Azərbaycan-İran savaşında yeni dalğa

Azərbaycan-İran savaşında yeni dalğa

Tehran, Təbriz və Ərdəbildə Azərbaycana qarşı etirazlar səsləndi, rəsmi Bakı «Bunu cavabsız qoymayacağıq» dedi

Iranla Azərbaycan arasında hökm sürən gərginlik davam edir. Iranda “Eurovision” yarışması ilə bağlı Azərbaycana qarşı yeni etirazlar səslənməkdə, Bakıdan isə Tehrana cavablar verilməkdədir. Mayın 18-də Iranda - Təbriz və Ərdəbil şəhərlərində Azərbaycan hökumətini “Eurovision”u nəzərdə tutaraq  “homoseksualların paradına şərait yaratmaqda” ittiham edən şüarlarla yürüşlər təşkil olunub.

Təbriz və Ərdəbildə nümayişlər

Həm Təbrizdə, həm də Ərdəbildə yüzlərlə insan cümə namazından sonra küçələrə çıxıb, Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsinə etiraz bildiriblər. “Media forum” xəbər verir ki, hər iki aksiyada iştirak edənlər əsasən Iran Inqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri, hökumətyönlü axundlar olub.

Aksiyalarda “Azərbaycan şiəsi - qəbul etməz zilləti”,  “Qarabağ homoseksualların rəqs və avazı ilə azad edilməyəcək”, “Amerikaya ölüm”, “Sionist rejimə ölüm”, “Bakını nəcasətə çəkməyin”, “Ölüm olsun sionizm nökərlərinə” və bu kimi başqa şüarlar səsləndirilib.

Tehranın axundundan “od saçan” sözlər

Eyni gündə Tehranın cümə namazına rəhbərlik edən axund Kazım Sədiqi də Bakıda keçirilən “Eurovision” yarışmaından danışıb. Əslən azərbaycanlı, Güney Azərbaycanın Əbhər şəhərindən olan Sədiqi bildirib ki, Azərbaycan hökumətindən müsəlmanların hissiyatı ilə oynamamağı istəyirlər: “Təəssüflər olsun ki, əhalisinin 90 faizi şiə müsəlman olan bu ölkədə islama və insanlığa zidd addımlar atılır, cəmiyyətdə boğuq ab-hava yaradılır, dini azadlıqlar minimuma endirilir. Bu ölkədə məscidlər dağıdılır, hicab tərəfdarları tutulur və hər hansı islami hərəkətə senzura qoyulur. Belə bir şəraitdə Israil rəsmilərinin bu ölkəyə gəlib-getdiyi müşahidə olunur.

Ümid edirik ki, Azərbaycan hökuməti qəbul etdiyi bu qərardan əl çəkəcək. Bu ölkə əhalisinin yoxsulluqla əlbəyaxa olduğu bir vaxtda milyonlarla avroluq brendlərin təbliği ilə homoseksualların parad keçirməsi təəssüf doğurur. Biz Azərbaycan hökumətindən istəyirik ki, bu qəbahətli əməlindən əl çəksin və 1 milyard müsəlmanın hissiyyatı ilə oynamasın. Biz Azərbaycan hökumətindən istəyirik ki, öz müsəlman xalqının razılığını Amerika və Israilin razılığına dəyişməsin. Insanların fitrətinə qarşı süngü ilə mübarizə aparmaq olmaz”.

Kazım Sədiqi Tehranın cümə namazındakı nitqini fars dilində söyləyib. Çıxışının sonunda o, bir qədər Azərbaycan dilində də danışıb.

Bakıdan sərt cavab: “Biz bunu cavabsız qoymayacağıq”

Iranda təşkil olunana etirazlara rəsmi Bakı Xarici Işlər Nazirliyi səviyyəsində cavab verib. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Biz bunu cavabsız qoymayacağıq” deyə bildirib. Abdullayev qeyd edib ki, Azərbaycan tərəfi belə ifadələri və təhqirləri məqbul saymır: “Azərbaycan bunlara adekvat cavab verəcək. Azərbaycan müstəqil dövlətdir, onun daxili işlərinə müdaxilə yolverilməzdir”.

