Düşmənin "atom bombası", Mingəçevir SES hədəsinə- Ekspertdən tutarlı cavab

Düşmənin
"Azərbaycan düşmənin bütün hücumlarını dəf etməyə qadirdir, bu hədə reallaşarsa, Ermənistan tapdaq altında qalar...” 

Son vaxtlar erməni hərbçiləri yenidən Mingəçevir Su Elektrik Stansiyasını (SES) hədəf götürərək Azərbaycanı hədələməyə başlayıblar. Hətta düşmən tərəf sosial şəbəkələrdə Mingəçevir SES-in Google EARTS proqramı vasitəsilə çəkilmiş fotoşəkillərini "Hədəfimiz Mingəçevir su anbarıdır” müşayiətedici sözləri ilə yayırlar. 

Son belə hədə ilə separatçı rejimin qondarma müdafiə naziri Levan Mnatsakanyan çıxış edib. Maraqlıdır ki, Ermənistan hakimiyyəti və ordusu ötən əsrin 90-cı illərində olduğu kimi, mülki əhalini qorxu altında saxlamaq strategiyasının artıq köhnəldiyinin fərqində deyillər. Odur ki, internet üzərindən "qəhrəmanlıq” nümunələri göz deşir.  

Hərbi ekspert Ü.Cəfərov isə deyir ki, ilk növbədə qondarma qurumun qondarma nazirinə Azərbaycan Müdafiə Nazirliyi səviyyəsində cavab verilməməlidir: "Həmin qondarma qurumun havadarı, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistandır. Bu gün Azərbaycan onların cavabını layiqli şəkildə verməyə hazırdır. Ermənistan bu hədələrlə uzaq gedə biməz”.

Ekspertin sözlərinə görə, belə hədələr reallığa çevriləcəksə, Ermənistan çox pis duruma düşəcək: "İlk növbədə Azərbaycanın hava hücumundan müdafiə qoşunları var və istənilən vaxt düşmənin hücumunun qarşısını almağa kifayət qədər resursa malikdir. SSRİ dövründə Bakı hava hücumundan müdafiə dairəsi olub. Həmin dairənin komandanı Tofiq Ağahüseynov olub. Bunu da unutmasınlar. Ona görə də belə boş, cəfəng iddialardan narahat olmağa dəyməz. Azərbaycan düşmənin bütün hücumlarını dəf etməyə qadirdir”. 

Hərbi ekspert əmindir ki, düşmən çoxlu əsassız, yalan bəyanatlar verməklə yaranmış panik durumdan çıxmağa çalışır: "Ermənilərin keçmiş baş naziri Baqratyan deyir ki, bizim atom bombamız var, Mnatsakanyan deyir ki, Bakını varacağıq, dağıdacağıq, Mingəçeviri vuracağıq. Bunlar unutmamalıdırlar ki, atom elektrik stansiyaları var. Azərbaycan heç vaxt onların səviyyəsinə enib həmin stansiya ilə bağlı heç bir bəyanat verməyib. Bunlarda ağılsızlıq o dərəcədədir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini də partlatmaqla hədələyirlər. Bu bədbəxtlər anlamır ki, həmin neft kəməri təkcə Azərbaycanın maraqlarına xidmət etmir, Avropanın yarısını enerjidaşıyıcıları ilə təmin edir. Sənin ilk belə hücumun Türkiyəni adekvat addımlar atmağa, BTC-dən bəhrələnən həmin Avropanı sənin üzərinə gəlməyə məcbur edəcək. Ağıllarını itiriblər və buna görə də gözlərini açıb acı reallıqlara baxıb nəticə çıxarmaq əvəzinə, çərənləyirlər”. 

Ü.Cəfərov Qarabağ probleminin birdəfəlik həlli zamanının yetişdiyini deyir: "Savaş hələ bitməyib. Bizim təcrübəli kadrlarımız rəhbər vəzifələrdə istifadə olunmalıdırlar. Bu gün bizim bütün fəaliyyətimiz torpaqlarımızı tez bir zamanda düşməndən təmizləyib işğaldan azad etmək istiqamətində olmalıdır. Bu savaşı biz etməliyik ki, gələcək nəsillər işğaldan azad edilmiş Qarabağlı Azərbaycanda yaşasınlar, düşmənin çərənləmələrini, səfehləmələrini eşitməsinlər”.

Qeyd edək ki, Mingəçevir SES Cənubi Qafqazda ən böyük su elektrik stansiyası sayılır və Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. 1957-ci ildə Varvara SES işə düşdükdən sonra ikisi birlikdə "Mingəçevir SES silsiləsi” adlanır. Mingəçevir su anbarı 1953-1959-cu illərdə doldurulub, su tutumu 16070 milyon kub metrdir. Dəryaçanın uzunluğu 70 kilometr, eni 13-18 kilometrdir. Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaradıb, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırıb. /musavat.com/

"Mingəçevir SES silsiləsi”ndə 165 işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovatlıq paylayıcı yarımstansiyalar daxildir. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvadrat saatdır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 metr) bənddir. O işlənən materialların həcminə görə həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az