Belarusiyanın Qrodno şəhərində ənənəvi Slavyan xalqlarının IX festivalı keçirilib. “Vətəninfo.az”ın Beynəlxalq Diaspora Mərkəzinin rəsmi saytına (www.diasporxeber.az) istinadən verdiyi məlumata görə, tədbirə 33 ölkənin təmsilçiləri qatılıb. Qrodnoda fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəstəyi əsasında Azərbaycan da festivalda iştirak edib. Festival ölkə təmsilçilərinin milli geyimlərdə yürüşü ilə başlayıb. Qeyd edək ki, yürüşün ön cərgəsində Azərbaycan təmsilçiləri hərəkət edib. Üç gün davam edən festivalda xüsusi ayrılmış meydançalarda iştirakçı xalqların mədəniyəti, mətbəxi, musiqisi, xalçaçılıq və əl işi sənəti, müxtəlif tətbiqi incəsənət nümunələri nümayiş etdirilib. Xüsusilə Azərbaycan mətbəxinin milli yeməkləri qonaqlar və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Festivalın növbəti günündə dekorativ tətbiqi sənət ustası və milli geyimlər üzrə dizayner Sevil Qarakişiyevanın xüsusi əl iləri nümayiş olunub. Sərgidə Azərbaycan xalçaları və milli geyimləri qonaqların xüsusi marağına səbəb olub. Qeyd edək ki, Belarusiya mətbuatında Azərbaycana geniş yer ayrılıb. Beləki, təmsilçilərimizin sanki köhnə Bakının kiçik muzeyini yaratdıqlarını qeyd edərək, Bakının rəmzi olan Qız Qalası təsvir olunan rəsimlərin və kiçik heykəllərin marağa səbəb olduğunu yazıb. Festivalda Azərbaycandan gedən müxtəlif ölkələrdə keçirilən festivallarda laureat olmuş milli rəqslərin ifaçısı Gülnarə Abbasovanın “Sarı gəlin” rəqsinin ifası, xüsusilə Nizami Kazımov və Elsevən Məmmədovun Azərbaycanın qədim musiqi alətlərində xalq musiqilərimizin ifası nəinki şəhər sakinlərinin, eyni zamanda Belarusiyanın mədəniyyət nazirinin və rəsmilərinin gurultulu alqışları ilə qarşılanmışdır. Bu səbəbdən hər üç incəsənət ustası Qrodno şəhərinin mədəniyyət idarəsi tərəfindən fəxri diplomla təltif olunub. Festivalda iştirak edən BDM sədri İsmayıl Ağayev Belarusiyanın Mədəniyyət naziri Pavel Latuşko, Qrodno şəhər meri Boris Kozelkov və Qrodno regionunun qubernatoru Semyon Şapiro arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan-Belarusiya mədəni əlaqələri sahəsində fikir mübadiləsi aparılmışdır. Həmçinin Belarusiya rəsmilərinə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafında göstərdikləri xidmətlərinə görə ödüllər təqdim etmiş və Azərbaycanın milli mədəniyyətini tərənnüm edən hədiyyələr təqdim etmişdir. Qrodno azərbaycanlıları diasporunun rəhbəri Namiq Vəliyev, Belarusiya-Azərbaycan Konqresinin sədri Natiq Bağırov, BDM-in Qrodno nümayəndəliyinin rəhbəri Sərdar Hüseynov və BDM-in Avropa nümayəndəliyinin rəhbəri Prof. Azər Kərimov iştirak etmişdir. Qeyd edək ki, festivalda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən BDM-ə təqdim olunan materiallar (bukletlər, jurnallar, kitablar) festival iştirakçıları arasında yayımı təşkil olunub. Bu il keçirilmiş festivalda Azərbaycan təmsilçilərinin ölkəmizi layiqli şəkildə təmsil etmələri Belarusiyada və xüsusən də Qrodno şəhərində yaşayan soydaşlarımız tərəfindən sevinclə qarşılanıb. Festivalın işində Azərbaycan təmsilçilərinin aktiv fəaliyyət östərməsində Qrodnoda fəaliyyət göstərən diaspor rəhbərlərinin, Namiq Vəliyev, Sərdar Hüseynov və Həbib Babayevin xüsusi xidmətləri olmuşdur. Festival “Mir” telekanalı vasitəsi ilə yayımlanıb və Azərbaycanın ən aktiv ölkə olduğu bildirilib.