Vitse-spiker də Irana “hücum” etdi

Azərbaycan XIN-lə yanaşı Milli Məclisin sədr müavini Bahar Muradova da Iranın etirazlarını pisləyib. O, Bakıda Iran səfirliyi qarşısında keçirilən etiraz aksiyalarından danışaraq deyib ki, bu aksiyalar Iranda Azərbaycan əleyhinə atılan qərəzli addımlara cavabdır. Muradova “Media forum” saytına deyib ki, Azərbaycanda Irana qarşı yalnız cavab aksiyaları keçirilir, Iranı təhdid edən fikirlər səsləndirilmir: “Iranda hər zaman Azərbaycan əleyhinə kampaniya gedir, təhdid xarakterli fikirlər səsləndirilir, hərəkətlər edilir. Indi isə Azərbaycanda buna cavab verilir. Hesab edirəm ki, ilk növbədə Iran rəhbərliyi Azərbaycana qarşı yönələn hərəkətlərə cavab verməlidir. Hətta bizim Təbrizdəki baş konsuluğumuzu dağıtmaq hədələri olub. Rəsmi Tehran buna münasibət bildirməlidir”.

B.Muradova Iran səfirliyi qarşısında aksiyaları hakimiyyətin təşkil etməsi iddialarını əsassız adlandırıb. Bildirib ki, Azərbaycanda insanların öz fikrini sərbəst ifadə etmək azadlığı var, amma təəssüf ki, Iranda bu, yoxdur. “Iran da yeri gələndə öz din xadimlərinin, hansısa dairələrin fəaliyyətinin rəsmi dövlət siyasəti olmadığını bəyan edir. Biz də belə deyirik. Çox istərdim ki, Iran rəsmiləri üçünc qüvvələrin, Iranda olan bəzi dairələrin iki ölkə arasındakı münasibətlərin kəskinləşdirilməsi istiqamətində atılan addımlarını rəsmi dövlət siyasəti ilə qarışdırmasınlar və Azərbaycana bunun əsasında münasibət göstərməsinlər”, - deyə vitse-spiker bildirib.

Qafqaz Müsəlmanları Idarəsi izahat verir

Bu arada Qafqaz Müsəlmanları Idarəsi (QMI) Iran səfirliyinin ötən gün yaydığı bəyanatla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Qafqaz Müsəlmanları Idarəsi dini mərkəz olaraq dini-mənəvi dəyərlərə zidd olan gey-parad keçirilməsinə heç vaxt haqq qazandırmayıb, bununla bağlı idarəyə bildirilən iradların heç bir əsası yoxdur. “Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMI-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatçılığa ehtiyac yoxdur.  Lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyllər yaradıb. QMI olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq”, - deyə açılamada qeyd olunur.

Irana qarşı etirazlar dünyaya səpələnir

Iranın diplomatik missiyaları isə təkcə Bakıda yox, dünyanın bir sıra başqa ölkələrində də Azərbaycana qarşı münasibətə görə narahat edirlir. APA-nın xəbərinə görə, mayın 19-da Almaniya və Danimarkada yaşayan azərbaycanlılar Iranın Berlin və Kopenhagendəki səfirlikləri qarşısında kütləvi etiraz aksiyası təşkil edəcək. Mayın 20-də isə Niderland parlamentinin və Iranın Isveçdəki səfirliyinin önündə, Latsio (Italiya), Toronto (Kanada), Paris (Fransa) və London (Ingiltərə) şəhərlərinin mərkəzlərində, ABŞ-da Pakista səfirliyinin qarşısında (ABŞ-da Iranın maraqlarını Pakistan səfirliyi təmsil edir) etiraz aksiyaları keçiriləcək.

"Azadlıq.info"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az