Azərbaycan musiqisinin Ukraynada təntənəsi

Azərbaycan musiqisinin Ukraynada təntənəsi

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinidən verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri böyük öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Ukraynada Azərbaycan Musiqisi Günləri çərçivəsində konsertlər təşkil edilmişdir. Qeyd edək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Bəstəkarlar İttifaqı böyük tərkiblə ilk dəfə idi ki, xarici ölkədə yaradıcılıq səfərində olurdu. Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı (UMBİ), Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbaycan Bəstəkarlar Birliyi (ABB), Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu və Ümumukrayna İctimai Təşkilatının birgə təşkilatçılığ ilə baş tutan bu möhtəşəm tədbirin iştirakçıları ilk öncə Kiyevin mərkəzində dahi öndərin adını daşıyan parkda əklilllərlə onun heykəlini ziyarət etmişlər. Tədbir işqtirakçıları daha sonra Azərbaycanın Ukraynadakı səfirliyində olmuş, səfirliyin iqamətgahında dahi öndərə həsr olunan guşəni ziyarət edərək əklillərlə öz ehtiramlarını bildirmişlər. 

Azərbaycan Musiqisi Günləri kimi bu möhtəşəm tədbirin böyük əhəmiyyəti Ukrayna dinləyicisinin Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi klassiklərlə yanaşı orta və gənc nəslin nümayəndələri olan müasir bəstəkarların əsərləri ilə, həm də bu ölkədə az tanınmış Azərbaycan musiqi alətlərində - tar, qanun, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olmasıdır. Tədbir çərçivəsində Kiyevin adlı-sanlı konsert salonlarında təşkil edilən konsertlərdə bütövlükdə 17 bəstəkarın əsərləri ifa olunmuşdur. 

Azərbaycan Musiqi Günlərinə Ukrayna ictimaiyyəti, o cümlədən mətbuatı böyük maraq göstərmişdir. Belə ki, aprelin 2-də Ukrayna Milli Filarmoniyasının Musiqi salonunda Ukraynada Azərbaycan musiqisi günlərinin açılışına həsr edilmiş mətbuat konfransında çoxsaylı yerli mətbuat nümayəndələrinin iştiak etməsi bu tədbirə olan böyük marağın göstəricisi idi. Mətbuat konfransında

çıxış edən UMBİ-nin idarə heyətinin sədri, UMEA-nın müxbir üzvü İqor Şerbakov keçən il Bakıda keçirilmiş müasir Ukrayna musiqisi günlərində və ABB-nin qurultayının işində fəxri qonaq kimi iştirakından bəhs etmiş və Azərbaycan klassik və milli musiqisini yüksək qiymətləndirərək start verilən Azərbaycan musiqisi günlərini iki dost ölkənin mədəni həyatında çox böyük hadisə adlandırıb.

Azərbaycan Bəstəkarlar Birliyinin sədri Firəngiz Əlizadə də öz növbəsində Ukrayna klassik musiqisinin yüksək şöhrətə malik olduğunu və onun ifaçılarının virtuozluğunu xüsusi vurğulayıb, Ukrayna tərəfinə və Kiyevdəki səfirliyimizə, bu mədəni tədbirdə iştirak edənlərə gözəl təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. 

Mətbuat konfransında çıxış edənlər dünyada, o cümlədən dost Ukraynada Azərbaycan musiqi sənətinin fəal təbliği işində ABB-nin rəhbəri kimi Firəngiz Əlizadənin şəxsi töhfəsini xüsusi qeyd ediblər.

Tədbirdə Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Nazim Əliyev, Azərbaycan rəsmi nümayəndə heyətinin üzvləri, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov, Ukraynanın tanınmış bəstəkarları və mədəniyyət xadimləri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ÜİT-in sədri Hikmət Cavadov və başqaları da çıxış ediblər.

Aprelin 2-də UMBİ-nin Musiqi salonunda kamera musiqisi konserti böyük müvəffəqiyyətlə keçmişdir. Konsertdə “A la mugam” (solistlər - Azərbaycanın Əməkdar Artisti Sahib Paşazadə (tar), Çinarə Mütəllibova (kanon), Aida Rəfiyeva (kamança), Oleq Felzerin «Bayatı Şiraz» (Samir Əsədov (skripka)), Vasif Allahverdiyevin tar üçün “Qarabağnamə” (solist - S.Paşazadə), Aliyə Məmmədovanın kamera ansamblı üçün “Nurlu kədər”i, Həsən Rzayevin “Çahargah” əsərləri səsləndirilmişdir. 

