Elşad Abdullayevin yaydığı videoda Arzu Kazımovun təqsirsizliyi üzə çıxdı
Xəbər verildiyi kimi, Elşad Abdullayev Arzu Kazımov, Mahir Abdullayevin qayınatası, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) baş direktoru olmuş "Şöhrət" ordenli əməkdar jurnalist Şamil Şahməmmədovun iştirakı ilə yeni bir video görüntü yayıb. E.Abdullayev yaydığı videoda düşünüb ki, Arzu Kazımovun Mahir Abdullayevlə bağlı apardığı proseslərdə günahkar olaraq göstərsin. Amma deyəsən istəyinə nail ola bilməyib. Əksinə, bu video açıq şəkildə Arzu Kazımovun təqsirsiz olduğunu açıq-aşkar ortaya çıxardı. Yəni, Arzu Kazımov əsassız şəkildə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra iş ədalət keşikçilərinin vicdanına qalıb. Fransada oturub əsassız videolar yayaraq Azərbaycanda qarma-qarışıqlıq yaradacağını düşünən Elşad Abdullayevin boş iddaları ilə həbs olunan bir insan, özü də səhhətində kifayət qədər problemlər olan Arzu kazımov azadlığa buraxılmalıdır.
Elşad Abdullayev yayılan video görüntüdə özü açıq şəkildə etiraf edir ki, Arzu Kazımovdan o özü xahiş edib ki, Mahirin axtarılıb tapılmasında onlara kömək etsin.
Mahirin qayınatası ilə Arzu Kazımov arasında keçən dialoqda da bu bir daha özünü təsdiqləyir.
Elşad Abdullayev: Şamil müəllim, Arzu müəllim bizim qardaşımızdı və mən ondan bu məsələdə kömək etməsini istəmişəm. Sağ olsun, o da bizə bir qardaş olaraq kömək edir.
Şamil Şahməmmədov: Siz neçə müddətdi mənə deyirsiniz ki,Mahir bu gün gələcək, sabah gələcək. Elşad sən demədin ki, Arzu deyir bir-iki günə qayıdacaq? Arzu müəllim isə elə danışır ki, bu məsələlərdən xəbərsizdi.
Arzu Kazımov: Şamil müəllim, mən elə bir söz deməmişəm. Zahid Dünyamalıyev Elşada deyib. Mən kiməm ki, hüquq-mühafizə orqanlarında işləmirəm, hər hansı bir vəzifəm yoxdu.
Şamil Şahməmmədov: Onda siz bu məsələdə nə rol alırsınız? (Mahirin qaytarılması məsələsində gedən prosesi nəzərdə tutur)
Arzu Kazımov: Mən Elşad müəllimin istəyi və xahişinə görə sizə kömək etmək istədim.
Elşad Abdullayev: Şamil müəllim, Arzu müəllim düz deyir. Mən nə bilirəmsə, o da onu bilir. Onun nə günahı var? Siz narahat olmayın, Zahid Dünyamalıyev dedi ki, bir-iki günə Mahir sağ-salamat gəlib çıxacaq.
Şamil Şahməmmədov: Belədisə, o zaman mən prezidentin qəbuluna düşüm, ondan xahiş edim ki, bu məsələdə mənə kömək eləsin. Ramil Usubova tapşırsın tez bir zamanda bu məsələ öz həllini tapsın.
Arzu Kazımov: Buyurun edin. Bu gözəl bir addım olar.
Şamil Şahməmmədov: Onda siz burda nəyə lazımsınız? Mənə deyirsiniz, get müraciət elə?
Arzu Kazımov: Siz dediniz, mən də sizə dəstək verdim. Mən bir daha deyirəm, burda ona görə varam ki, Elşadla haqqı-salamım var.
Şamil Şahməmmədov (şantaja keçir): Mən sizin kim olduğunuzu, nə işlər gördüyünüzü bilirəm. Qocalıb deyə, hesab edirsiniz mən çox şeyi bilmirəm?
Arzu Kazımov: Mənim haqqımda nə bilirsiniz ki, şükür Allaha heç kəsin qarşısında gözüm kölgəli deyil. Bu günə kimi də Allah özü gözəl bilir ki, hamıya yaxşılıq eləmişəm. Siz dediniz ki, belkə prezidentə müraciət edim, mən də bu günə qədər əldə etdiyiniz titulları diqqətə alaraq, sizin müraciət etmənizin işin gedişatına mühüm təsir edə biləcəyini diqqətə alaraq, gedin dedim. Sizin məsələni başqa yerə yozmanızı başa düşmək olmur. Mən nə bu işin içindəyəm, nə də alış-verişinizdən xəbərim var. Mən sadəcə olaraq bir daha deyirəm, Elşadın xatirinə, Elşadın xahişi ilə sizə kömək etmək istədim, bu qədər.
Video görüntülərdən də göründüyü kimi, Elşad Abdullayev Mahirin qayınatası Şamil Şahməmmədovla birlikdə Arzu Kazımova qarşı açıq şəkildə bir kompromat qurmağa qalxıb. Amma aparılan çəkilişdən də görmək olur ki, Elşad Abdullayev "Arzu bizim canımızdı, çörək kəsmişik, onun da mənim xahişimlə burda olması bizim işə kömək edəcək" deməsinə baxmayaraq, kəsdiyi çörəyə tüpürərək, Arzu Kazımovu oyununa alət etməyə çalışır. Amma Arzu Kazımov Mahir Abdullayevin qaytarılması məsələsində açıq şəkildə hər hansı bir rolunun olmadığını gözəl bildiyi üçün səmimi olaraq danışır.
Ona görə, bu videonu izləyən hüquqşünaslar, Arzu Kazımovun vəkilləri, sabiq millət vəkilini 3 aylıq azadlıqdan məhrum edənlər izləməli və tez bir zamanda şər və böhtanla xəstə bir adamı cəzalandırdıqlarının fərqinə vararaq onu azadlığa buraxmalıdırlar.
Vətəninfo.az informasiya mərkəzi