Azər Əliyevin saxlanmasının gizli məqamları - ARAŞDIRMA

Azər Əliyevin saxlanmasının gizli məqamları - ARAŞDIRMA

“Kəpənək Zaur”un da bunda əli var...

Ötən gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi əməkdaşlarının Rusiya Federasiyası DİN-nin Sankt-Peterburq Şəhər Baş Polis İdarəsinin əməkdaşı, azərbaycanlı polkovnik-leytenant Azər Əliyevi qanunsuz olaraq hava limanında saxladığı və BMCMİ-nə apardığı barədə məlumat vermişdik. Eyni zamanda onu da bildirmişdik ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin işə qarışması ilə Azər Əliyev sərbəst buraxılıb.

Azər Əliyev kimdir?

Azər Əliyev 1986-cı ildə Rusiyada hərbi təhsil almaq üçün bu ölkənin Hərbi Polis Məktəbinə daxil olur. 6 ay sonra isə öz təkidi ilə Hərbi Peşə Məktəbindən ayrılaraq, Əfqanıstana xidmətə göndərilməsini istəyir. Əfqanıstanda sovet ordusunun xüsusi hərbi hava qüvvələrində xidmət edir.

Hərbi xidmətdən qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Buranı bitirdikdən sonra isə hüquq təhsilini davam etdirmək üçün Hüquq Akademiyasına qəbul olunur və oranı fərqlənmə diplomu ilə bitirir. 1989-cu ildən Rusiya Federasiyası DİN-nin Sankt-Peterburq Şəhər baş Polis İdarəsində Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işləyir. 2000-ci ildən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Qafqaz etnik cinayət qrupları ilə mübarizə şöbəsində işləməkdədir. Polis polkovnik-leytenantıdır.

Azər Əliyev Azərbaycana niyə gəlmişdi?

Bu istiqamətdə AzNews.az olaraq araşdırma aparmağa başladıq. Azər Əliyev Rusiya Federasiyasının DİN-nin Sankt-Peterburq Şəhər Baş Polis İdarəsinin rəsmi ezamiyyə sənədi ilə Azərbaycana gəlib və Bakıda aidiyyəti üzrə Bakı şəhər Səbail rayon polisində qeydiyyata düşüb. Bundan sonra isə A.Əliyev doğulub boya-başa çatdığı Naxçıvanın Şərur rayonunun Yeycə kəndində yaxınları ilə müqəddəs Qurban bayramını qeyd etməyə gedir.

Azər Əliyevin fərqlənən fəaliyyəti

Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diasporundan aldığımız məlumata görə, Azər Əliyev işlədiyi dövrdə müxtəlif mükafatlar alıb ki, bu mükafatlar arasında ən yüksəyi “Qırmızı ulduz”dur. Belə bir mükafat cinayətkarlığa qarşı mübarizə aparan şəxslərə o qədər də nəsib olmur. Eyni zamanda Sankr-Peterburq Şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində yeganə azərbaycanlıdır.

Araşdırma zamanı o da bəlli oldu ki, A.Əliyev Sankt-Peterburqda mövcud olan bəzi etnik cinayətkar qruplaşmalara qarşı mübariz polis əməkdaşı kimi tanınır.

Azər Əliyevin saxlanmasında təxribat

Yuxarıda qeyd etdiyimiz kimi, Azər Əliyev fəaliyyət göstərdiyi şəhərdə etnik cinayət qruplarına qarşı amansız mübarizə aparıb. Bu qruplara üzv olan bəzi cinayətkar azərbaycanlılar təmsil olunduqları cinayətkar qruplaşmanın niyyətini həyata keçirmək üçün daim Azər Əliyevə qarşı müxtəlif təxribatlara da əl atıblar. Elə son baş verən hadisələr də bu cinayətkar qrupların daxilindəki azərbaycanlıların əlinin olduğunu göstərməkdədir. Hava limanında Azər Əliyevin bir cinayətkar kimi saxlanması sadəcə olaraq onu göstərir ki, sifarişi verənlər məhz onun bu şəkildə saxlanmasını istəyiblər. Bu tip əməliyyatlar Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən yalnız və yalnız xüsusi cinayətlər törədənlərə qarşı keçirilir. Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi işə qarışmasaydı, vəziyyət necə olardı, bunu demirik. Səfirliyin prosesə müdaxiləsindən sonra ötən gün axşam saatlarında sərbəst buraxılan Azər Əliyev yaşadığı ölkəyə qayıdıb. Ondan AzNews.az-a baş verənləri şərh etməsini istəsək də, Azər Əliyev hər hansı açıqlama vermədi. Sadəcə olaraq onu bildirdi ki, baş verən hadisədən yaxınları təşvişə düşüblər və onu sadəcə bu narahat edib.

Təxribat, yoxsa sifariş?

Azər Əliyevin cinayət qruplaşmalarına qarşı apardığı əməliyyatlar və qanun çərçivəsində həyata keçirdiyi fəaliyyət onu deməyə əsas verir ki, bu saxlanma əməliyyatından sifariş “iyi” gəlir. Yoxsa kim iki ölkə arasında böhrana səbəb ola biləcək belə bir addım ata bilər? Yuxarıda Azər Əliyevin bu tip hadisələrlə qarşılaşdığını qeyd etdik və onu da bildirdik ki, bu hadisələrdə cinayətkar qruplaşmalarda olan azərbaycanlıların rolu böyükdür.

Sankt-Peterburqdakı diaspor təşkilatlarımızdan əldə etdiyimiz məlumata görə, Azər Əliyevin Azərbaycanda həbs olunmasında “milyarder Zaur” ləqəbi ilə tanınan (qeyd edək ki, “milyarder Zaur”un başqa bir ləqəbi “kəpənək Zaur”dur) Zaur İmamqulu oğlu Tarverdiyevin əlinin olduğu ehtimal edilir.

“Azər Əliyevin saxlanması bizi narahat etdi”

Rusiya Federasiyası Daxili işlər naziri, eyni zamanda Sankt-Peterburq Şəhər Baş Polis İdarəsinin rəisi də Azər Əliyevin həbsinə münasibət bildiriblər. Hər iki rəsmi baş verənlərdən təəssüfləndiklərini qeyd ediblər. Sankt-Peterburada fəaliyyət göstərən Azərbaycan Mədəni Muxtariyyat Cəmiyyətinin sədri Akif Qaqsımov və ölkəmizin Sankt-Peterburq şəhərindəki fəxri konsulu Qüdsi Osmanovun da Azər Əliyevlə bağlı fikirlərini bildirib.

Q.Osmanov məsələdən tam xəbərdar olmadığını bildirərək, Azər Əliyevi Rusiyadakı soydaşlarımız tərəfindən yaxşı insan kimi xarakterizə edildiyini vurğulayıb.

Qeyd edək ki, hadisənin Heydər Əliyev adına Beynəlxalq hava Limanında baş verməsi də təəssüf doğurur. Ən azından ona görə ki, Azər Əliyevə qarşı qanunsuz əməllər ona maddi-mənəvi, psixoloji ziyan vurub, hüquqları kobud şəkildə pozulub.

Kənan
AzNews.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az