Neft dünyanı qorxuya salır
Dünya Bankının neft qiymətlərinə dair son proqnozlarında göstərilir ki, bu ildə "qara qızılın” orta qiyməti bir barel üçün 57,8 dollar təşkil edəcək. Neftin son 5 həftə ərzində
ucuzlaşması fonunda ilin IV rübü üçün qiymətlərdə artım olmayacağı
proqnozları real görünür.
Ötən ilin sonlarında bir sıra beynəlxalq enerji agetnliklərinin və maliyyə institutlarının bu il üçün verdikləri proqnozlarda
neftin pessimist ssenarisində qiyməti 52-53 dollar təşkil edirdi, real göstərici 55 dollar ətrafında,
pozitiv isə 57-58 dollar olacağı düşünülürdü. Göründüyü kimi, Dünya
Bankı hələki pozitiv ssenaridən çıxış edir.

Neftin düşən qiyməti. 15 iyun-18 iyul aralığı
Bəs
Azərbaycan neftin bu qiymətləri çərçivəsində 2015-ci ili necə başa vuracaq, bunun
ölkə iqtisadiyyatı üçün hansı fəsadları ola bilər? Ümumiyyətlə, neftin
enişi Azərbaycan iqtisadiyyatına nə dərəcədə təsir göstərəcək, bu, ciddi
təşviş yarada bilərmi?
İyul ayında dünya bazarında "Brent" tipli xam neftin bir barreli 56,54
dollara, "Urals" neftinin bir barreli 55,84 dollara, BTC FOB Ceyhan
tipli xam neftin bir barreli isə 57,60 dollara satılıb.

Neftin qiymət cədvəli
Bu qiyməti əsas götürsək, onda Azərbaycan neftinin orta ixrac qiyməti
2014-cü illə müqayisədə 42% ucuzlaşacaq. Təbii ki, bu amil ölkənin
gəlirlərinə birbaşa və dolayısı ilə təsir edəcək. Neft və neft
məhsulları ölkənin ixracatının təqribən 90%-ni təşkil edir. Bu isə o
deməkdir ki, Azərbaycanın valyuta gəlirlərinın ilin sonuna qədər orta
hesabla yarıbayarı azalma ehtimalı var, çünki hasilatda da obyektiv
səbəblər üzündən müəyyən qədər enmə müşahidə olunur.
Statistikaya görə, ölkəmizdə neft hasilatı
SOCAR-a bir barel üçün təqribən 15-16 dollara başa gəlir. Sadəcə, xərcləri
düzgün təşkil etmək lazımdır. Onsuz da bizdə neft hasilatı enir. Odur
ki, yeni hasilat üçün ölkəmizdə müvafiq investisyalara ehtiyac var.
Lakin neft hasilatının real vəziyyəti üçün dünya bazar qiymətləri
təhlükə törətmir. Sadəcə, manatın neftə bağlılığı amilindən yaxa
qutarmaq lazımdır. Bunun üçün isə qeyri-neft sektorunun inkişaf
etdirilməsi vaxt aparacaq. Ölkəmizdə "qara qızıldan” qiymətli gəlir
sahələri var.

Neft və dollar
Bu gün neft hasilatı ilə məşğul olan ölkələrdə yeni dövr başlayır. Dünya
Bankının və digər maliyyə institutlarının hesabatları onu göstərir ki,
yaxın 5 və daha çox dövr üçün neft qiymətlərinin artımı elə də yüksək
olmayacaq. Məsələn, 2020-ci ildə ancaq 72 dollar səviyyəsinə çatması
güman edilir. Ancaq həmin qiymət 2010-cu il qiyməti ilə müqayisə
edildikdə alıcılıq qabiliyyətinə görə reallıqda 62,7 dollar olacaq.
Bu il Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat
vəsaitin köçürülməsi proqnozlaşdırılıb. Neft Fondunun rəsmi məlumatına
görə, ilin I yarısında büdcəyə 3 milyard 561,6 milyon manat vəsait
köçürülüb. Yəni proqnoz göstəricilərinin 34,2% qədəri. Bu onu göstərir
ki, hökumət Neft Fondundan xərcləmələrə ehtiyatla yanaşmağa başlayıb və
dünya bazarında neftin qiymətlərinə müvafiq olaraq bu xərcləməri
tənzimləməyə çalışır.
Bir faktı da nəzərə almaq lazımdır ki, bu ilin dövlət büdcəsinin və Neft
Fondunun gəlirləri Azərbaycanın ixrac neftinin orta qiyməti 90 dollar
civarında nəzərdə tutulub. Bu isə o deməkdir ki, həm dövlət büdcəsinə
neft şirkətlərinin xətti ilə ödənilən vergilərin miqdarı kəskin
azalacaq, kəm də Neft Fonduna daxilolmalar iki dəfə azalacaq. Nəticədə
kəsirlərin bağlanması məsələsi gündəmə gəlir. Dövlət büdcəsində bunu
Neft Fondu vəsaitləri hesabına ödəmək mümükündürsə, Neft Fondunun
daxilolmalarının 95%-ni neft gəlirləri təşkil edir və neftin aşağı
qiymətlərində Fondun aktivlərinin ildən ilə azalması qaçılmazdır.

