“BİZİM ÜÇÜN ÖLKƏ İÇİNDƏ DÜŞMƏN YOXDUR, XƏBƏR VAR...”

“BİZİM ÜÇÜN ÖLKƏ İÇİNDƏ DÜŞMƏN YOXDUR, XƏBƏR VAR...”

Rauf Arifoğlu: “Son damla qana, sonuncu patrona qədər...” Media partizanları ölkədə demokratiyanı və özlərini xilas etdilər

“Yeni Müsavat” qəzetinin 23 yaşı tamam oldu. Bu münasibətlə başda dəyərli qələm əhli, gözəl insan, sədaqətli dost  Rauf Arifoğlun və bütün "Yeni Musavat" ailəsin təbrik edirik. “Yeni Müsavat” qəzetindəki həmkarlarımızın Rauf bəydən götürdükləri müsahibəni sizə təqdim edirik.

Romantizm getdi, acı gerçəkliklər gəldi


“Elçibəy iqtidarının çöküşü demokratiyanın sonunu gətirdi. Qəzetin, bütün milli-demokratik düşərgənin acı günləri başladı. Təhdid, təhlükə və senzura altında işləmək zorunda qaldıq. Redaksiyamıza dəfələrlə basqın oldu. Redaksiyada, qərargahda kimi tuturdularsa, avtobuslara doldurub birbaşa hərbi komissarlıqlara, oradan da heç düz-əməlli sənədləşdirmədən sərhəd bölgələrinə daşıyırdılar. Orada da əslində kimsəni qəbul etmirdilər; sahibsiz qalan partiyaçılar, qəzet əməkdaşları bir-iki gündən sonra yenidən Bakıya qayıdırdılar. Efirdən üstümüzə hər gün barmaq tuşlanırdı, ünvanımıza ”vətən xainləri", “araqarışdıranlar” söylənirdi. Milli hökumətdən çoxları ortada yox idi. İsa Qəmbər qalmışdı - istefada olan Ali Sovet sədri, bizim üçünsə “Yeni Müsavat” qəzetinin təsisçisi, Müsavat Partiyasının başqanı. Onu da həbs etdilər və durum daha da gərginləşdi. Həbsindən 3 gün öncə İsa bəylə söhbət etmişdik. “Nə olacaq” - deyə sormuşdum ondan. “Qəzetlər qalsa, saxlaya bilsək, demokratiya da qalacaq və enində-sonunda, yenidən iqtidar olacaq...” - deyə cavab verdi.


Bunu bir düstur kimi, kurs olaraq mənimsədim. Qəzetlər, qəzet qalmalı idi! Demokratiyanın ölkəmizdəki taleyi onlara bağlı qalmışdı. Ekstremal şəraitdə işləməyə alışqın idik. Üstəlik, Elçibəy iqtidarından bizə şəhərin mərkəzində yerləşən gözəl qərargah - redaksiya qalmışdı. Yəni kommunist rusların dövrünə baxanda vəziyyət bir az yaxşı idi. Lakin o zaman özümüzü vətəni işğal olunmuş, işğal bölgəsində qalmış vətəndaş necə hiss edə bilərdisə, o cür hiss edirdik".

Rauf Arifoğlu deyir ki, sovet dövründə apardıqları mübarizədə bir romantizm, yüksək ruhiyyə, böyük ümid vardı. Lakin 1993-cü ilin iyun qiyamından sonrakı mərhələdə bunların heç biri qalmamışdı: “Biz ümidsiz vuruşan, buna görə də itirməyə heç nəyi qalmayan, qarşı tərəfin də mərhəmətinə güvənməyən, bunun olmayacağını bilən partizanlar kimi idik. ”Son damla qana, sonuncu patrona qədər..." prinsipi ilə ayaqda qalmağa çalışırdıq. Bütün aşkar-gizli düşmənlər fəallaşmışdılar, diş qıcadırdılar; senzura idarəsindəkilər qudurmuşdular. Apardığımız səhifələri üstümüzə fırladır, onları saatlarla möhürləmirdilər, yazıları kəsib götürür, bizə min bir müsibət çəkdirirdilər. Beləcə, ilk ayı keçirdik. Dünya güclərinin müdaxiləsi və təzyiqi ilə İsa Qəmbər həbsdən çıxdı. Bundan sonra vəziyyət bir az dəyişdi. Üstəlik, Surət Hüseynovla Heydər Əliyevin münasibətlərinin ilk andan soyuq olması, onların bir-birinə olan etimadsızlığı demokratik düşərgənin xeyrinə idi. Bu fakt Surət Hüseynovun quldur dəstəsinin Bakıda əl-qolunun açılmasına, özünün bəyan etdiyi kimi, Azadlıq meydanında bizlər üçün dar ağacları qurulmasına imkan vermədi. Üsyançılar küçələrdən dövlət idarələrinə yığışdıqca öz aralarında iqtidar çəkişmələrinə başlamışdılar".

