“Bu il inflyasiya artacaq”

“Bu il inflyasiya artacaq”

«Ötən il Azərbaycanda ümumidaxili məhsul istehsalı 2,2 faiz və ya 1,1 milyard manat artaraq 54 milyard manata çatıb. ÜDM-in 50 faizi sənaye istehsalının, 5,2 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarının, 9,2 faizi tikinti kompleksinin, 8,4 faizi ticarət və pullu xidmət sahəsinin, 5,5 faizi nəqliyyat sektorunun, 1,7 faizi rabitə sektorunun, 6,2 faizi məhsullara və idxala xalis verginin payına düşür». 

“Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri bu gün Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qeyri-neft sektorunda ümumdaxili məhsul istehsalı 9,7 faiz artıb, neft-qaz sektorunda isə 5 faiz azalıb: "Əslində neft sektorunda istehsalın azalması təbii ehtiyatların azalması ilə bağlı deyil. BP-nin Meksika körfəzindəki platformasında baş vermiş hadisədən sonra Azərbaycan rəhbərliyi şirkətə ölkədəki yataqlarda çalışan zaman təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tövsiyə edib ki, bu da hasilatın göstəricilərinə təsir edib".

Komitə sədri 2013-cü ildə Azərbaycanda inflyasiyanın 3-5 faiz səviyyəsində proqnozlaşdırıldığını da deyib. Onun sözlərinə görə, 2011-ci illə müqayisədə 2012-ci ildə istehlak qiymətləri və xidmət tarifləri 1,1 faiz bahalaşıb. O cümlədən ərzaq mallarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq malları 1 faiz, xidmət tarifləri 1,2 faiz bahalaşıb: "Dekabrda inflyasiya 0,7 faiz təşkil edib. Ərzaq malları 1,3 faiz bahalaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiymətləri isə dəyişməyib".

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az