“Bütün bunlardan Elm və Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri var idi...” – “Ölkədə universitet böhranı var”
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəfindən kütləvi şəkildə oxunulanda "Facebook” səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırmışdım. Bu çağırışımda digər səbəbləri - universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim”.
"AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev "Facebook” səhifəsində yazıb. Millət vəkili daha sonra qeyd edib ki, universitetdə əcnəbi tələbələrin təhsilinə nəzarət, demək olar ki, itirilmişdi. "Bütün bunlardan Elm və Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri var idi, lakin ölkə rəhbərlyinə dürüst informasiya verilmirdi”, - o vurğulayıb.
E.Əliyev hesab edir ki, dünyanın məşhur QS reytinqində universitetlərimizin acınacaqlı durumu ilə bağlı da ölkə rəhbərliyinə məlumat verilməlidr. "Ölkədə universitet böhranı var. Qalib xalqın bütün məmurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və çağırışlarına birmənalı olaraq əməl etməlidirlər. Qanunların icrası prosesi sürətlə həyata keçirilməli, bütün sahələrdə ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq geniş vüsət almalıdır”, - millət vəkili vurğulayıb.