Senzura illəri və ondan sonra

“Yeni Müsavat”ın qurucusu və baş redaktoru deyir ki, düz beş il bu cür davam etdi. Kəskin senzura mühiti yaradıcılığın və qəzetlərin inkişafına böyük əngəl idi. Bu beş il ərzində Surət Hüseynovun və onun tərəfdarlarının dövlət strukturlarından təmizlənməsi də qəzetlərin vəziyyətini dəyişdirməmişdi:
“1998-ci ilin avqustunda prezident Heydər Əliyevin fərmanı ilə senzura aradan qaldırıldı. Tirajımız dərhal yüksəldi. Gündəlik iş rejiminə keçdik. Mən qəzetə rəhbərlik etməklə yanaşı hər gün məqalə də yazırdım. Yeni bir dövr başlamışdı - Azərbaycanın siyasi və media həyatında ”Yeni Müsavat" mərhələsinə start verirdik. Bir qəzetin gücü ilə siyasi mübarizədə nələrə nail olmağın mümkünlüyünə dair nümunələr yaradacaqdıq. Və yaratdıq".
Artıq 14 ildir həftədə 7 dəfə çıxan yeganə Azərbaycan qəzeti olan “Yeni Müsavat”ın baş redaktoru deyir ki, bütün uğurlara böyük zəhmət və ardıcıllıq sayəsində nail olublar: “Hər kəsin geri çəkildiyi yerdə biz irəli getmişik. Çox əziyyətlər çəkmişik. Lakin daha çox qürur yaşamışıq, sevinc duymuşuq. Artıq 23 ildir ki, dayanmadan, gecə-gündüz bilmədən işləyirəm. Allah imkan versə, hələ media fəaliyyətimi davam etdirmək istəyirəm. 46 yaşımın tən yarısı ”Yeni Müsavat"ındır. Bu faktdan da qürur duyuram".

“Bizi sevərək, ya da söyərək oxuyan hər kəsə şükran borcumuz var...”

Dəfələrlə həbs olunan, cərimələnən, 100-dən çox məhkəmə proseslərinə məruz qalan R.Arifoğlu deyir əvvəllər hər gün gözləyirmiş ki, yaxşı günlər nəhayətdə gələcək: “Sonra anladım ki, yaxşı günlər elə bu günlər imiş. Mübarizələrdə, savaşlarda, həbslərdə, yazı masası arxasında fərq edilmədən keçib gedən bir ömürdən daha yaxşısını, daha faydalısını, daha maraqlısını istəmək əlbəttə ki, naşükürlük olardı”.
Rauf Arifoğlu özünə və qəzetinə yönələn saysız-hesabsız ittihamları, təhdid və böhtanları da şükranlıqla qarşılayır: “Ciddi işlər görürük, irəlidəyik, daim diqqət mərkəzindəyik, o səbəbdən də bütün bunlar normaldır. Hər halda onu dəqiq bilirik ki, bizi sevənlərin, qiymətimizi bilənlərin sayı daha çoxdur. 23 illik tarixində "Yeni Müsavat" hər zaman təriflə, sevgi ilə yanaşı tənqid, təhdid və böhtanlara da məruz qalıb. Bunu dost bildiklərimiz də ediblər, bizi özlərinə düşmən sayanlar da. Onlara da yüksək təşəkkürlərim var. Bizsə heç nəyə baxmadan doğru bildiyimiz yolla gedirik və gedəcəyik. “Yeni Müsavat”ın kimsənin önündə hər hansı bir öhdəçiliyi yoxdur. Lakin onu sevərək, ya da söyərək oxuyan hər bir kəsə şükran borcu var".

