Elnur Əşrəfoğluna qurban getdi-Böyük oyun

Elnur Əşrəfoğluna qurban getdi-Böyük oyun

Topaz Premyer Liqasının V turunda "Neftçi" - "Xəzər Lənkəran" oyunu baş tutacaq. Azarkeşlərin "Böyük oyun" adı verdiyi qarşılaşma sentyabrın 13-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək


Məlum olduğu kimi AFFA "Neftçi" - "Xəzər Lənkəran" oyunlarında qonaq azarkeşlərin stadiona girişinə qadağa qoyub.

Buna səbəb ötən mövsüm Lənkəranda baş tutan "Böyük oyun"dakı dava-dalaşdı. Qadağanın bu mövsüm ləğv olunacağı gözlənilsə də, AFFA İntizam Komitəsi fərqli qərar verərək qonaq azakeşlərin stadiona buraxılması qadağasını davam etdirdi.

"Xəzər Lənkəran" ölkənin ən böyük azarkeş kütləsinə sahib olan komandasıdı. AFFA-nın qadağasından sonra bu azarkeşlərin yeganə ümid yeri televiziya idi. Onlar sevimli komandalarının əzəli rəqiblə oyununu televiziya ekranından izləməklə təsəlli tapacaqdılar. Amma...

"İdman Azərbaycan" fanatları bu imkandan da məhrum etdi. Belə ki, kanal "Böyük oyun"u yayımlamamaq qərarına gəlib. O kanal ki, ildə dövlət büdcəsindən ona 9 milyon manat vəsait ayırır. Ölkə rəhbərliyi bunu idmanın inkişafı üçün edir. Amma "İdman Azərbaycan" kanalının direktoru Elsəfər Dünyamalıyev ya üzərinə düşən məsuliyyəti dərk etmir, ya da ölkə rəhbərliyinin qərarlarını saymır. Dünyanın heç bir ölkəsində derbi oyunu, turun mərkəzi qarşılaşması canlı yayımdan kənarda qalmır. Amma futbolumuzun sürətlə inkişafını, peşəkarlaşdığını deyənlər bir oyunu da canlı yayımlaya bilmir və ya buna gücü çatmır.

"İdman Azərbaycan"ın "Böyük oyun"u canlı yayımdan kənarda saxlamasının səbəbi də bəllidi. Çünki Elnur Əşrəfoğlu hazırda "Neftçi"də prezidentin müşaviri vəzifəsini tutur. Vaxtı ilə Az.TV-dən qovulan şərhçi bundan sonra həm dövlət kanalının, həm də "İdman Azərbaycan"ın rəhbərliyini ittiham etmişdi, onlarla düşmənçilik etməyə başlamışdı. Bu səbəbdən də kanal rəhbərliyi ilə Elnur Əşrəfoğlu arasında ciddi problemlər yaranmışdı. İndi isə onun qisasını "Neftçi"dən aylırlar.

Ötən yazıların birində qeyd etmişdik ki, Elnur Əşrəfoğlunun "fəaliyyəti" "Neftçi"nin imicinə zərbədən başqa bir şey deyil. Bu gün baş verənlər bunu bir daha sübut edir. Sadıq Sadıqov onu kluba Tahir Süleymanovun gördüyü işləri görmək, klubun imicini qorumaq üçün gətirib. Amma Elnur Əşrəfoğlunun adı belə böyük tarixə sahib klubun gözdən düşməsi üçün yetərlidi.(piasport.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az