Klintonun səfəri ərəfəsində bu kimi hadisələrin baş verə biləcəyi gözlənilən idi. Bilirsiniz ki, Klintonun Qafqaz turnesi daha çox regionda mövcud olan münaqişələrə hesablanmışdır.
Bu sözləri “Vətəninfo.az”a Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, politoloq Ərəstun Baxşəliyev bildirib.
“Təsadüfi deyildir ki, onun Qafqaz ölkələrinin hər üçünə də səfəri gerçəkləşmək üzrədir. Doğrudur burada İran amili də mühmü yerdə durur. Belə ki, İranın Azərbaycana artan təzyiqləri son günlərdə daha mütəmadi hal almaq üzrədir. İran hər vəchlə çalışır ki, tərəflərarası münasibətlərdəki gərginliyi qoruyub saxlaya bilsin. Bunun səbəbi isə birmənalı olaraq aydındır. İran özü müharibəyə sürükləndikcə, o bu bölgədə, maraqları onunla üst-üstə düşən dövlətlə daha yaxın politika izləməyə çalışacaq idi. Bu Rusiya faktorudur. Nəzərə alsaq ki, son günlərdə Rusiyanın Qəbələ RLS-i ilə bağlı açıqlamalarındakı narazılıqlar da var, onda regiondakı vəziyyətin krtitik həddə çata biləcəyi də gözlənilə bilən idi. Bu amilin Qarabağ danışıqlarına təsirsiz ötüşməməsi şəksizdir. Sakitliyin hökm sürməsi ilə bərabər, mətbuatdan gələn təhdidlərin də ard-arasının kəsməməsi əslində vəziyyətin o qədər də qənaətbəxş olmadığını ortaya qoyur. Bunların timsalında isə təmas xəttində Ermənistan əsgərləri (Ermənistan sərhəddini rus qoşunları qoruyur) ilə Azərbaycan silahlı qüvvələri arasında olduqca gərgin anlar yaşanır”,-deyə politoloq qeyd edib.
Politoloq burada bir məqamı daha çox diqqət ayırmağa çağırıb: ”Bu insidentlərin bilavasitə Qarabağ bölgəsində deyil, məhz Azərbaycanla-Ermənistan sərhəddində baş verməsi, sözün həqiqi mənasında düşündürücüdür. Bütün bunlar Azərbaycan tərəfinə mesaj olaraq ünvanlanıb. NATO-nun məlum Çikaqo toplantısında Qarabağla bağlı məsələnin müzakirəsindən sonra Klintonun bölgəyə səfəri, təbii olaraq bölgədə ABŞ-ın fəallaşmasını istəməyən qüvvələri hərəkətə keçirmişdir. Vəziyyət həqiqətən də gərgindir. Müharibə təhlükəsi hər an var. Təsadüfi deyildir ki, son günlərdə Qərb mətbuatının və NATO rəsmilərinin açıqlamaları da Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını faktını ortaya qoyur. Hər gün baş verən itkilər isə vəziyyəti daha da kritik hal kimi gündəmdə saxlayır”.
Elnur Eltürk