“Ümummilli qəzet olmaq hədəfi - biz hazırıq!”

Baş redaktor deyir ki, onun hədəfi “Yeni Müsavat”ı gerçək bir milli KİV səviyyəsinə çatdırmaqdır: “İllərdir düşərgə, firqə qəzeti olmaqdan çıxmaq, ümummilli media quruluşu olmaq konsepsiyası üzərində işləyirik. Azərbaycanda olduqca çətin bir işdir. Buna nə iqtidar hazırdır, nə də müxalifət. Hər tərəfdən vuruluruq. Lakin bu, ölkə mediasının gələcəyinə lazım olan vacib bir işdir. Bu səbəbdən də onu davam etdirəcəyik. Bizi anlayan hər kəsdən bu məsələdə dəstək gözləyirik”.
Hazırda üzərində çoxsaylı məhkəmə prosesi olan, iri vəzifəli məmurlar tərəfindən cərimələnən “Yeni Müsavat” qəzetinin hələ başını qaldırıb gələcəyə baxması, plan qurması təəccüblü deyilmi? R.Arifoğlu deyir ki, qətiyyən təəccüblü gəlməməlidir: “Biz 23 il bu cür yaşayıb inkişaf etmişik. Bütün çətinlikləri keçici, bütün basqıları, zorluqları sınaq olaraq qəbul etmişik, gələcəyimizə inanmışıq. İndi də belədir”

Uğuru kimə borcluyuq?

“Yeni Müsavat”ın 23 ildir dəyişməyən baş redaktoru necə hesab edir: qəzetin başarısının neçə faizi Müsavat Partiyasının üzərinə düşür? R.Arifoğlunun cavabı belə oldu: “Qəzetimizin adı onun taleyidir. Biz bu qəzeti bu cür yaratmışıq. Müsavat başqanı 16 il - 1993-2009-cu illərdə həm də ”Yeni Müsavat"ın təsisçisi olub. Biz İsa Qəmbərlə birgə həm media sahəsinin, həm də siyasi düşərgənin ən yaxşı nümunələrini ortaya qoymuşuq. Müsavat adına qurduqlarımız siyasətdə də, mətbuatda da birinci olub. Bu, demokratik təfəkkürün uğurudur. Buradakı nisbəti dəqiq müəyyən etmək çətindir. Bilirsiniz ki, Müsavat adını daşıyan başqa media nümunələri də olub, indi də var... Lakin məsələ yalnız adda deyil, o ada necə yanaşmaqda və həmin ad altında xalqa nəyi necə təqdim etməkdədir".

“Ən böyük rəqibimiz musavat.com portalıdır”

Hazırda qəzetin ən böyük rəqibi olan musavat.com portalı haqda da sorduq baş redaktordan. Qəzet öz adını daşıyan saytla yarışır. Siz bu yarışda üstünlüyü kimə verirsiniz? Cavab olaraq dedi ki, musavat.com-un hazırkı tirajı “Yeni Müsavat”ın faktiki tirajından 9 dəfə yüksəkdir (85-90 min İP): “Lakin portala bu uğuru qazandıran ”Yeni Müsavat"ın yazıları, xəbərləri, onun zəhmətkeş və istedadlı əməkdaşlarıdır. Qəzetin informasiya dəstəyi olmasa, musavat.com bu cür yüksək göstəricilərə malik olmaz. Bu portal bizim gələcəyimizdir. Ancaq hər şeyimiz deyil. Qəzetlər hələ uzun illər insan həyatının ən mühüm amili olaraq qalacaq".
Daha bir soru sorduq: “Yeni Müsavat”ın daimi dostu-düşməni yoxdur. Dünən tənqid etdiyiniz, qəzetə hücum edən şəxs sabah hansısa bir açıqlaması, müsbət addımı, lap elə həbsi ilə sözün yaxşı mənasında qəzetin gündəmində otura bilər. Bu, qəzetçiliyin “qızıl qaydaları”ndandır?

