“Bir ay dünyanın gündəliyini biz müəyyənləşdirəcəyik”

“Bir ay dünyanın gündəliyini biz müəyyənləşdirəcəyik”

Xəbər verildiyi kimi, mayın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. Bu əlamətdar hadisənin Azərbaycan üçün böyük əhəmiyyəti olacağı şübhəsizdir. Eyni zamanda, ölkəmizin belə mötəbər şuraya sədirlik etməsi bir sıra problemlərin daha qabarıq şəkildə dünyaya çatdırılması üçün geniş zəmin yaradacaq. 

Məsələ ilə bağlı «Unikal»a açıqlama verən millət vəkili Adil Əliyev bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədirlik etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Onun sözlərinə görə, cənab Prezidentin məqsədyönlü siyasəti Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə və qüdrətli dövlətə çevrilməyimizə hesablanıb. «Möhtərəm Prezidentimiz İlham Əliyevin indiyə qədər apardığı uzaqgörən siyasət nəticəsində bir çox sahələrdə ciddi uğurlar və naliyyətlər əldə etmişik. İndiyə qədər onlarla mötəbər təşkilatlar və qurumlarda Azərbaycanın artıq sarsılmaz mövqeyi var və istədiyini diqtə edə bilir. Bu mühüm və əhəmiyyətli addımların məntiqi nəticələrindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsidir».

Millət vəkili bildirir ki, ölkəmizin belə mötəbər quruma sədirlik etməsinin bir sıra üstünlükləri olacaq. O qeyd edir ki, ilk hədəf şübhəsiz Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin BMT səviyyəsində müzakirəyə çıxarmaqdır. «Qarabağ Azərbaycanın bir nömrəli problemidir. Bununla bağlı Azərbaycan hakimiyyəti illərlə davam edən sistemli siyasət yürüdür. Xarici dövlətlər və təşkilatların əksəriyyətinin torpaqlarımızın işğalı ilə bağlı mövqelərində yaranmış dəyişiklik də məhz aparılan siyasətin nəticəsidir. BMT isə dünyanın ən nüfuzlu təşkilatıdır və orada Qarabağ məsələsinin qaldırılması, Azərbaycanın haqlı mövqeyinin sərgilənməsi mühüm hadisə olacaq. Eyni zamanda, BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul edib. Azərbaycan tərəfi yəqin ki, bu qətnamələrin yenidən müzakirəyə çıxarıb, onların icra edilməsi üçün addımlar atacaq. Həm də bunun üçün əlverişli imkan yaranıb».

Adil Əliyev deyir ki, Azərbaycanın müstəqilliyinin 20-ci ilini qeyd elədiyi bir vaxtda sədrliyə seçilməsini mühüm bir hadisədir. O qeyd edir ki, 1 ay ərzində TŞ-a sədrlik edən dövlət həmin müddətdə ediləcək müzakirələrin gündəliyini müəyyənləşdirir. Bu baxımdan Azərbaycan qəbul ediləcək qərarların istiqamətləndirilməsi və onlara təsir göstərmək imkanına malik olacaq. Azərbaycanın balanslaşdırma siyasətinə toxunan millət vəkili bu siyasəti düzgün adlandırır: «Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasətin onun varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı xeyli problemlərdən xilas edib. Bu gün bütün dövlətlərlə normal işgüzar münasibətlərə malik olmağımız da bu uzaqgörən siyasətin məntiqi nəticəsidir».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az