Veteninfo.az xəbər verir ki, 28 dekabr 2012-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində tədbir keçirilib. Tədbirdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətləri, üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov tədbiri giriş sözü ilə açaraq azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni ilə iştirakçıları tanış edən Səfir E.Həsənov, müraciətdə də qeyd olunduğu kimi ilk dəfə bu günün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətinin bu gün də AR Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini söyləyib. Xarici ölkələrdəki, eyni zamanda Rumıniyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulamışdır. Azərbaycanın gündən-günə inkişaf etdiyini, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya maliyyə və iqtisadi böhranının nəticələrinin ölkəmizdə minimuma endirildiyini diqqətə çatdırmışdır. Azərbaycan dövlətinin EAM-ın həlli istiqamətində atdığı addımlar, keçirilən görüşlər barədə məlumat vermişdir. Səfir E.Həsənov Azərbaycan dövlətinin taleyüklü məsələlərinin həllində icma nümayəndələrimizi sıx birliyə və həmrəyliyə çağırıb.
Səfir E.Həsənov Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının il ərzində apardıqları fəaliyyətini yüksək qiymətləndirərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələri və xidmətləri olduğunu qeyd etmişdir. Görülən işlərin daha da intensivləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. 2012-ci ildə Rumıniya-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində Səfirlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barəsində ətraflı məlumat verib.
Elnur Eltürk