Tanınmış politoloq İlqar Məmmədov facebook sosial şəbəkəsində politoloq Emin Millinin öz bloqunda Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəylə bağlı yazdığı qalmaqallı yazısına münasibət bildirib. Veteninfo.az həmin fikirləri təqdim edir:
”Eşitdim Facebook-da Elçibəy fırtınası açılıb, dedim bir anlığa məzuniyyətdən qayıdım. Özünə təvəzökarlıqdan çox-çox uzaq bir ləqəb götürmüş gəncin, Emin Millinin Elçibəyin 1975-ci il məktubunu təftiş etməyə SIFIR dərəcədə haqqı çatır. "Elçibəy-1975" adlı Facebook məhkəməsi Qalileo üzərində qurulan bir məhkəməyə bənzəyir və burada Emin ayıb mövqedən çıxış edir. Keçən dəfə o İsa Qəmbərin üstünə yürüyəndə də ona demişdim ki, haqqın çatmayan mövqedən ona-buna söz atmaqla şöhrət iştahını doydurmasın. Elçibəy ziddiyətli, lakin böyük fiqur olub. 1975-dəki məktubu o yazıbsa da, yazmayıbsa da, ona görə Elçibəyi qınamağa heç birimizin haqqı çatmır. Elçibəyi 1993-də qətiyyət göstərmədiyinə görə tənqid etmək olar, yəni bəlkə də olmaz - həqiqəti heç vaxt bilməyəcəyik. Miqyaslı əməllərindən yalnız onu əminliklə qınamışam ki, Heydər Əliyev aranı sakitləşdirəndən sonra Elçibəyin 1998-də Bakıya qayıdaraq qoyubgetdiyi Ali Baş Komandan vəzifəsinə yenidən iddia irəli sürməsi yersiz idi. Amma bunu duyğulu tərzdə deməyə haqqı çatan adamlar sırasında Emin adlı gənc yoxdur. Bunu, həmin tarixi yaxından yaşamış insanlar edə bilər, hansı ki, Elçibəyə bu tənqidi şəxsən deyiblər (mən onunla söhbət etmək şərəfinə nail olanda bu iradı ona bildirmişəm). Başqaları bu tarixi yalnız araşdıra bilər və hansısa subyektiv nəticələr çıxara bilər. Gənclər, Azərbaycanda sizdən, bizdən əvvəllər də tarix olub. Təmiz kağızdan milləti yazmaq olmaz. İnkarçılıqla, keçmiş nəsillərə hörmətsizliklə, sənə cavab verə biləcək və ya bilməyəcək ziddiyətli, lakin böyük tarixi şəxsiyyətləri aşağılamaqla şan-şöhrət axtarışı yalnız həyatda yolunuzu azdıracaq”.
Vətəninfo.az