BAXCP Milli Məclisin növbədənkənar iclasının keçirilməsinə çağırır
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi məsələlər müzakirə olunub. Toplantıda Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun Bakıya gətirilməsi və azadlığa buraxılması məsələsi də diqqət mərkəzində olub.
BAXCP İdarə Heyəti Ramil Səfərovun Azərbaycana ekstradasiyasından və azad edilməsindən sonra Ermənistanda parlamentin növbədənkənar sessiyasının çağırılması, eləcə də düşmən ölkədə müharibə çağırışlarının səsləndirilməsi ilə əlaqədar bəyanatla çıxış edib. BAXCP İdarə Heyəti Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələr aparmaq və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində təsirli və qəti qərarlar qəbul etmək məqsədilə dövlət başçısının, hökumətin, bütün siyasi partiya rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Milli Məclisin növbədənkənar iclasının keçirilməsinə çağırır. BAXCP hesab edir ki, bu gün Ermənistan deyil, məhz Azərbaycan çoxdan işğalçıları torpaqlarımızdan qovmaq üçün belə bir addım atmalıdır.
BAXCP Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ekstradasiyasına və azad olunmasına bəzi dövlətlərin riyakar münasibətini pisləyib. Partiya hesab edir ki, Ramil Səfərovun beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericiliyinə əsaslanan ekstradasiyasına və əfv qərarına isterik münasibət anlaşılmazdır. BAXCP bəyan edir ki, Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək istiqamətində zor tətbiqindən çəkindirməyə çalışan, Ermənistanın işğalçı siyasətinə göz yuman, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən narahat olmayan bəzi beynəlxalq təşkilatların və dövlətlərin indi bir nəfərin azad edilməsinə bu cür təpki göstərməsi qəbuledilməzdir.