Əsabil Qasımov 5 iri müəssisəyə sahiblik edir.
2010-cu ilin noyabrında keçirilən parlament seçkiləri zamanı deputat seçilənlər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müxtəlif iri biznes strukturlarına rəhbərlik edən millət vəkilləri də kifayət qədərdir. İctimaiyyət biznesmen-deputatların hansı şirkəti təmsil etdiyini bilsə də, onların rəhbərlik etdikləri müəssisələrin konkret hansı fəaliyyət sahəsi ilə məşğul olduqlarından xəbərsizdir.
Oxucu marağını nəzərə alaraq, biznesmen-deputatların sahiblik etdiyi şirkətlərin fəaliyyət istiqamətləri haqda müfəssəl məlumatlar verməyi qərara aldıq. İlk olaraq, 79 saylı İmişli seçki dairəsini parlamentdə təmsil edən Millət vəkili Əsabil Qasımovun sahiblik etdiyi nəhəng “Karat Holdinq”dən bəhs edəcəyik.
Azərbaycan Sovet hakimiyyətinin yıxılması və kapitalizmə keçid dövründə yaranan ilk müəssisələrdən olan “Karat Holdinq” bu gün ölkənin qida bazarında əhəmiyyətli paya sahibdir və şirkətin istehsal etdiyi məhsullar arasında xeyli sayda brend mallar var.
Şirkətin rəhbərliyi “Həyat Recens” otelinin sonuncu mərtəbəsində qərarlaşsa da, istehsal və satış fəaliyyəti Bakı-Şamaxı yolunun Hökməli qəsəbəsinə yaxın ərazidə yerləşən zavodunda həyata keçirilir. Şirkətə Millət vəkili Əsabil Qasımov sahiblik etsə də, cari məsələlərə, qurumun idarə olunmasına cavabdeh şəxs onun qərb təhsilli oğlu Taleh Qasımovdur.
Bu arada onu da deyək ki, Əsabil Qasımovun rəhbərlik etdiyi müəssisələr sırasında “Karat Holdinq”lə yanaşı, rəsmi olaraq digər adlarla fəaliyyət göstərən şirkətlər var.
İndi isə həmin müəssisələr, onların fəaliyyət istiqamət, bazardakı yeri, payı və rəqibləri haqqında oxuculara məlumat verək,
Una olan təlabatın 80 faizini “Karmen” unları ödəyir.
Yəqin ki, “Karmen” unların adını eşitməyən yoxdur. Təsadüfi deyil ki, bu unlar Azərbaycan bazarında olduqca əhəmiyyətli paya malikdir və Əsabil Qasımovun biznes imperatorluğunun qurulmasında müstəsna rolu var. Un bazarına nəzər saldıqda açıq söyləmək olar ki, bu gün Azərbaycanda bir sıra şirkət bu sahədə fəaliyyət göstərir ki,onların hamısı rəqabətdə birmənalı şəkildə “Karmen”ə uduzur. “Fatoğlu” , “Omon”, “Mehriban” unları bu bazarda tanınmasına baxmayaraq, satış göstəricilərində “Karmen” dən xeyli geri qalırlar. Nəzərə alanda ki, Azərbaycanda əhalinin una olan təlabatı 350 milyon manata yaxındır. Bu hal-hazırda bazarın 80 faizinə nəzarət edən “Karmen”in satış göstəriciləri də fantastik sayıla bilər.
“Karmen” makaronları – hərbiçilərin daddığı təam
Qeyd edək ki, “Karat Holdinq” “Karmen” unları ilə yanaşı eyni adda makaron istehsalı ilə də məşğuldur. “Karmen” unlarından fərqli olaraq makaronları bazarda şəriksiz lider olmasa da, ilk yerlərdən birini tutur. əslinə baxanda makaron bazarı iki yere bölünür – bahalı məhsullar, ucuz məhsullar. Bahalı məhsullar arasında, ümumiyyətlə liderlik “Veysəloğlu” şirkətinə (“Ankara” və “Piyalə” makaronları) məxsus olsa da. Ucuz məhsullar sırasında üstünlük “Avrora” şirkətinin istehsal etdiyi “Doymak”, “Avromak”, “Bismak” şirkətinin istehsal etdiyi “Bismak” və “Karat Holdinq”in istehsal etdiyi “Karmen” makaronlarına aiddir. “Karmen”makaronlarınındigər üstünlüyü isə qeyd olunan qidadan əsgərlərin istifadə etməsi ilə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin tenderini udan “Karmen” makaronları məhsulun daha çox istehlak edildiyini hərbiçilər arasında yayılan yeganə makaron məhsuludur.
“Dimes” meyvə şirələri – Əsabil Qasımovun daha bir iri müəssisəsi
Millət vəkili Əsabil Qasımovun rəhbərlik etdiyi müəssisələr arasında “Dimes-Qafqaz”şirkəti adı ilə fəaliyyət göstərənvə məhsulların satışı “Ramse” şirkəti tərəfindən həyata keçirən “Dimes” meyvə şirələri zavodu da var. Rəqabətdə yalnız “Gilan holdinq” in istehsal etdiyi “Jalə” meyvə şirələrinə təslim olan, “Coca Cola”nın istehsal etdiyi “Copy” meyvə şirələri ilə bərabərlik bölüşən “Dimes”də paytaxtda və regionlarımızda əməlli-başlı satış göstəricilərinə sahibdir.
“Göradil” yumurtaları – imperiyanın tərkib hissəsi
Yumurta bazarında liderlik “Giləzi”yumurtalarına məxsus olsa da, ikincilik heç şübhəsiz “Göradil”ə aiddir və bu istehsal müəssisəsinə də Əsabil Qaımov rəhbərlik edir. Hazırda paytaxtdakı əksər dükanlarda satışa çıxarılan “Göradil” yumurtalarının alıcıları arasında istehsal müəssisələri, sexləri daha çox üstünlük təşkil edir ki, bu da məhsulun qiymətinin “Giləzi”yə nisbətən ucuz olması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, “Göradil” yumurtalarından da əldə olunan gəlir az deyil və kifayət qədər ciddi məbləğ sayıla bilər.
Şəhərin mərkəzi hissəsində yüksək mərtəbəli bina tikilməsi
Onu da bildirək ki, yeni tikililərin inşası bir çox sahibkarların ciddi şəkildə varlanmasına, öz kaptalını əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Elə bunun nəticəsidir ki, uzun illərdir biznes sferasında olan şəxslərin əksəriyyəti bu işə qol qoydular. Təbii ki, baş verənlər iri kapital sahibi və sahibkar Əsabil Qasımovun da diqqətindən yayınmadı və o, öz növbəsində yüksək mərtəbəli bina inşasına girişdi. Hazırda şəhərin mərkəzi hissəsində hündür mərtəbəli binalar inşa etdirən sahibkar millət vəkili bu sahədən də böyük gəlir götürməyə başlayıb.
Sonda onu da qeyd edək ki, Əsabil Qasımovun bəzi bəlli olan biznes strukturları haqqında məlumat verdik. İstənilən halda sahibkarlar bir az sirli olur və bütün işlərini ictimai rəyə çıxarmağı sevmirlər. Bu baxımdan onu digər biznes layihələri olduğunu da istisna etmək olmaz.
Redaksiyadan : “Bu məqaləni gündəlik nəşr olunan “İrəvanpres” qəzetində istinadən yayımlayırıq.
Adı məqalədə hallanan millət vəkili Əsabil Qasımovunda mövqeyini dərc etməyə hazırıq