərkəzi sorğu keçirdi

“Atlas” Araşdırmalar Mərkəzi sorğu keçirdi

Azərbaycan Vətəndaşları Minsk Qrupu haqqında nə düşünür?

 “Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasının (Minsk Qrupu 24 mart 1992-ci ildə ATƏT-in Nazirlər Şurasının Helsinki toplantısında təsis olunub) 20 illiyi ilə əlaqədar müxtəlif yaş və sosial qruplardan olan 500 respondent arasında sorğu keçirib:

Sorğunun ilk “ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına respondentlərin cəmi 12 % müsbət cavab verib, 88 % isə Minsk Qrupunun fəaliyyətindən narazı qaldığını bildirib.

“Minsk Qrupunun 3 həmsədr dövlətindən hansının dəyişdirilməsinə ehtiyac var” sualına sorğuda iştirak edənlərin ABŞ-ın dəyişdirilməsini 18%, Rusiyanın dəyişdirilməsini isə 27 % istəyib. Respondentlərin daha çox dəyişdirilməsini zəruri saydıqları ölkə isə Fransadır (55%).

“Hansı dövlətin və ya qurumun həmsədrlərin sırasına qatılmasına ehtiyac var” sualına cavabda bu nəticə alınıb: Türkiyənin qatılmasını istəyənlər 78%, Avropa Birliyi (12%) və Almaniya (10%).

“Rusiyanın son 3 ildə münaqişənin həllində təkbaşına vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 77% Rusiyanın vasitəçiliyini mənfi, yalnız 23% müsbət qiymətləndirib.

Rusiya mövzusunun davamı kimi “Yeni prezidenti Vladimir Putin münaqişənin ədalətli həllini sürətləndirmək üçün fəaliyyət göstərəcəkmi” sualına respondentlərin mütləq əksəriyyəti – 85% mənfi cavab verib, yalnız 15 % əksini düşündüyünü deyib.

Respondentlərin sorğunun son sualı olan “Münaqişənin ədalətli həllini hansı amil sürətləndirə bilər” sualına verdikləri cavablar belədir: Azərbaycan güc tətbiq etməlidir (28%), Ermənistan “Genişləndirilmiş Madrid Planı”nı qəbul etməlidir (18%), Rusiya Ermənistana təzyiq etməlidir (54%).

Sorğunun nəticələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan vətəndaşlarının faktiki Minsk Qrupunun fəaliyyətindən narazı olduqlarını və bu qurumun münaqişənin nizamlanmasında real nəticə əldə edəcəyinə inamlarının qalmadıqlarını bildiriblər. Sorğuya qatılanların əsas hissəsinin Minsk Qrupunda Fransanın dəyişdirilməsi zərurətini göstərdiklərini təsadüf saymadığını deyən Elxan Şahinoğlu bir detala diqqəti çəkib: “Sorğu Fransa Konstitusiya Şurasının “erməni soyqırımı”nı inkarına görə cəzanı nəzərdə tutan qanunu qüvvədən salan qərarını açıqladıqdan sonrakı günlərdə keçirilib. Buna

baxmayaraq, sorğunun nəticələri göstərir ki, Azərbaycan vətəndaşları əvvəlkitək Fransanın tərəfsiz olmadığından, Ermənistanın maraqlarına üstünlük verməsindən narazıdırlar”.

Elxan Şahinoğlu sorğunun nəticələrinə görə, vətəndaşların əksər hissəsinin Türkiyənin danışıqlar prosesində rol almasının istədiklərini söyləsə də, reallıqda daha çox Avropa Birliyinin şansının olduğunu vurğulayıb: “Türkiyənin qarşısında maneə çoxdur. Ermənistanla yanaşı Türkiyənin Minsk Qrupuna qoşulmasını bu və ya digər səbəblərdən Rusiya və Fransa da istəmir. Ancaq Avropa Birliyinin Fransanı əvəz etməsinə bütün maraqlı tərəflər yaşıl işıq yandıra bilər. Bu da Avropa Birliyinin həmsədr olması şansını artırır. Digər tərəfdən Avropa Birliyinin özünün də münaqişənin həllində ciddi rol almaq istəyi var”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri respondentlərin Rusiya ilə bağlı iki suala verdikləri cavabda rəqəmlər arasındakı nisbi fərqi belə izah edib: “Respondentlərin 77 faizi Medvedevin 3 illik təkbaşına vasitəçiliyini mənfi qiymətləndirərkən, Putinin gələcək fəaliyyətinə olan inamsızlıq bundan da çoxdur - 85 faiz. Görünür kiçik də olsa bu fərq ondan irəli gəlir ki, Medvedevə müəyyən qədər inam var idi, o nəsə etmək istəyirdi, ancaq nəticə olmadı və ona inam azaldı . Putinə bəri başdan olan inamsızlığın kökündə isə iki amil dayana bilər. Birincisi, Putin 2000-2008-ci illərdə artıq iki dəfə prezident kürsüsündə oturub və əgər Dağlıq Qarabağ münaqişəsini həll etmək istəsəydi, elə o illər ciddi fəaliyyət ortaya qoya bilərdi. İkincisi, Putinin baş nazir olduğu illərdə Ermənistanın keçmiş prezidenti və ölkəsində heç bir dövlət vəzifəsi olmayan Robert Köçəryanla bağlı qapılar arxasında keçirdiyi görüşlər də Azərbaycan vətəndaşlarında ciddi suallar doğurub. Buna baxmayaraq, sorğunun sonuncu sualına verilən cavabdakı nisbət göstərir ki, Azərbaycan vətəndaşları əvvəlkitək münaqişənin həllində Rusiya amilinin başlıca olduğunu düşünürlər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az