ABŞ “Vneştorqbank”a qarşı sanksiyalar tətbiq edə bilər, bank Suriya rejimini maliyyələşdirməkdə ittiham olunur
Bir qrup ABŞ senatoru ölkənin maliyyə nazirinə məktub göndərərək Rusiyanın ən iri banklarından olan “Vneştorqbank”a qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə çağırıb.
Virtualaz.org xarici qaynaqlara istinadən xəbər verir ki, belə bir çağırışla senatorlar Riçard Blyumental, Cin Şahen, Con Kornin və Kelli Ayott çıxış ediblər.
ABŞ maliyyə nazirinə göndərilmiş məktubda bildirilir ki, Rusiyanın “Vneştorqbank”, “Vneşekonombank” və “Qazprombank” maliyyə qurumları Suriya rejimi ilə sıx əməkdaşlıq edir, ABŞ və Avropa İttifaqı tərəfindən Bəşər Əsəd rejiminə qarşı tətbiq edilmiş sanksiyaları pozur. Senatorlar bildirir ki, Bəşər Əsədin şəxsi aktivləri “Vneştorqbank”da saxlanılır və bu bank üzərindən Suriyaya silah satışı maliyyələşdirilir.
ABŞ administrasiyası hələ senatorların müraciətinə münasibət bildirməyib.
Qeyd edək ki, əgər “Vneştorqbank”a qarşı beynəlxalq sanksiyalar tətbiq edilsə, bunun Azərbaycana da birbaşa təsiri olacaq. Belə ki, Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi bu bankda saxlanılır. Dövlət Neft Fondu bu ilin aprelində “Vneştorqbank”ın səhmlərinin bir neçə faizini 500 milyon dollara alıb. Bu investisiya sövdələşməsindən sonra Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov “Vneştorqbank”ın Direktorlar Şurasına daxil olub.
O vaxt ekspertlər bu sövdələşmənin siyasi mahiyyət daşıdığını və Azərbaycanla Rusiya arasında münasibətləri yaxşılaşdırmağa hesablandığını düşünürdülər. “Vneştorqbank”ın səhmlərinin 60 faizi hazırda Rusiya dövlətinin nəzarətindədir.
Azərbaycan Dövlət Neft Fondunun yarım milyardlıq yatırımından əlavə “Vneştorqbank”ın Azərbaycanda da filialı fəaliyyət göstərir. O, Azərbaycanın bank sektoruna daxil olan yeganə Rusiya dövlət bankıdır. “Vneştorqbank”ın Azərbaycanda birgə müəssisə formasında “Bank VTB Azerbaijan” filialı fəaliyyət göstərir. Əgər sanksiyalar tətbiq edilsə, bunun təsiri filialın fəaliyyətindən də yan keçməyəcək.
Virtualaz.org