Eldar Həsənovun qudası "bankrot" olub - Dənizə açılan möhtəşəm villa satışa çıxarıldı

 Eldar Həsənovun qudası
 
Vətəninfo.az xəbər verir ki,  Strateq.az-a verilən məlumata görə, görünüşü və imkanlarına görə möhtəşəm sayılan villaya ilkin qiymət 10 milyon qoyulub: "Villanın möhtəşəmliyini təsdiq edən digər bir fakt isə, oraya girişin təkcə quru yolla deyil, həm də dəniz yolu ilə olmasıdır. Hərdən villadan yaxta ilə dənizə açılaraq, gözəl istirahət etmək mümkündür. Bununçün bütün zəruri imkanlar vaxtı ilə yaradılıb. Bildiyimə görə, villa ilə yanaşı, həmin yaxta da satışa çıxarılıb".
 
Məlumata görə, həmin villada Rabil Hüseynovun oğlu, Baş Prokurorluğun sabiq əməkdaşı Şahin Hüseynli yaşayır: "Şahin Hüseynli 2005-ci ildə prokurorluqdan öz ərizəsi ilə çıxdı və parlament seçkilərinə qatıldı. Ancaq o zaman namizədliyi qeydiyyata alınmadı".
 
Şahin Hüseynli haqqında digər diqqətçəkən məqam isə onun bir neçə il əvvəl bibisi oğlu Yaşar Məlikovun sahibi olduğu məşhur "Neolit" şadlıq sarayında törətdiyi olay sayıla bilər.
 
Həmin hadisə ilə bağlı həmin vaxtı Bakı Şəhər Baş Polis İdarəsi və paytaxt Prokurorluğunun birgə yaydığı məlumatda bildirilirdi ki, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi "Neolit" restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulması ilə vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb:
 
"Həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus "Jaguar" markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman restoranda istirahət edən çoxsaylı insan vahiməyə düşərək, restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gəlmiş Nizami Rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən Şahin Hüseynli zərərsizləşdirilib. Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir".
 
Lakin maraqlı budur ki, bu hadisədən bir neçə ay sonra məhkəmə onu həbsdən azad edib.
 
Eldar Həsənovun qızının həyat yoldaşı Qabil Hüseynliyə gəldikdə isə, onun hələ bir neçə il əvvəl Azərbaycanı tərk etdiyi bildirilir. İddialara görə, Qabil Hüseynli Türkiyədə yaşayır, orada biznes fəaliyyəti ilə məşğul olur: "Qabil Hüseynli Bakıda - atasının rəhbərlik etdiyi zavodda işləyirdi. Lakin zavodun fəaliyyətində yaranan böhran onun ölkədən getməsinə səbəb oldu. Kifayət qədər bacarıqlı və ağıllı olan Qabil Hüseynlinin qısa zamanda Türkiyədə uğurlu biznes qurduğu da deyilir...".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az