Ötən gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası Milli Mətbuat Günü ilə bağlı elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb.
Hər dəfə olduğu kimi bu dəfə də nəticələr qalmaqal yaradıb. APA İnformasiya Agentliyinin redaktoru Cavid Cabbaroğlunun “Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?” Başlıqlı yazısı müsabiqədə yer tutmayıb. C. Cabbaroğlu ötən müsabiqədə də KİVDF-nin müsabiqəsinin nəticələrindən narazı qalmışdı və bununla bağlı mətbuatda uzun müddət müzakirələr aparılmışdı. Hazırkı müsabiqənin nəticələri ilə bağlı o Facebookda öz fikirlərini paylaşıb. “Qafqazinfo” az C.Cabbaroğlunun paylaşdığı statusu yayımlayıb. “Vətəninfo.az”olaraq yayımlanan statusu bizdə sizə təqdim edirik.
“Bir dəfə Xalid Kazımlı yazmışdı ki, “KİVDF-nin rayon icra hakimiyyətləri ilə birgə keçirdiyi müsabiqələrdə başlıqları sifariş edirlər, belə getsə, imzaları da sifariş edəcəklər”. Xalid bəy icazə versəydi, fikrinə düzəliş edərdim - KİVDF-nin hətta özünün keçirdiyi müsabiqələrdə də başlıqlar sifariş olunur. Bunun anormal olduğunu bir dəfə Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun nəzərinə çatdırmışdım. Bu müsabiqələrdə iki dəfə iştirak etməyin verdiyi təcrübəyə əsasən əminliklə deyə bilərəm - KİVDF nəinki başlıqları, hətta imzaları da sifariş edir. Ekspertlərin yazıları oxuması isə formal xarakter daşıyır.
İctimai müqaviməti zəiflətmək üçün çox yaxşı üsul tapıblar - hər dəfə “Azadlıq” və “Yeni Müsavat”ın hərəsindən bir əməkdaşı qalib elan edirlər ki, maxinasiyalarından yazan olmasın, heç kim soruşmasın ki, niyə Vüqar Səfərova məxsus iki qəzet - “Mövqe” və “Futbol+Qol” hər dəfə dövlətin mətbuata ayırdığı ən yüksək məbləği (50 min manat) almalıdır? Necə olur ki, dünənədək krossvord qəzeti olan “Mövqe” qəzeti Vüqar Səfərov KİVDF-nin sədri olduqdan sonra ölkənin aparıcı mətbu orqanları ilə bir sırada “dayanmağa” başladı? Niyə hər müsabiqədə bu qəzetlərin əməkdaşları qalib elan olunmalıdır? Bu adamlara kim ixtiyar verib ki, dövlətin və prezidentin mətbuata ayırdığı külli miqdarda vəsaiti dədələrinin pulları kimi xərcləyirlər? Vüqar Səfərov getdikcə Azərbaycan mətbuatının Qəddafisinə, Bəşər Əsədinə çevrilməkdədir...”.
Cavid Cabbaroğlunun müsabiqəyə təqdim etdiyi yazını oxumaq üçün bura daxil olun
Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?