“Düşmənimiz yoxdur, xəbər var...”

“Əlbəttə, bu, qızıl qaydadır. Xəbərə, insan amilinə, onun arxasında hansı soyadın durmasından asılı olmayaraq münasibətimiz dəyişməzdir. Bizim ölkə içində düşmənimiz yoxdur, xəbər var. Bir xəbərə, yazıya görə bizi özünə düşmən bilənlər var. Lakin bəzi tarixi nümunələrdə bu qəbildən olan bədxahlarımızı yaxşı mənada təəccübləndirə bilmişik”.
Müxbirin daha bir sualı:
“Rauf Arifoğlunu mətbuatda ən çox işləyən, axtarışlar edən redaktor kimi tanıyırlar. Hətta toyda, maşında, istirahətdə... əlində noutbukla yazı redaktə edən, manşet yazan....Maraqlıdır, özünüzü bu qəzetdən, ümumiyyətlə, qəzetçilikdən kənarda görürsünüz?”

“Sutkada 16-17 saat işləyirəm”

Cavab: “Qəzetçilik mənim həyat tərzimdir. Hər gün yatana qədər işləyirəm. Sutkada 16-17 saat. Belə yaşamağa alışmışam. Başqa cür bacarmıram. Bircə gün bu sistemdən kənarda qalanda, işsiz qalanda xəstələnirəm. Ruhi vəziyyətim də pozulur - özümü imtahana hazır olmayan tələbənin durumunda hiss edirəm (belə hissi tələbə olan hər kəs yaşayıb)”.
Baş redaktor deyir ki, son illər mətbuata axın səngiyib və bu fakt onu narahat edir. Ancaq hazırda qəzetdə çalışan gəncliklə qurur duyur: “Bəzən qəzetdəki gənclərin yaşını soruşuram. Məlum olanda ki əksəriyyəti "Yeni Müsavat"la yaşıddır, qəribə hisslər keçirirəm. Həm də qürur duyuram ki, millətin yeni nəsli üçün məktəb statusunda bir iş yeri yarada və onu qoruya bilmişik".

“Siyasətdən fasiləyə çıxacağam”

Baş redaktoru narahat edən bir məqam da var. Sonda onu söylədi: “Bir müddət siyasətdən məsafə vermişdim. Bu vəziyyətdə qəzeti yönəltmək və onun cəmiyyətdəki mövqelərini müdafiə etmək mənə rahat idi. Parlament seçkilərindən sonra yenidən siyasətin mərkəzinə qayıtdım. Əməlli-başlı diskomfort hiss edirəm. Mətbu və siyasi fəaliyyəti eyni anda uzlaşdırmaq Azərbaycan şərtlərində böyük problemdir. Bir sıra hallarda ciddi ziddiyyətlər ortaya çıxır. Bu səbəbdən çox güman ki, yaxın günlərdə bir seçim etmək zorunda qalacam. Yəqin ki, siyasi fəaliyyətə yenidən fasilə verəcəyəm. Üstəlik, əlimdə bir sıra media layihələri var. Rus dilində portalımız hazırdır və yaxın günlərdə fəaliyyətə bağlayacaq. İnternet TV qurmaq iddiamız var. musavat.com-u daha da böyütmək ehtiyacı gündəmdədir. Yəni siyasət hələlik mənsiz də gedər. Lakin ”Yeni Müsavat" qrupunun mənsiz inkişaf etməsi bir az çətin görünür..."
Rauf Arifoğlu və “Yeni Müsavat” qəzetinin kollektivi bu əlamətdar gün münasibətilə bütün oxucularını, Azərbaycanda demokratiyanın, söz azadlığının olmasını istəyən hər bir vətəndaşı təbrik edir.

"Musavat.com"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az