Azərbaycandan onlar cəbhəyə yollandı - Rus deputat
Azərbaycandan hər dörd nəfərdən biri cəbhəyə yollandı və 300 mindən çox insan bir daha evinə qayıtmadı. Onların məzarları Rostov, Voronej, Taqanroq, Moskva ətrafı və Volqoqraddadır. Azərbaycanlıların 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bunların hamısını Azərbaycanda yaxşı xatırlayırlar.
Miq.Az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərtac-a müsahibəsində bildirib.
"İki yol var. Birincisi, tarixi yaddaşın qorunmasına yönəlmiş dövlət siyasətidir. İkincisi, hər bir insanın öz sələfinin qəhrəmanlığının yaddaşlarda qorunması üçün şəxsi marağının olmasıdır. Bu iki yol bir-birini tamamlayır. Öz tarixini bir neçə dəfə yenidən yazmış Baltikyanı ölkələrdə 9 May dövlət bayramı deyil. Buna baxmayaraq, iş günü olsa belə, minlərlə insan sovet əsgərlərinin memoriallarını ziyarət edir. Rusiyada Qələbə gününün dövlət səviyyəsində anlamı haqqında danışmağa ehtiyac görmürəm, bu, hamıya məlumdur. Lakin "Ölməz Polk” dövlətin təşəbbüsü deyil. Sadə insanların təşəbbüsü kimi bu ənənə hazırda Rusiya ilə yanaşı, geniş coğrafiyada – Avropada, Amerikada və əlbəttə, indi müstəqil olan keçmiş sovet respublikalarında yayılıb. Deməliyəm ki, Azərbaycanda bu yürüşlər çox təntənəli keçirilir. Çünki müharibə illərində bu ölkədə "Bizim üçün hər bir neft buruğu Stalinqraddır!” yazılmış plakatlar asılmışdı və bu müqəddəs bir həqiqət idi. İnsanlar yuxusuz və dincəlmədən işləyirdi, çünki sovet tankları və təyyarələri üçün yanacağın 80 faizi Bakıdan gəlirdi. Azərbaycandan hər dörd nəfərdən biri cəbhəyə yollandı və 300 mindən çox insan bir daha evinə qayıtmadı. Onların məzarları Rostov, Voronej, Taqanroq, Moskva ətrafı və Volqoqraddadır. Azərbaycanlıların 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bunların hamısını Azərbaycanda yaxşı xatırlayırlar. Bu faktlar Rusiyada da yaddaşlardan silinməyib. Onu da yaxşı başa düşürlər ki, öz tarixinin təhrif edilməsinə və sələflərinə iftira atılmasına biganə qalan xalq öz ruhunu, gələcəyini itirəcək. Buna heç bir vəchlə yol vermək olmaz. Ona görə də Rusiyanın bir çox şəhərlərində olduğu kimi, Bakıda da "Ölməz Polk” var və 9 May dövlət bayramı kimi qeyd edilir. Bu səbəbdən Azərbaycan və Rusiya müharibə haqqında həqiqətləri birgə qoruyub saxlamağa, onları övladlarına və nəvələrinə ötürməyə çalışırlar.
Yubiley ilində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Qızıl meydandakı paradı birgə qəbul etdilər. Bu paradda azərbaycanlı hərbi qulluqçular da iştirak edirdilər. Bayram ərəfəsində Rusiyanın hər hansı bir şəhərində olduğu kimi, Bakı, Naxçıvan, Qəbələdə də onlarca tədbir keçirilir, uşaqlara və yeniyetmələrə çoxmillətli sovet xalqının böyük rəşadətindən söhbət açılır. Bundan başqa, Rusiya və Azərbaycanın məktəbləri arasında mübadilələr aparılır – məsələn, bakılı uşaqları Volqoqrad yaxınlığındakı "Şərqin 11 qəhrəmanı” yüksəkliyinə, həştərxanlı məktəbliləri isə Qafqazda döyüş şöhrəti yerlərinə baxmağa aparırlar. Əlbəttə, bu tədbirlərin bir neçəsi dövlət təşəbbüsləri çərçivəsində həyata keçirilir, lakin böyük bir hissəsini insanlar ürəklərinin və vicdanlarının səsi ilə özləri təşkil edirlər. Məhz bu, bizim tarixi həqiqətlərin təhrif edilməsi cəhdlərinə (məncə, bunu mənəvi terror adlandırmaq lazımdır) verdiyimiz ümumi cavabdır", - Savelyev qeyd edib.
Miq.Az