Konsertin ikinci hissəsində salondakı çoxsaylı tamaşaçılar Rüfət Xəlilovun “No comment...”, Ceyhun Allahverdiyevin “Dəniz və səma” və “Sevəcəyəm” əsərləri, Firuddin Allahverdinin simli alətlər üçün Konsertinin III hissəsi və sonda Azərbaycan klassik musiqisinin korifeyi Fikrət Əmirovun “Nizami” simfoniyası ilə böyük həvəslə tanış olmuşlar. 

Konsertdə Ukrayna solistlərinin “Kiyevskaya kamerata” milli ansamblı iştirak etmişdir. 

Konsertin sonunda səhnəyə Azərbaycan səfirliyi, Ukraynanın dövlət və ictimai təşkilatları adından gül səbətləri gətirilmişdir. 

Konsertdə Azərbaycan Bəstəkarlar Birliyinin sədri Firəngiz Əlizadə, səfirliyimizin əməkdaşları, Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin yüksək vəzifəli nümayəndələri, UMBİ-nin rəhbərliyi, diasporun üzvləri və s. iştirak etmişlər.

3 aprel tarixində Ukrayna Milli Filarmoniyasının N.Lısenko adına sütunlu salonunda Ukraynanın Əməkdar Akademik Simfonik Orketsrinin iştirakı və Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə simfonik konsert keçirilmişdir. Konsertin açılışında Ukrayna Mədəniyyət nazirinin birinci müavini Timofey Koxan, Səfir Eynulla Mədətli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Ukrayna Milli Bəstəkarlar İttifaqının idarə heyətinin sədri İqor Şerbakov çıxış etmişlər. Konsertdə Azərbaycanın Ukraynadakı Səfirliyinin kollektivi, səfirlər və diplomatik korpusun digər üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin rəsmiləri, Azərbaycan diasporunun və Ukrayna ictimaiyyətinin üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

Konsertin birinci hissəsində Sərdar Fərəcovun “Koroğlu” freskası, Ukraynanın xalq artisti, tenor Qurban Abbasovun ifasənda Asəf Zeynallının “Ölkəm ” romansı, Azər Dadaşovun “Reminissensiya”, Cəlal Abbasovun «Where are you, Ulyses?» və Rauf Əliyevin “Monoloq” əsərləri səsləndirilmişdir. 

Konsertin ikinci hissəsində tamaşaçılar tanınmış violin ifaçısı Ukraynanın əməkdar artisti, beynəlxalq müsabqələr laureatı Boqdana Pivnenkonun ifasında (skripka) dahi bəstəkar Qara Qarayevin Konserti, Firəngiz Əlizadənin “Nağıllar”, Dadaş Dadaşovun qanun üçün “Naxışlar” (ifaçı Çinarə Mütəllibova (kanon), Musa Mirzəyevin “Azərbaycan rəqsi” əsərlərini dinləmişlər.

Konsertdən sonra Səfir Eynulla Mədətli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Ukraynanın “5-ci kanal”ına və digər KİV-lərə müsahibə vermişlər.

4 aprel tarixində Ukrayna Milli Bəstəkarlar İttifaqında “Ukrayna-Azərbaycan musiqi əlaqələri: müasir mərhələ” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Azərbaycan musiqi mədəniyyəti müstəqillik illərində” mövzusunda məruzə ilə çıxış etmişdir. L.Hüseynova çıxışı zamanı müasir Azərbaycan musiqisində gedən proseslərin təhlili ilə yanaşı tədbir iştirakçılarının istəyi ilə Azərbaycan muğamı barədə məlumat vermişdir. Çıxışçı Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və incəsənət xadimlərinə, mədəniyyətimizin xaricdə tanıdılmasına verdiyi diqqət və əməkdən danışmış, bu diqqətin Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirmişdir.

Musiqişünas Turan Məmmədəliyeva isə «Gənc Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışlarında» mövzusunda məruzə ilə çıxış etmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Firəngiz Əlizadənin şərhi ilə musiqiçilər əməkdar Artisti Sahib Paşazadə (tar), Çinarə Mütəllibova (kanon), Aida Rəfiyevanın ifasında (kamança) «Rast» muğam-dəstgahı dəyirmi massa iştirakçılarına təqdim edilmişdir.

Dəyirmi masada Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri İqor Şerbakov və idarə heyətinin üzvləri, Azərbaycanın Ukraynadakı Səfirliyinin kollektivi, Azərbaycan nümayəndə heyəti, Ukrayna mədəniyyət xadimləri və s. iştirak etmişlər. 

Tədbirdən sonra Firəngiz Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ukraynadakı Səfirliyində və Səfirliyin yanında yerləşən Heydər Əliyev parkında olmuş, ümummilli liderin abidəsini ziyarət etmiş, Səfirliyin işi və binası, “Qarabağ” və “Naxçıvan” mərasim salonları ilə tanış olmuşlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az