ARDNF-ın dövlət büdcəsinə köçürmələri
Cədvəldə göründüyü kimi, indiyə qədər
Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə köçürmələr 59 mlrd. manatı ötüb. Bu ilin altı
ayı ərzində isə bu göstərici 3 mlrd. 802,1 mln. manat təşkil edib. Neft
Fondundan dövlət büdcəsinə köçürmələrin həcmi iki il əvvəl 11,35 mlrd.
manat olmuşdusa, 2014-cü ildə bu göstərici 9,337 mlrd. manata qədər
azalmışdı. Neft Fondunun cari il üçün təsdiq edilmiş büdcəsinə görə,
büdcəyə transferlərin həcmi 10,388 mlrd. manat səviyyəsində
müəyyənləşdirilib.
Tanınmış iqtisadçı Oqtay Haqverdiyev deyib ki, ilin əvvəlindən ilk dəfə
neftin qiymətində rekord ucuzlaşma qeydə alınıb. Neftin bir barreli 50
dollardan aşağı düşüb. Bu da İranla Avropa İttifaqı arasında
münasibətlərin yaxşılaşmasından irəli gəlir. Eləcə də, İranın dünya neft
bazarında öz yerini tutacağı barədə nikbin bəyanatlarından sonra
müşahidə olunur.
İranla münasibətlər zəminində neftin qiyməti ilə bağlı proqnozlara gəlincə,
O.Haqverdiyev diqqətə çatdırıb ki, hazırda İran neft hasilatını
artırmayıb. Amma buna baxmayaraq neftin qiyməti aşağı düşür. Qiymətin
aşağı düşməsi onunla əlaqəli deyil. Məlum sanksiyalarla bağlı İranın
konservasiya olunmuş neft yataqlarını işə salmaq üçün ən azından iki-üç
il vaxt, həmçinin 200 milyard məbləğində vəsait lazımdır. İran tez bir
zamanda hasilatı 1 milyon barrelə qədər artıra bilməz. Eyni zamanda bu
uzun bir prosesdir. Ümumiyyətlə isə, Çin və Hindistanın iqtisadiyyatında
geriləmə qeydə alınıb. Belə olan halda neftə olan tələbat azalır.
Onun sözlərinə görə, bu gün neftin Azərbaycan üçün qırmızı xətti 40
dollardır. Neftin 40 dollara qədər aşağı düşməsi Azərbaycan üçün heç bir
qorxusu yoxdur.

İranın neft sənayesi
Bir sözlə, indi neftin qiymətinin ucuzlaşması prosesinin davam etməsi
böyük neft hasilatçısı olan şirkətləri ciddi zərərə salır. Dünya neft
bazarların əsas söz sahibi olan ABŞ-da çıxarılan şist neftinin özü ilin
əvvəlindən bəridir zərərlə başa gəlir. Çıxarılanın maya dəyəri
ödənilmir, üstəlik əlavə investisiyalar həyata keçirmək mümkün deyil.
Neftin qiymətinin 50 dollardan aşağı düşməsi heç də iqtisadi amillərlə
bağlı deyil. Əsas narahatlıq doğuran məqam isə ondan ibarətdir ki,
qiymət 40 dollara və bundan da aşağı düşsə vəziyyət heç də yaxşı
olmayacaq. Neftin qiymətinin ucuzlaşmasının hazırda psixoloji həddi 50
dollardan aşağı hesab olunursa, 40 dollar və ondan aşağı düşərsə, təbii
ki, bu, təhlükəli hal yaradacaq.

ABŞ-da çıxarılan şist neft ərazisi