Koreya Respublikasında nəşr olunan “Diplomacy” jurnalında prezident İlham Əliyevin müsahibəsi dərc olunub. "Vətəninfo.az" AzərTAc-a istinadən verdiyi məlumata görə, jurnalın “Üzləşdiyiniz əsas problemlər hansılardır” sualını dövlət başçısı belə cavablandırıb: “Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ən ağrılı problem Ermənistanın Azərbaycana davam edən təcavüzü və bu təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasıdır. Münaqişə bölgədə sülhə və sabitliyə ən böyük təhlükədir. İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektləri, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar tamamilə dağıdılıb.
Münaqişənin nizama salınması üçün güclü beynəlxalq hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu qətnamələr ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır, lakin bunlar icra olunmur. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm qərar və qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bunların da heç birinə məhəl qoymur.
Uzun illərdir ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli ilə məşğul olur. Həmsədr ölkələrin - Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında çoxlu sayda görüşlər keçirilib. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə həllini tapa bilmir”.
Azərbaycanın iqtisadi vəziyyətindən danışan prezident deyib ki, ölkə iqtisadi inkişaf templərinə görə dünyada liderdir: “Ümumi daxili məhsulun artımı baxımından biz ən yüksək göstəricilərə nail olmuşuq. Son bir neçə ildə ölkə iqtisadiyyatı 300 faiz artıb. İşsizliyin aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Son 8 il ərzində bir milyondan çox yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 5,4 faizdir. Hər il əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə endirilib.
Biz iqtisadiyyatın liberallaşdırılmasına, özəl sektor üçün yaxşı şəraitin yaradılmasına nail olmuşuq. Həyata keçirilən liberal iqtisadi siyasət ölkədə sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradıb. İqtisadiyyatda özəl sektorun payı artıq 80 faizdən çoxdur. Bu gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir”.
“XXI əsrdə Azərbaycanı necə görürsünüz” sualına İlham Əliyev belə cavab verib: “Elmi-texniki tərəqqinin inkişaf etdirilməsi, təhsilin, səhiyyənin ən müasir tələblər səviyyəsinə qaldırılması, cəmiyyətin bütünlüklə modernləşdirilməsi əsas prioritet məsələlərdəndir. Biz informasiya-kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə böyük önəm veririk.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu bir ərazi olub. Bu gün biz ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin birgə yaşayışı üçün tolerant cəmiyyət qurmuşuq. Əminəm ki, dünyaya nümunə ola biləcək bu tolerantlıq ölkəmizdə gələcəkdə də hökm sürəcək.
Digər sahələrə gəlincə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün mühüm layihələr həyata keçiririk. İdmanın inkişaf etdirilməsi də dövlətin daim diqqət mərkəzindədir və deyə bilərəm ki, artıq bu sahədə böyük uğurlar əldə etmişik. Bir sözlə, gələcəklə bağlı planlarımız çoxdur və əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata keçirdiyimiz məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcək”.