Ermənilər şəhid əsgərimizin fotosunu yaydı (FOTO)

Ermənilər şəhid əsgərimizin fotosunu yaydı (FOTO)
Müdafiə Nazirliyi: "Erməni tərəfi yenidən Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir"

Ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin meyitinin fotolarının yayılması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən Miq.az-a  verilən məlumatda bildirilir ki, erməni tərəfi əvvəlcə meyitin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

"Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq, bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə, Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir. Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az