Elmar Məmmədyarov istefaya göndərilir
Hakimiyyətdə, xüsusilə Prezident Administrasiyasında xarici
işlər naziri Elmar Məmmədyarovdan narazılıq böyüməkdədir. Ölkə
prezidenti İlham Əliyevin yüksək etimadı sayəsində 2004-cü ilin
aprelindən nazir olan E. Məmmədyarov şübhəsiz ki, indi diplomat
karyerasının ən ağır günlərini yaşayır. Peşəkar diplomat diplomlu nazir
son iki olayla rəhbərlik etdiyi XİN-ə faktiki nəzarəti itirmiş
təəssüratı yaradır”.
Bu haqda məlumatı
"Yeni Müsavat” qəzeti yayıb. Son vaxtlar XİN-də baş verən olaylara,
diplomatlarla bağlı problemlərə diqqət çəkən qəzet bildirir ki, dövlət
büdcəsindən XİN-ə ayrılan pulların ödənilməsində də gecikmələr yaranıb.
Hətta bu səbəbdən XİN-ə bağlı bir sıra qurumların internet səhifələrinin
də maliyyələşdirilməsi müşkülə çevrilib. Nəticədə ötən həftəsonu
Azərbaycanın xaricdəki bir çox səfirliklərinin internet səhifələri
fəaliyyətini dayandırıb.
Qəzet yazır:
"Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunan müşavirədə çox sərt danışıb, XİN-in
fəaliyyətini tənqid edib. Prezident bildirib ki, Azərbaycanın xarici
siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil.
Gələn
xəbərlərə görə, E.Məmmədyarovun istefaya göndərilməsi məsələsi çox
ciddidir və artıq onu əvəzləyəcək əsas namizəd üzərində də müzakirələr
gedir. Sadəcə, onun istefaya göndərilməsini ləngidən səbəb Qarabağla
bağlı danışıqlardır. Çünki 12 ildir ki, E.Məmmədyarov bu danışıqlarda
iştirak edir və müzakirə edilən ən xırda detalları belə bilir. Hazırda
Qarabağ cəbhəsində vəziyyət gərgindir və bu gərginliyin Azərbaycandakı
noyabr seçkilərinə doğru daha da artacağı gözlənilir. Üstəlik, vəziyyət o
yerə gəlib ki, müharibə ehtimalı artıb. Bu səbəbdən də E.Məmmədyarovun
mümkün istefası noyabr seçkilərindən sonraya proqnozlaşdırılır”.
Qaynar.info