”Azərbaycanda demokratiyanın pozulması dini radikal cərəyanların inkişafına yol açır”

”Azərbaycanda demokratiyanın pozulması dini radikal cərəyanların inkişafına yol açır”

Azərbaycanda demokratiyanın səviyyəsi region ölkələri ilə müqayisədə çox geri qalır. Buraya azad və ədalətli seçkilər, müstəqil məhkəmələr, özəl əmlakın toxunulmazlığı, ifadə və söz azadlığı, təhsil və səhiyyənin səviyyəsi, korrupsiya və rüşvətin səviyyəsini götürsək çox böyük problemlərin olduğunu görərik. 

Bu sözləri “Veteninfo.az”a Praqa Universitetinin əməkdaşı, poliotoloq Zamiq  Məmmədli bildirib.

"Bunu sıravi Azərbaycan vətəndaşı gündəlik həyatında daim hiss edir. Vətəndaşlar öz problemlərinin həllini işlək qanunlar və azad məhkəmələr vasitəsilə həll edə bilmirsə, siyasi qarnituranı seçkilər yolu ilə dəyişdirmək hüququndan məhrum edilirsə yeganə çıxış yolunu və təsəllini dində axtarmağa başlayırlar. Azərbaycandakı dini qruplaşmaların arxasında hansı qüvvələrin durduğu da az çox hamıya məlumdur və bu maraq dairələri insanların ümidsizliyindən, məyusluğundan və çarəsizliyindən istifadə edib özlərinə cəlb etməyi bacarırlar. İnsanların radikal dini cərəyanara qoşulması, dinə daha çox meyl etməsində liberal-dünyəvi müxalifəti demək olar ki sıradan çıxarmış hökumətə də sərf edir, Qərb dövlətlərinə özünün alternativi kimi dini-radikal "müxalifəti" göstərərək Azərbaycanda milyardlarla sərmayəsi olan Avropa və Amerikanı bir növ şantaj edir və beləliklə də hakimiyyətinin ömrünü uzatmağa çalışır. Bu qədər hakimiyyət hərisliyi, korrupsiya və rüşvətdən gələn milyardlar hakim dairələrin başını o qədər gicəlləndirib ki, artıq xalqın gələcəyi, Azərbaycan Respublikasının dünyəvi, sivil demokratik bir cəmiyyətdən getdikcə uzaqlaşmasını onları maraqlandırmır”-deyən politoloq “nə qədər ki, vətəndaşların azad seçib-seçilmək hüququ bərpa edilməyəcək, nə qədər ki, parlament və bələdiyyələr azad seçkilər yolu ilə deyil "təyinat"la formalaşdırılacaq, nə qədər ki azad və ədalətli məhkəmə sistemi olmayacaq, nə qədər ki iqtisadi və siyasi azadlıqlar, əmlak hüququ, ifadə və söz azadlığı pozulacaq, insanların yeganə istinad yeri din və radikal dini qruplaşmalar olacaq. Bu hakimiyyət tərəfindən aparılan çox təhlükəli bir oyundur. Belə davam edərsə Azərbaycanı böyük qarşıdurmalar, təlatümlər və idarəolunmaz sosial partlayışlar gözləyir. Bu da müharibə vəziyyətində olan, müxtəlif maraq dairələrinin toqquşduğu bir coğrafiyada yerləşən Azərbaycan üçün məhvedici nəticələr verə bilər. Mən Azərbaycan hakimiyyətini dərhal, təxirəsalınmaz siyasi və iqtisadi islahatlara başlamağa çağırıram”-deyə, Zamiq Məmmədli vurğuladı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az