Binəqədi rayonu Avropa Oyunlarına hazırdır

Binəqədi rayonu Avropa Oyunlarına hazırdır

Yarışlar ərəfəsində rayonun qonağı olacaq xarici turistlər Binəqədidən xoş təəssüratla ayrılacaq

Bu gün bütün ölkə iyunun 12-dən 28-dək Azərbaycanda baş tutacaq Birinci Avropa Oyunlarına hazırlaşır desək yanılmarıq. Xüsusilə, bu hazırlıq prosesi paytaxt rayonlarında özünü daha qabarıq şəkildə göstərir. Azərbaycanı Avropa Oyunlarına yaxınlaşdıran hər gün paytaxt rayonlarının simasını dəyişir, yeni-yeni obyektlər, infrastruktur layihələri istifadəyə verilir. Birinci Avropa Oyunlarına ən ciddi şəkildə hazırlaşan paytaxt rayonlarından biri də Binəqədi rayonudur. I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin bir neçəsinin rayon ərazisində yerləşməsi, həmçinin komplekslərə gedən marşrutun bir hissəsinin Binəqədi rayonu ərazisindən keçməsi səbəbindən, son illər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri zəruri edirdi. Elə bu zərurəti nəzərə alan rayon rəhbərliyinin sərəncamı ilə 1 iyul 2014-cü il tarixindən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. Layihənin həyata keçirilməsində məqsəd Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək  idi. Məsələnin ciddiliyi nəzərə alınaraq Binəqədi rayonunda I Avropa Oyunlarına hazırlıqla əlaqədar Qərargah da yaradılıb. Qərargahda qaynar telefon xətti fəaliyyət göstərir, məsul şəxslər müəyyənləşdirilir, işlərin koordinasiyası təmin edilir.


Ümumiyyətlə, istər “Təmiz Binəqədi” layihəsi çərçivəsində, istərsə də yarışlara hazırlıq istiqamətində görülən işlər nəticəsində  Birinci Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri və obyektlərin yerləşdiyi ərazilərdə abadlaşdırma işləri aparılıb, rayonun küçə, prospekt və meydanlarında nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Eyni zamanda məişət tullantılarının daşınması qrafiklərinin müəyyənləşdirilməsi, əhalinin və digər istehlakçıların rabitə, qaz, elektrik enerjisi və su ilə fasiləsiz təmin edilməsi təmin olunub. Bundan başqa Binəqədi rayonunda yerləşən Bakı Atıcılıq Mərkəzi və Dağ Velosipedi yarışları üçün veloparkın ətrafı abadlaşdırılıb. Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.  “Veqas” İdman və Sağlamlıq Mərkəzi, Turan İdman Klubu, Azərbaycan Qolf Federasiyasının inzibati binası, Xocasən qəsəbə stadionu, Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksləri ətrafında genişl quruculuq-abadlıq işləri həyata keçirilib.


Görülən işlər nəticəsində təkcə bu olin aprel ayında Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayon N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərhad Hümbətov və Ramiz Aboyev adına, həmçinin Azadlıq prospekti metrosunun üzərindəki parklarda ağaclar budanıb və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib və onlara qulluq edilib, təmizlik işləri aparılıb. Atatürk prospektində yerləşən Ayna Sultanova parkının ən müasir standartlara uyğun olaraq yenidən qurulması işləri davam etdirilir. Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri həyata keçirilir.


Paytaxtda “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri daha intensiv şəkildə davam etdirilib. Belə ki, yol kənarı obyektlərin fasadı müasir tipli fasad örtüyü ilə üzlənib, küçə işıqları dirəkləri quraşdırılıb, yaşıllaşdırma işləri həyata keçirilib, müxtəlif növdə dekorativ ağaclar, kollar, güllər əkilmiş, rayonun müxtəlif ərazilərində idman növlərinin obrazlarını özündə əks etdirən fiqurlar quraşdırılıb. Bundan əlavə Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Xocəsən qəsəbəsi Sulutəpə yaşayış massivində yeni dayanacaq və taksilərin müvəqqəti dayanacağı üçün müasir tələblərə cavab verən  gözləmə ofisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Ümumiyyətlə, görülən işlər, həyata keçirilən tədbirlər, yaradılan infrastruktur layihələrinə nəzər yetirdikdə qətiyyətlə demək mümkündür ki, Binəqədi rayonu Birinci Avropa Oyunlarına tam hazırdır. Oyunlar ərəfəsində paytaxtımızın qonağı olacaq xarici turistlərin Binəqədi rayonundan xoş əhval-ruhiyyə ilə ayrılacağı şübhəsizdir.

Süleyman İsmayılbəyli





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az