Çayçı piyan olanda

Çayçı piyan olanda

Mahir Qabiloğlu

 Hər il Maştağada, orta məktəb  direktoru, vahidşünas Məmməd Nuruoğlunun təşəbbüsü ilə Əliağa Vahidin xatirə günü keçirilirdi. Bu indi adi görünür, o vaxt isə    böyük cəsarət tələb edirdi. Məktəbin akt zalında rəsmi hissə keçirildikdən sonra, böyük ziyafət də verilirdi.    Növbəti belə gecələrdən birində Salam Qədirzadə, Seyfəddin Dağlı, Qabil ənənəvi qonaqlar sırasında olublar. Təsəvvür edin, qışın oğlan çağı, istilik sistemi yox, rəyasət heyətində isə  yel oynayır. Qonşu otaqdan isə cız-bızın cızıltısı gəlir, arağın da dəmi. İclas da uzanır. Stolun üstündə isə soyuq çay. Məmməd Nuruoğlunun yanında oturan Seyfəddin Dağlı ilə Qabil  sədarəti    dümsüklüyürlər ki, “Ay Məmməd, soyuqdur, axı?” Yəni iclası qurtar, gedək yemək-içməyə. O da təmkinlə “Hər şey hazırdır, iclası qurtaraq, başlayaq” cavabını verir.
Salam Qədirzadə də çıxışını davam etdirir. Atam Qabillə, Seyfəddin Dağlı    Məmməd müəllimi o qədər boğaza yığırlar ki, axırda dilə gəlir ki, “Neynəyim, arağı bura gətirim?”. Seyfəddin Dağlı isə “Araq niyə? Bu çayın yerinə, çaynikdə konyak gətizdir. İkisi də bir rəngdədir də, kim biləcək?” deyir.
Bu cavabın qarşısında naəlac qalan Məmməd müəllim qonaqların arzusunu yerinə yetirir. Onlar da içib bir az qızışırlar. Salam  Qədirzadə çıxışını başa çatdırıb, yerinə oturduqdan sonra Məmməd müəllimdən soruşur ki, “Ay Məmməd, o armudu stakandakılar nə idi? ” Məmməd müəllim “Necə yəni nə idi? Çay”. Salam Qədirzadə isə “Başa düşdüm e… çay idi. Amma biz görmüşük ki, birinci qəndi ağıza qoyarlar, sonra çayı qurtum-qurtum içərlər. Qabillə, Seyfəddin stəkandakını birnəfəsə başlarına çəkdilər, sonra  isə qənddən dişlədilər.
Sonradan lətifəyə dönən bu əhvalatı Seyfəddin Dağlı özünəməxsus nəzmə çəkmişdi.Görkəmli bəstəkarımız Cahangir Cahangirov da  bu sözlərə gözəl bir mahnı bəstələmişdi. Mirzə Babayevin ifasında “Çayçı” mahnısı bugün də efirlərin bəzəyidir.

Çayçı
 
Sözləri: Seyfəddin Dağlı
Musiqisi: Cahangir Cahangirov

Qonaqlar hamısı gəldi
Məclisimiz düzəldi
Yuxarı başa tez keçin
Oturub yeyin-için
 Nəqarat:
Tez düzün qədəhləri
Tez düzün
Çay süzün qədəhlərə
Çay süzün
İçkini tərk etmişik
Çün zərərin dərk etmişik
Çay olub indi bizə dost
Şəninə söylərik tost
 
Pürrərngdir özü dəm verir
Gör necə tanış təm verir
Tanış gəlir lap rəngi də
Qədəhlərin ahəngi də
Ay aman, bu necə işdi,
Əhvalımız çox  dəyişdi
Çayçımız vurub baş-ayaqmış,
Çaynikdəki konyak imiş.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az