“Deutsche Welle” ifadə və mətbuat azadlığı prinsiplərini kobud şəkildə pozub”
Azərbaycan Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Deutsche Welle” (DW)
tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən veriliş
hazırlamasına münasibət bildirib.
Vətəninfo.az-ın "Report”a istinadla xəbərinə görə, H.Hacıyev
deyib ki, Almaniya Federativ Respublikasının "Deutsche Welle” (DW)
ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə
getmiş "Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı veriliş
qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar
xarakter daşıyır. Onun sözlərinə görə, "DW”in öz çəkiliş qrupunu
qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının
pozulmasıdır: "Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz
və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə
yaradılmış qondarma rejimin "hərbi və mülki nümayəndələri”nin yalan
fikirlərinə yer ayrılır. Lakin, verilişdə münaqişənin bilavasitə qurbanı
olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri
barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş
Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri,
Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində
yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək,
münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və
məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası
daşıyır.
"DW” əsas məqsəd və məramlarından birinin dünya
mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə
də, bu veriliş vasitəsilə "DW” dini və etnik zəmində nifaqın
gərginləşməsinə xidmət edir.
Münaqişənin əsl mahiyyətini təhrif
edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, "DW”
eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da
hörmətsizlik nümayiş etdirir”.
H.Hacıyev bildirib ki, bu cür
yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə
pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir: "Ciddi
narazılıq doğuran məqam ictimai yayım şirkəti olan "DW”nin eləcə də
Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi məsələ
ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət
edəcək. Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT
Minsk Qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi
mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və
efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən
lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”.