Düşmənin ÖLDÜRMƏK istədyi UŞAĞIN atası YAZDI: "Bu camaatı cana yığmayın"

Düşmənin ÖLDÜRMƏK istədyi UŞAĞIN atası YAZDI:

"Yazsan demaqoq, sussan qorxaq deyirlər"

Tək Allah şahitdir ki, qız uşaqlarını nə qədər çox sevirəm. Bəlkə də buna görə Allah mənə iki qız uşağı pay verdi, razıyam Allahdan. Həm payına görə, həm də dünənki məlum hadisədə onları qoruduğuna görə...

Düşmən Zəhra balamızı qətlə yetirən gündən AzTv-nin cəbhə xətti üzrə əməkdaşı kimi Teymur Zahidoğlu ilə Füzuli rayonuna ezam edildik. Doqquz gün qaldıq, hər gün həm ailədə olduq,  həm də hələ uşaq qoxusu üzərindən getməyən Zəhranın məzarı üstə. Hər dəfə çəkliş edəndə kameranın arxasından baxıb Zəhranın atasının üzündəki kədəri görəndə əllərim əsirdi. Xeyli müddət özümə gələ bilmədim. Zaman zaman unuduldu yaddan çıxdı, necə ki, indi hamılıqla unutmuşuq, sadəcə ildönümündə yada salıb Allah rəhmət eləsin deyirik. Dünən düşmənin açdığı atəş qızlarımdan şükür ki, yan keçdi...Gecəni səhərə kimi gözümü qırpmadan düşünmüşəm, bu gün qızımdan yan keçən güllə sabah digər baladan yan keçməyə bilər...

Bütün bu düşüncələr beynimin ətini diddi. Düşmənin bir neçə addımlığında işsizliklə zülümlə uşaq böyüt, onu da düşmənin gülləsinə qurban elə, bunun adı nədi? Niyə yaşayırıq kim üçün yaşayırıq. Gəlib maraqlandılar, güc sturuqturlarımız çox sağ olsunlar. Amma çarəsizdilər, tapşırıqları isə uşaqları çölə bayıra buraxmayın oldu. Nə etsin uçaq, bu yaz günündə Azəriqazın həvəslə kəsdiyi qazsız soyuq divar arasında ev dustağı olsun? O, dəlmə deşik darvazadan gündə bir neçə dəfə çıxmağa məhkumuq axı. Hadisədən bir gün öncə həmən güllə dəyən darvazanın ağzında Azəriqaz-ın işçisi 60 manat borca görə bir üsyan etdi ki, elə bil erməni ilə yox bununla düşmənik. Çıraxlı kəndi hər zaman bu bəla ilə üz- üzədi. Amma hansısa bir işi tələb edəndə bir cavab alırsan. Çıraqlı xəritədə yoxdu, yoxdu bəs məni niyə güllə qarşısında ətdən çəpər etmisən? Bəs niyə işığa, qaza,s uya pul alırsan? Məsafəcə erməni ilə daha yaxındı kəndin arası, nəinki sənin isti otağın. Bələdiyyə pul ödənməlidi torpaq üçün, ödə ək. Hansı torpaq qanım bahasına əkdiyim torpaq. 1999 cu ildə Aslanov Qənbər kişinin düşmən snayperi ilə şəhid olduğu torpaq? Əkmək üçün o qədər yerlər varikən, bu camaatı cana yığmayın. Yazılacaq o qədər dərd var ki....
Yazsan demaqoq, sussan qorxaq deyirlər. Sülh istəyən Azərbaycan, mən sülh istəmirəm..

Bu sözləri dünən Çıraqlı kəndində övladına güllə atılan Fəxri Məmmədov deyib. 

Xatırladaq ki F.Məmmədov bir neçə televiziyanın Qarabağ bölgəsi üzrə operatoru olub. Onun sonuncu iş yeri dövlət televiziyası idi. Hazırda işsizdir. 



Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az