Bu nəticəni növbəti mövsümdə də göstərməyə çalışmalıyıq

Bu nəticəni növbəti mövsümdə də göstərməyə çalışmalıyıq

“Qarabağ”  klubunun müdafiəçisi Maksim Medvedev ölkə kubokunun finalında “Neftçi” üzərində qazanılan qələbədən (3:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. Vətəninfo.az saytı həmin müsahibəni təqdim edir:

 
- Komandanız mövsümü “Qızıl dubl”la başa vurdu. Bununla bağlı nə deyə bilərsiniz?

- Həm çempionatdakı qızıl medalların, həm də kubokun öz yeri var. Çünki çempion olmaq, ardınca kuboka sahib çıxmaq çox çətindi. İnsan hər ikisini əldə edirsə, özünü xoşbəxt hesab edir. Komandanın belə sevincini görmək hər şeyə dəyər. Bu nəticəni növbəti mövsümdə də göstərməyə çalışmalıyıq.

 - Çempionluğu təmin etdikdən sonra kubokun final matçına köklənmək çətin olmadı?

- Əlbəttə, çətin idi. Çünki hər ikisini bir mövsümdə əldə etmək istəyirik. Bunu sonuncu dəfə “Neftçi” etmişdi. Bu dəfə “Qarabağ” hər iki cəbhədə bütün rəqiblərindən güclü oldu.

 - “Neftçi” gözləniləndən də zəif çıxış etdi. Bununla razılaşırsınızmı?

- Çempionatda heç nə əldə etmədiklərindən, oyuna köklənmək onlar üçün çətin idi. Qələbə niyyətləri hiss olunurdu, amma onlarda çox şey alınmırdı. Həm də, artıq biz erkən qol vurmuşduq.
 
- Həmin qol rəqibin “sınması”na kifayət etdimi?

- Oyunun sınma nöqtəsi Muaremin qolu oldu. Ondan sonra fərq yenidən 2 topa çatdı. Muarem fərqləndikdən sonra kuboka 95 faiz sahib olacağımızı düşünməyə başladıq.
 

- Yeri gəlmişkən, Muarem komandadan ayrıldı. Əsas heyət üzvü olduğundan onun gedişi boşluq yarada bilərmi?

- Onun seçiminə də hörmətlə yanaşmaq lazımdı. Gedirsə, yerinə gələn komandaya fayda verməlidi. Muaremin başqa komandada daha xoşbəxt olacağına, maliyyə baxımından daha faydalı müqavilə imzalayacağına inanıram. Gedişi də bununla bağlıdı.
 
- Finaldan dərhal sonra millinin düşərgəsinə yollanacaqsınız. Yorğunluq hiss edirsinizmi?

- Əlbəttə, yorğunluq hiss edirik. Doğurdan da oyunun tez başa çatması üçün meydanda gücümü qoydum. İndi yığmaya yollanırıq. Orada da ağır məşqlər keçirilir. Bizim üçün çətin olsa da, milliyə kömək etmək borcumuzdu. Məsuliyyətimiz də artacaq.

 - Norveçlə görüşə qədər Serbiya ilə yoldaşlıq matçı keçiriləcək. Bu rəqiblərin oyun dəsti-xəttində yaxınlıq varmı?

- Həm Serbiya, həm də Norveç hazırda eyni oyun üslubuna üstünlük verirlər. Serbiya ilə oynamağımız yaxşı seçimdi.

 - Malta üzərindəki qələbədən sonra ab-havanın düzəldiyini söyləmək olarmı?

- Malta ilə oyuna çıxanda dizlərimiz əsirdi. Fikirləşirdik ki, birdən uduzsaq, bizi asacaqlar. Sevindirici haldı ki, qələbə qazandıq. Artıq psixoloji baxımdan düzəliş var. Rəqibdən qorxmuruq. Rahat oyun nümayiş etdiririk. Yəqin ki, müdafiədən oynamayacağıq, çalışacağıq qol vuraq.

 - Norveç səfərindən sevindirici nəticəyə ümid etmək olar?

- Baş məşqçi hücum futbolu oynatsa, yaxşı nəticə qazana bilərik. Bu gün hansı komanda müdafiədən oynayırsa, qol buraxır. Ona görə də rəqibdən qorxmamalıyıq. Çünki bizdə də yaxşı oyunçular var.

 
- Robert Prosineçki çox dəyişiklik edib?

- Ab-havanı dəyişdi. Məşqlərdə heç kim özünü sıxmır, rahat oluruq. Bacarığımızı göstəririk. Kimin oynayacağına isə baş məşqçi qərar verirdi. Əvvəllər bəzən elə olurdu ki, oyundan qabaq futbolçular psixoloji baxımdan “sınırdı”. Hətta deyirdilər ki, kaş meydana çıxmayaydıq... Amma Prosineçki futbolçulara çox sərbəstlik verib və meydana çıxanda da rahat oluruq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az