Bunları Ceyhunun adından oxuyacaqsınız..

Bunları Ceyhunun adından oxuyacaqsınız..

Aynurə Asimqızı

Vətən uğrunda ölmək haqdır. Vətən üçün öldürmək də haqqdır. Amma Vətən borcunu yerinə yetirərkən öz qardaşın tərəfindən, özü də döyülərək öldürülmək, bax bu vəhşilikdir. 

Hazırda demək olar ki, hamı aqressivdir Ceyhunun ölümünə görə. Hamı istəyir kimsə hökmən ağır cəza alsın, hətda Ceyhunu bu vəziyyətə gətirənləri öldürməyi düşünənlər də var.  

Deyirəm bəlkə barbarlığa meyilli olmaqdansa insanlığa tərəf addımlayaq? Ceyhun artıq yoxdur. Bunu qəbul edək. Bunu qəbul edək və digər Ceyhunlarımıza sahib çıxıb, hörmətlə yanaşaq. 

Yazı ümumilikdə Ceyhun yox, Azərbaycan əsgəri barəsində olacaq. Amma bunları Ceyhunun adından oxuyacaqsınız.. 

Azərbaycan Respublikasının əsgəri Ceyhun Qubadovdan məktub: “Salam, mənim ölümümdə vicdana yenilən hər kəsə. Mən getdim.. Ağır da olsa, çətin də olsa mən artıq ölmüşəm. Haqq  dünyasındayam mən indi.. Üzüldüyüm tək məsələ canımı Vətən uğrunda şəhid etmədim.. 

Məni sındırdılar, məni qırdılar və sonda məni məhv elədilər.. Səbəbi isə insan olmağım idi..  

Mən və məni kimi Azərbaycan oğullarının ölümündən günahkar əslində hamınızsınız. Mən hərbi hissədə can verdim, amma onlarla məni kimi əsgər geyimində olan gənclər var ki, adicə küçədə ikrahlı baxışlarla “can verirlər”. İnsanlar onlara necə diksinərək baxır bir bilsəniz.. Sizləri gecə-gündüz qoruyan hərbi geyimli oğullara budurmu hörmətiniz? Əsgərə küçədə qorxaraq baxır insanlar. Niyə? Biz şərəfimizlə Vətən qoruyuruq. Əsgər hərbi rütbəcə ən aşağı rütbə olsa da ən məsuliyyətli işin öhdəsindən o gəlmirmi?!  

Maraqlıdır hansınız bir stəkan çay və su verdiniz bir əsgərə? Hansınız gülümsədiniz əsgər görən zaman? Hansınız onun gözlərində gülüşə səbəb oldunuz?

Mən niyə gecələr qorxaraq yatdım bu üç ayı? Mən niyə qovuşa bilmədim sevdiyim qıza? Mənim niyə xeyir iş xonçamı oynatmadı anam? Mən niyə ata olmadım? Cavabsız qalacaq suallarım çoxdur. Mən hamısını halal edirəm sizə, bir şərtlə.

Biz Vətəni düşməndən qoruyurduq, məyərsə bizim özümüzü-özümüzdən qorumaq lazımmış..

Çox şey istəmirəm sizdən, heç olmasa qardaş ölkənin öz əsgərinə verdiyi dəyərin az qismini verin əsgərlərimizə. 

Mən və mənə qədər olanları qoruya bilmədiniz, barı indən sonrakılara sahib çıxın!..

Məni Vətən üçün göndərən anam,

Arxamca su atıb gözləyən anam.

Hər canım yananda səni çağırdım,

Niyə harayıma gəlmədin anam?!

Niyə göz yaşımı silmədin anam?!

Məni əziyyətlə böyüdən anam,

Ana, qoymadılar sənə qayıdım.

Ömrünü şam kimi yandıran anam,

Ana, qoymadılar sənə qayıdım!...”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az