Deputatdan "Mostbet" və digər qanunsuz mərc oyunları ilə bağlı açıqlama: "Tədbirlər görülməlidir..."
"Mostbet” adlı provayderin qanunsuz reklamları, mərc oyunları... Təəssüf ki, "Tik Tok” və digər sosial şəbəkələrin adı son zamanlar qanunla qadağan olunmuş oyunlarla tez-tez gündəmə gəlir. "Mostbet" kimi qanunsuz qumar oyunlarının yayılması, onların zərərləri barədə vətəndaşlara çağırışlar edilsə də, artan şikayətlər, pulları geri ala bilməmələri halları deməyə əsas verir ki, edilən çağırışlar müsbət nəticə verməyib.
Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, belə halların baş verməsi xoşagələn deyil.
""Tik Tok” kimi şəbəkələrdən, imkanlardan başqa məqsədlər üçün istifadə edə, daha faydalı işlər görə bilərik. Təəssüf ki, əksər insanlar sosial şəbəkələrdən tamam başqa məqsədlərlə istifadə edirlər. Daxili İşlər Nazirliyi və digər aidiyyatı strukturlar məsələyə baxırlar. Lakin qanunsuz qumar oyunları və bu kimi hallarla mübarizə üçün təkcə hansısa müəssisələrdə deyil, sosial şəbəkələrdə də cərəyan edən proseslər izlənilməli, tədbirlər görülməlidir. Aldadılan insanlar belə qanunsuz əməl törədənlərə inanmamalı, diqqətli olmalıdırlar. Aldadılma halları olduğu təqdirdə vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına müraciət etsinlər ki, ciddi addımlar atılsın, qanunsuz halların qarşısı qətiyyətlə alınsın. Hər zaman müxtəlif fürsətlərdən istifadə edərək insanları aldadan müəyyən kəsim olub, bu gün də var. Hər kəsin diqqətli olmasına ehtiyac var”, - deputat bildirib.
Qeyd: Tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə bildirib ki, mərc oyunlarında bəxtini sınayır, amma "Mostbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir.
Xatırlatma: Bu, "qara bazar”ın təmsilçisi "Mostbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil. Bir müddət əvvəl Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında deyib ki, "Mostbet”dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.