Azərbaycanlı məmur Saakaşvilinin tənqidinə tuş gəldi
Mixail Saakaşvili azərbaycanlı məmuru tənqid edib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə,
Ukraynanın Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri
Mixail Saakaşvili əslən azərbaycanlı Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman
Nəsirovu işində buraxdığı nöqsanlara görə sərt tənqid edib. Saakaşvili,
hesab edir ki, Dövlət Fiskal Xidməti gömrükdə islahatların öhdəsindən
gələ bilmir.
Bunu Odessa qubernatoru İlyiçevsk dəniz ticarət limanı gömrüyünə işgüzar səfəri zamanı bəyan edib.
"Roman Nəsirov adlı bir adam gəldi və kameralar qarşısında söz verdi ki,
hər şeyi dəyişəcək. Amma heç nə dəyişməyib, hər şey olduğundan daha
pisdir, hətta, Yanukoviçin vaxtından daha pis. O, bu insanlar üçün nəyi
dəyişdi? Heç nəyi. Eybi yox, qoy, mən bu gömrükdə növbə çəkim, amma bu
yuxulu, korrupsiyalaşmış, çürümüş strukturu insanlardan əl çəkməyə
məcbur edəcəm”, - deyə Saakaşvili əlavə edib.
Saakaşvilinin sözlərinə görə, onun İlyiçevsk dəniz ticarət limanı
gömrüyünə səfərinin əsas məqsədi sahibkarların yüklərinin
rəsmiləşdirilməsinin səbəbsiz ləngidilməsi ilə bağlı şikayətləri olub.

Roman Nəsirov - Dövlət Fiskal Xidmətinin rəhbəri
Ukrayna Radasının deputatı və ölkənin Dövlət Fiskal Xidmətinin rəhbəri
Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiev şəhərində anadan
olub. Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-ci ildə Azərbaycandan
Ukraynaya gedib və ukraynalı xanımla ailə qurub. Bu nigahdan doğulan
Roman uşaqlığından Ukraynada böyüyüb.
O, 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu
«maliyyə» ixtisası üzrə bitirib. Bundan əlavə, onun Şərqi London
Universitetinin (University of East London) maliyyə və beynəlxalq
menecment üzrə magistr dərəcəsi var.