“Bizim aramızda ögeylik yoxdu”
Respublikanın xalq artisti, görkəmli sənətkarımız Eldəniz Zeynalovun çoxlarının bilmədiyi bir ailə sirrinin izinə düşüb Vətəninfo.az olaraq araşdırmaya başladıq. Sən demə, Eldəniz müəllimin iki ailəsi olub. Birinci ailəsindən Aybəniz adında qızı da var. Öyrəndik ki, Aybəniz Zeynalova İngiltərədə yaşayır və orada özəl institutda xarici dildən dərs deyir, pedaqoq kimi fəqliyyət göstərir.
Qeyd edək ki, Aybəniz xanım 7 xarici dil bilir. Çətinliklə də olsa İngiltərə ilə əlaqə saxladıq. Vətəninfo.az saytından olduğumuzu bilən Aybəniz xanım sevindi və ürəyini bizə boşaltdı: “Mən fəxr edirəm ki, Eldəniz Zeynalovun qızıyam. Bəli, atam Eldəniz bəy, anam Firəngiz xanımla ailə həyatı qurub və mən dünyaya gəlmişəm. İkinci dəfə atam Rəhimə xanımla ailə həyatı quranda bu barədə heç kimə məlumat verməmişdi. Rəhimə xanım toydan sonra xəbər tutanda ki, mən varam bunu sevinclə qarşıladı. O da mənim bir qızımdı deyərək mehriban münasibətlərimiz davam elədi. Hətta analarımız yaxın rəfiqə idi. Mənim Gülbəniz adlı bacım, Elbrus və Məmməd adlı qardaşlarım var. Bunlar Rəhimə anamın dünyaya gətirdiyi və tərbiyə etdiyi övladlardır. Ata bir, ana ayrı olsaq da, çox gözəl münasibətlərimiz var. Bunun üçün atama, anama, Rəhimə anama və bacı-qardaşlarıma minnətdaram. Xaricdə yaşamağıma baxmayaraq qəlbim həmişə Azərbaycanla döyünür. Hər gün saytlardan Azərbaycanda baş verən prosesləri izləyirəm. Bəzən insanlar doğmalarına biganə olur. Bizim ailədə bu hiss heç zaman olmayıb və ola da bilməz”.
Hər bir qələm sahibi çalışmalıdır ki, həqiqəti yazsın. Həqiqəti təsdiq etmək üçün Eldəniz Zeynalovun digər qızı Gülbaniz xanımla əlaqə saxladıq. Onun dedikləri: “Bəli, mənim Aybəniz adında bacım var, xaricdə yaşayır, onunla fəxr edirəm. Hətta o mənim atamın dəfnində də iştirak edib. Analarımızın dostluğu bu gün övladlar tərəfindən davam edir”.
Nə deyək, heç bir qaranlıq mətləb qaranlıq olaraq qalmamalıdır. Ona görə də bu qaranlıq məqama obyektiv şəkildə aydınlıq gətirdik.
Araz Hacıyev
Vətəninfo.az